Ermənilər nə baş verdiyini anlayıblar Siyasət

Ermənilər nə baş verdiyini anlayıblar

Ermənistanda yaxın perspektivdə daxili siyasi mühitin radikallaşma ehtimalı çoxdur

Ermənistan səbirsizliklə növbədənkənar parlament seçkisini gözləyirdi. Doğrusu, ekspertlər də bu hadisəyə böyük əhəmiyyət verirdilər. Onlar N.Paşinyanın Ermənistanın siyasi səhnəsində etdiyi dəyişiklikləri konkret faktlarda görmək arzusunda idilər. Ümidlər özünü doğrultmadı. Seçkidə qalib gələn erməni "inqilab rəhbəri"nin qazandığı nəticəni "Pirr qələbəsi" kimi qiymətləndirirlər. Hesab edilir ki, bütövlükdə seçki baş tutmayıb. Bir sıra saxtakarlıqlar müşahidə edilib. Ən əsası isə seçicilər fəal olmayıblar.
"Newtimes" araşdırmasında yazır ki, onların yarıdan çoxu səsvermədə iştirak etməyib. Bundan başqa, parlamentdə ölkənin bütün siyasi qüvvələri təmsil olunmayıblar. Bununla da Ermənistan parlamentinin legitimliyi daha da aşağı düşüb. Digər tərəfdən, parlamentdə Paşinyan-Sarukyan ittifaqının da ömrünün nə qədər olacağı məlum deyil. N.Paşinyan Qərbə, Q.Sarukyan isə Rusiyaya meyillidir. "Mehriban düşmənlər"in bir yerdə işləməsinin sonunun yaxşı olmayacağı haqqında proqnozlar verilir. Bunlardan başqa, xarici güclərin də ölkədəki vəziyyətə qarışması ehtimalı artıb. Əhali arasında nüfuzu aşağı olan N.Paşinyan hökumətinin bunun qarşısında tab gətirə biləcəyi az ehtimal edilir. İndi daha çox sual edirlər: bu iqtidarı nə zaman devirəcəklər? Biz ümumi geosiyasi səviyyədə Ermənistanda təşkil edilmiş seçki şousunun bir sıra məqamları üzərində geniş dayanmağa ehtiyac görürük.
Dekabrın 9-da keçirilmiş parlament seçkisinin Ermənistanın siyasi həyatına necə təsir edəcəyi qeyri-müəyyəndir. Verilən proqnozlarda əsasən N.Paşinyanın qalib gələcəyi göstərilirdi. Ancaq bu "qələbə" siyasi reallığı deyil, şəxsi maraqları antidemokratik üsulla təmin etmək hərisliyini ifadə edir. Alınan sonuclardan bu, aydın görünür.
Öncə deyək ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası seçicilərin sayını şişirdib. 2 milyon seçici əvəzinə 2 milyon 500 min seçici siyahıya salınıb. Bu, N.Paşinyanın öncədən real seçkidə qalib gələ bilməyəcəyinə olan inamı ilə bağlıdır. Deməli, söhbət seçkidən deyil, seçki şousundan gedə bilər.
Digər fakt odur ki, səsvermədə seçicilərin 48,63 faizi iştirak edib. Bu, öncəki seçkidə iştirak edənlərin sayından 12,23 faiz azdır. Vətəndaşın fəallığı niyə azalıb? Məntiqə görə, söhbət Ermənistanın həyatı üçün ciddi əhəmiyyəti olan bir seçkidən gedir. Meydanlardan gəlmiş bir siyasətçini xalq aktiv müdafiə etməli idi. Əslində isə insanlar laqeydlik nümayiş etdirdilər. Bəs bunun səbəbi nədir?
Başqa bir fakt ondan ibarətdir ki, parlamentə N.Paşinyan ("Mənim addımım" bloku), Q.Sarukyan ("Çiçəklənən Ermənistan" partiyası) və E.Marukyan ("İşıqlı Ermənistan" partiyası) düşə biliblər. "Respublika" partiyası isə 5 faizlik baryeri keçə bilməyib. Parlamentdə bu üç qrupdan başqa kimsə yoxdur. Onlar arasında qüvvələr nisbəti aşağıdakı kimidir – 70,43 faiz N.Paşinyan tərəfdarları, 8,27 faiz – Q.Sarukyan komandası və 6,37 faiz – liberal, qərbyönümlü E.Marukyan tərəfdarları. Onu deyək ki, bu qruplar arasında seçkidən 1-2 ay öncə razılaşma olmuşdu. Yəni faktiki olaraq 2 ay əvvəl onlar parlamentdə yerləri bölmüşdülər. Bu da seçkinin formal olduğunu təsdiq edən faktlardandır.
Yuxarıda təsvir edilən real mənzərə parlament seçkisinin Ermənistanda uğursuz olduğunu və heç bir problemi həll edə bilməyəcəyini təsdiq edir. Hər şeydən öncə, erməni seçicisi göstərdi ki, N.Paşinyana dəstək vermir. Deməli, əslində, "məxməri inqilab" deyilən hadisə kənardan sırınmış və təxribat xarakterli prosesdir. İnsanları meydanlara daxili tələbat deyil, xarici sifarişlə formalaşdırılmış sosial şəbəkələrdə aparılan təbliğat kampaniyası toplayıb.
N.Paşinyan həmin dalğa üzərində hakimiyyətə gəldikdən qısa müddət sonra insanlar nə baş verdiyini anlayıblar. Görünür, onlara Rusiyanın verdiyi reaksiya da təsir edib. Bunların nəticəsi seçicinin siyasi olaraq marginallaşması olub ki, bunun da əlaməti nümayiş etdirilən laqeydlik oldu. Yəni sadə erməni artıq siyasi səhnədə aparılan oyunları real vəziyyətə uyğun hesab etmir. Eyni zamanda, seçici siyasi qrupların ölkənin problemlərini həll edəcəyinə inanmır.
Bu vəziyyət adətən iki sonuc verir. Birincisi, əhalinin əsas kütləsi siyasi hakimiyyətdə təmsil olunmayan qruplara meyl edir ki, bu da radikalizmə aparır. Çünki əksəriyyətin dəstəyini ala bilməyən iqtidar mövqeyini saxlamaq üçün zor tətbiq etməyə məcburdur. Bu halda Ermənistanda yaxın perspektivdə daxili siyasi mühitin radikallaşma ehtimalının çox olduğunu proqnozlaşdıra bilərik.
İkincisi, birinci şərt ödənilməsə, əhali xilaskarı kənarda axtarmalıdır. Yəni yerli siyasi qüvvələrə inamı olmayan insanlar havadardan dəstək gözləməyə meyilli olacaq. Bu isə o deməkdir ki, ikinci variantda Ermənistan ABŞ-la Rusiyanın daha kəskin savaş meydanına çevrilə bilər. Xüsusilə Rusiya tərəfindən vəziyyətə sərt müdaxilə oluna bilər. Ukrayna təcrübəsi göstərir ki, bu, formasına görə siyasi hakimiyyətin devrilməsi anlamına gələ bilər. Mümkündür ki, yaxın zamanlarda hakimiyyətin legitim olmadığını ifadə edən siyasi hərəkat başlasın. Onun tərkibində S.Sarkisyan, R.Koçaryan, L.T.-Petrosyan kimi isimlər də ola bilər. Rusiya özünə yaxın olan Q.Sarukyandan da istifadə edə bilər. Bu halda proseslərin parlamentdə gərginləşməsi ehtimalı istisna deyil.