“Super güclər Bakının üzərində təsadüfən dayanmayıblar” Siyasət

“Super güclər Bakının üzərində təsadüfən dayanmayıblar”

Aydın Quliyev: "Bakı Avrasiyanın Helsinkisinə çevrilmək üçün çox böyük göstəricilərə malikdir"

Azər Badamov: "Azərbaycan hər zaman qlobal miqyasda sülh və əminamanlığın tərəfdarı kimi çıxış edir"

Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçirilib. Xartrıladaq ki, Bakıda Rusiya və ABŞ, eyni zamanda Rusiya-NATO generallarının Bakıda keçirilməsi ənənə halını alıb.
"Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekseprt Aydın Quliyev deyib ki, ABŞ və Rusiya ali hərbi dairələrinin Qlobal və Avropa təhlükəsizliyi məsələlərinin müzakirəsi üçün Bakını seçmələri böyük tarixi hadisədir: "Super güclər Bakının üzərində təsadüfən dayanmayıblar. Onların bu qərarı Azərbaycanın dünya gücləri arasında balanslı diplomatiya aparmaqda böyük səriştə sahibi olduğunun bariz ifadəsidir". O bildirib ki, hər iki super güc Azərbaycana və Prezident İlham Əliyevə sonadək güvəndiklərini göstərdilər: "Bu hadisə Azərbaycanın illər boyu apardığı balanslı diplomatiyanın, Azərbaycan Prezidentinin dövlət başçısı və insan kimi malik olduğu yüksək keyfiyyətlərin məntiqi nəticəsidir: "1975-ci ildə Avropanın təhlükəsizlik sistemi və perspektivləri Avropanın özündə müzakirə olunduğu halda bu gün Avropanın təhlükəsizlik məsələsi Bakıda müzakirə edilir. Bakı Avrasiyanın Helsinkisinə çevrilmək üçün çox böyük göstəricilərə malikdir".
Bakıda 2017-ci ildən bu günədək dörd dəfə belə müzakirələrin keçirildiyini xatırladan ekspert söyləyib ki, görüşlərin nəticələrinə baxdıqda əslində Bakıda Avrasiyanın yeni təhlükəsizlik sisteminin yaradılması üzərində iş getdiyinin şahidi olarıq: "Bu mütərəqqi prosesdə Azərbaycan Prezidentinin böyük xidmətləri var. Bakıda bu proseslər Avropa təhlükəsizlik sistemində və konsepsiyasında mühüm islahatlara ehtiyac olduğu bir vaxtda gedir. Müəyyən hallarda ABŞ-la Avropanın münasibətlərində baş verən dəyişiklikləri nəzərə almaq lazımdır".
A.Quliyev qeyd edib ki, Azərbaycan Avrasiya təhlükəsizliyinin mühüm elementinə çevrilib: "Bu istiqamətdə verilən töhfələrə görə Azərbaycanı üstələyə bilən ikinci ölkə yoxdur. ABŞ-la Rusiya arasında belə pozulmaz balanslı diplomatiya aparmaq hər ölkənin imkanlarında deyil. Burada diplomatik ənənə, etibarlı tərəfdaş imici, öhdəliklərə sədaqət, sülh işi üçün məsuliyyət və əlbəttə dövlət başçısının istedadı həlledici rol oynayır. Bakıda əldə olunmuş və ya aparılmış ABŞ - Rusiya müzakirələrinin real nəticələri özünü mütləq göstərəcək".
Millət vəkili Azər Badamov bildirib ki, NATO generalı ilə Rusiya Baş Qərargah rəisinin Bakını görüş məkanı kimi seçməsində böyük məna var: "Bu onu göstərir ki, Azərabycan təhlükəsiz və inkişaf edən ölkə kimi dünya tərəfindən dəyərləndirilir".
Onun sözlərinə görə, həm də rəsmi Bakı hər zaman qlobal miqyasda sülh və əminamanlığın tərəfdarı kimi çıxış edir, multikultural və tolerant məkan kimi tanınıb: "Keçirilən Humanitar Forumlarla Bakı dünyanı narahat edən məsələləri müzakirə edilən beynəlxalq məkan statusu qazanıb. Həm də rəsmi Bakının apardığı tarazlı beynəlxalq siysasət dünya gücləri tərəfindən də qəbul olunur. Bu gün Rusiya ilə NATO arasında fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqlarının daha da qloballaşmaması üçün hərbi rəhbərlərinin görüşməsinə və birgə müzakirələrə ehtiyac duyulurdu. Belə müzakirələr üçün də ən münasib məkan Bakıdır. Düşünürəm ki, generalların Bakı görüşü Rusiya ilə NATO arasında münasibətlərin qaydasına qoyulmasında həlledici rol oynayacaq".
Millət vəkili Rasim Musabəyov deyib ki, Azərbaycanın həyata keçirdiyi neytral siyasət nəticəsində Bakı beynəlxalq görüşlərin ev sahibliyi etdiyi məkana çevrilib. O bildirib ki, Azərbaycanın infrastrukturu, eləcə də təhlükəsizliyi beynəlxalq görüşlər üçün cəlbedici sayılır: "Azərbaycanda beynəlxalq tədbirləri, mühüm görüşlərin keçirilməsi üçün lazımi şərait var. Bütün bunlar ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi hallarının sayının artmasına imkan verən məsələlərdir və beynəlxalq səviyyədə nəzərə alınır".
Deputatın sözlərinə görə, Ermənistanın NATO üçün, Gürcüstan isə Rusiya üçün məqbul sayılmadığını nəzərə alsaq, hər iki tərəfin rəsmilərinin görüş üçün Azərbaycan Qafqaz ölkələri arasında ən məqbul ölkə sayılır: "Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində onlar Avropada və digər ölkələrdə görüşmək imkanında deyillər. NATO ölkələrinin də rəhbərliyi Rusiyanın əl altı dövlətlərə getmək istəmir. Azərbaycanın bütün məsələlərdə neytral olduğu nəzərə alınaraq, bu görüşün Azərbaycanda keçirilməsi hər iki tərəf üçün daha cəlbedicidir".
R. Musabəyov qeyd edib ki, Azərbaycanın beynəlxalq tədbirlərə, eləcə də görüşlərə ev sahibliyi etməsi, dünyanın ölkəmizə diqqətini daha da artırır: " Bütün dünya mediasının diqqəti Azərbaycana yönnəlir. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına da üstünlüklər gətirir".
Deputatı Cavid Osmanov bildirib ki, Azərbaycanda beynəlxalq tədbirlər, görüşlər keçirmək bütün dövlətlər üçün əlverişlidir: "Çünki, ölkəmizdə qlobal sülh və təhlükəsizlik, strateji dialoq və qarşılıqlı etimad mühiti var". Azərbaycanın beynəlxalq tədbirlərə yüksək təşkilatçılıq qabiliyyətinin dünya ölkələrinin marağına səbəb olduğunu deyən deputat söyləyib ki, vacib məsələlərin müzakirə edilməsi üçün məhz Azərbaycanın seçilməsi ölkəmizə olan hörmət və etimadın təzahürüdür.
C.Osmanov vurğulayıb ki, vaxtilə mühüm görüşlərin keçirilməsi Avropa ölkələrinə üz tutulurdusa, bu gün Azərbaycanda mövcud olan təhlükəsizlik, inkişaf və sabitlik dünya ölkələrinin marağını cəlb edir: "Artıq hər kəs dünyanın tarixi ölkələrindən biri olan Fransada nələrin baş verdiyini görür. Eləcə də digər Avropa ölkələrində sabitliyin olmadığını deyə bilərik. Bütün bunların fonunda iki qütbün arasında yerləşən Azərbaycanın tolerantlıq, multkulturalizm ölkəsi olması təbii ki, yüksək səviyyəli görüşlər üçün ən ideal məkana çevrilir".
Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olmasının arxasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin dayandığını xüsusilə vurğulayan deputat qeyd edib ki, yüksək səviyyəli beynəlxalq görüşlərin ölkəmizdə keçirilməsi Azərbaycanın regiondakı rolu və yürütdüyü müstəqil siyasətin bariz göstəricisidir.


Əli