Rusiya səfirindən Qarabağ proqnozu Siyasət

Rusiya səfirindən Qarabağ proqnozu

"Gələn il münaqişənin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq"

"Rusiya Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirir". Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.
Diplomat bildirib ki, bu il strateji tərəfdaşlığın möhkəmləndiyi müşahidə olundu: "Əməkdaşlığın bütün sahələrində fəallaşma var".
2019-cu ildə əməkdaşlığın prioritetlərindən danışan M.Boçarnikov qeyd edib ki, bu, 2018-ci ildə razılıq əldə olunmuş sahələr üzrə əməkdaşlığın davam olacaq:
"Bu il biz bir sıra sahələr üzrə, hər şeydən əvvəl ticari-iqtisadi münasibətlərin inkişafı haqqında razılığa gəldik".
M.Boçarnikov deyib ki, 2019-cu il ticari əməkdaşlığın inkişafı baxımından zəngin olacaq: "Tərəflər gələn il humanitar əməkdaşlığı genişləndirməyi də planlaşdırırlar".
"2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq"-deyən səfir bildirib ki, bunun əsası artıq cari ildə qoyulub, yüksək səviyyədə bir neçə görüş keçirilib: "2019-cu ilin yanvar ayında da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir".
O, Rusiyanın münaqişənin həllinə köməyi davam etdirməyə hazır olduğunu deyib.
Diplomat onu da vurğulayıb ki, Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlıq fəal şəkildə inkişaf edir:"Hökumətlərarası komissiyanın bu yaxınlarda keçirilmiş iclasında müvafiq qərarlar qəbul edilib. Azərbaycan son bir neçə il ərzində beynəlxalq hərbi oyunlarda fəal iştirak edir. Bildiyim qədər, bu yarışların bir hissəsi gələn il Azərbaycan ərazisində dənizdə keçirilə bilər".
M.Boçarnikov qeyd edib ki, iki ölkənin müdafiə nazirləri bir ildə bir neçə dəfə təmasda olurlar: "Cari ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi üç dəfə Azərbaycana səfər edib".
Səfirin sözlərinə görə, Rusiyanın hərbi məktəblərində azərbaycanlı hərbi qulluqçulara təlimlər keçirilir: "Rusiyanın Hərbi Dəniz Donanmasının və Sərhəd Xidmətinin gəmilərinin Azərbaycan limanlarına dostcasına girişi icra olunur".
"Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığın inkişafı üzrə növbəti addım atıblar"-deyən diplomatın sözlərinə görə, hökumətlərarası komissiyanın iclasında gələcək illərdə reallaşdırılması nəzərdə tutulan məsələlər müzakirə olunub:"İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya bizim ticari-iqtisadi əlaqələrimizin təşviqi üçün vacib vasitədir. Komissiyanın iclasında əvvəlcə ekspertlər səviyyəsində, daha sonra nazirlər səviyyəsində ticarət-iqtisadiyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Konkret tapşırıqlar qoyulub. Bu, həqiqətən də irəliyə doğru atılan addımdır".