“Biz heç kimə ümid etməməliyik“ Siyasət

“Biz heç kimə ümid etməməliyik“

"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən cinayətkar Bako Saakyanın ATƏT-in Minsk qrupunun üç həmsədr (Fransa, ABŞ, Rusiya) dövlətinə qanunsuz səfəri indiyədək dediklərimi bir daha təsdiqlədi. Əvvəllər də demişəm ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan bu üç dövlətin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq yox, bu problemin ermənilərin xeyrinə həllinə nail olmağa çalışmaqdır". Bunu millət vəkili Elman Məmmədov deyib.
Deputatın sözlərinə görə, onlar bütün ciddi-cəhdlə 20 ildən çox müddət ərzində Azərbaycanı məcbur, təhrik ediblər ki, ölkəmiz ermənilərin xeyrinə nəyləsə razılaşsın: "Ancaq buna nail ola bilməyiblər. Mən hər zaman demişəm və bu gün də təkrar edirəm ki, bu danışıqlar prosesində qüvvələr, tərəflər nisbəti dördün birədir. Yəni bir Azərbaycan, digərləri isə işğalçı dövlətlə, həmsədr dövlətlərdir. Bako Saakyanın üç həmsədr ölkəyə səfəri dediklərimi təsdiq edir. Yəni bu adam Ermənistan vətəndaşı deyil, bu şəxs Azərbaycan vətəndaşıdır. Yəni o Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda yaşayan bir Azərbaycan vətəndaşıdır. Saakyan cibində olan Ermənistanın diplomatik pasportu ilə dünyanı gəzir. Yəni bunu həmsədr dövlətlər nə cür qəbul edirlər? Axı Bako Saakyan hərbi canidir. O Xocalı soyqırımında, bütün torpaqlarımızın işğal edilməsində iştirak edən hərbi canidir. Bununla bağlı Azərbaycan hüquq-mühafizə orqanlarında kifayət qədər məlumat var. Biz güclü olmalıyıq, heç kimə ümid etməməliyik və heç kimə arxayın olmamalıyıq".