“Beynəlxalq qurumlarla əlaqələrdə müsbət irəliləyişlər var” Siyasət

“Beynəlxalq qurumlarla əlaqələrdə müsbət irəliləyişlər var”

"2018-ci ildə Azərbaycanın beynəlxalq qurumlarla əlaqələrində çox müsbət irəliləyişlər və yaxınlaşmalar olub. Onlardan biri də Avropa İttifaqı ilə olan münasibətlərdir və aparılan danışıqlardır. Təbii ki, Avropa İttifaqı-Azərbaycan münasibətlərində yaxınlaşmalar bunu göstərir". Bunu millət vəkili Elman Məmmədov deyib. Deputatın sözlərinə görə, Aİ-nin Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını müxtəlif sənədlərlə, yollarla etiraf etməsi, təsdiq etməsi də buna sübutdur: "Həmçinin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndələrinin il ərzində Azərbaycana səfərləri də bunu göstərir. Hətta 2018-ci ilin payızında olan səfərdə xüsusi nümayəndə Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə də görüş keçirdi. Həmin görüşdə çox geniş fikir mübadiləsi aparıldı. Təbii ki, bu cənab Prezidentimizin tapşırığı, tələbi ilə olan məsələ idi. Bu da onu göstərir ki, Aİ ilə, eyni zamanda bütün beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətləri irəliləyən xətt üzrə inkişaf edir. Bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına kömək edir. Azərbaycanda baş verənlərin, həqiqətlərin, torpaqlarımızın işğal altında olmasının, Ermənistanın işğalçılıq siyasətinin və s. yayılması, tanıdılması, təbliğ olunması bu qurumların işində, fəaliyyətində öz əksini tapır. Təbii ki, onlardan biri də Aİ ilə olan münasibətlərdir".