“Münaqişəsinin mərhələli həll variantı üzrə sənəd hazır vəziyyətdədir” Siyasət

“Münaqişəsinin mərhələli həll variantı üzrə sənəd hazır vəziyyətdədir”

Mübariz Əhmədoğlu: "Bu da Paşinyan üçün sirr deyil"


"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Dağlıq Qarabağ münaqişəsini dinc yolla tənzimlənməsindəki danışıqlar prosesinə aid məsələləri müzakirə etdi. Münaqişə tarixində ilk dəfədir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ermənistanın rəhbəri ilə ayrıca və rəsmi görüş keçirir. Robert Köçəryanın və S.Sərkisyanın prezidentliyi dövründə belə görüşlər olmamışdı".
Bu fikirləri politoloq Mübariz Əhmədoğlu səsləndirib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regionunda Kaspşikin görüşlər keçirməsi mandatında nəzərdə tutulub: "Kaspşik qoşunların təmas xəttində monitorinq keçirərkən Dağlıq Qarabağın de-fakto rəhbərləri ilə görüşdüyü kimi Azərbaycan tərəfində müvafiq rayon İcra Hakimiyyətinin başçısı ilə də görüşlər keçirib. Kaspşikin fəaliyyətinin vacib cəhətlərindən biri onun həm siyasi, həm də hərbi prosesləri əlaqələndirən şəxs olmasıdır. Kaspşikin Paşinyanla görüşü ilə əlaqəli daha bir məsələni xüsusilə qeyd etməyi vacib hesab edirəm. Kaspşik açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirakına əsas yaradan heç bir sənəd imzalanmayıb. Kaspşikin Paşinyanla görüşdə məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Milan görüşünün nəticələrini ona çatdırmaq idi".
Politoloq qeyd edib ki, Ermənistanın XİN rəhbəri Zöhrab Mnasakanyan Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Milanda əldə etdiyi razılaşmaların mahiyyətini və detallarını Paşinyana çatdıra bilmir: "Milanda 3 saat davam edən görüşdə kifayət qədər ciddi detallı müzakirə baş tutub. Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantı üzrə sənəd demək olar ki, hazır vəziyyətdədir və bu da Paşinyan üçün sirr deyil. Çünki Paşinyan özü etiraf etmişdi ki, köhnə hökumətdən ona miras qalan sənədə görə Dağlıq Qarabağ ətrafındakı bəlli ərazilər Azərbaycana qaytarılır. Əvəzində Ermənistanla Azərbaycan arasında kommunikasiyalar açılır. Dağlıq Qarabağın statusu ilə bağlı heç bir şey yoxdur. Qarşıdan Paşinyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü hazırlanır. Mnasakanyan bu fikirləri Paşinyana çatdıra bilməz. Çünki Paşinyanın verdiyi bəyanatlardan da anlaşılır ki, Paşinyanın ətrafında heç kəs ona düz söz deyə bilmir. Telemarafonda yığılan pulla bağlı marafonun səhəri günü Paşinyana verilən sual və Paşinyanın verdiyi cavab hər şeyi aydın göstərir. Ona görə Kaspşik Paşinyanın təyin etdiyi nazir Mnasakanyanın funksiyasının bir qismini yerinə yetirdi. İrəvana gələrək Milan görüşündə olan detalları, eləcə də Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü üçün hazırlanan protokolu Paşinyana izah etdi".