Əliyev Davosda Paşinyanı necə susdurdu? Siyasət

Əliyev Davosda Paşinyanı necə susdurdu?

"Deyirlər ki, İlham Əliyev Davosda çox şən olub. Paşinyan isə üzgün". Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin Davosda keçirilən görüşü haqqında Rusiya mətbuatı belə yazır.
Davosdakı danışıqlar əvvəlcədən anons edilməyib. Lakin aydındır ki, bu yarım saat davam edib və görüş təsadüfü olmayıb. Paşinyan özünün "Facebook" səhifəsində yazıb ki, qeyri-rəsmi görüş zamanı Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Erməni nazir Davosdan sonra dərhal Moskavaya gedib. Jurnalistlər bu görüş haqqında daha ətraflı danışmağı tələb ediblər. Erməni nazir isə cavab verib ki, danışığın məzmununu açmaq etik nöqteyi nəzərdən qəbuledilməzdir.
Amma bununla söhbətə son qoyulmayıb. Erməni cəmiyyəti narahat olub – nə üçün əvvəlcədən Əliyevlə görüş barədə informasiya verilməyib?
Davosdakı tet-a-tet Ermənistanda yeni müzakirələrə yol açıb. İrəvanda bəzi partiya rəhbərləri, politoloqlar, ekspertlər deyirlər ki, bu görüş Ermənistana qarşı oyun, Paşinyana etibar etməyən Rusiya tərəfindən hazırlanan cinayətdir.
Maraqlısı odur ki, danışıqlar prosesi sakitləşəndə İrəvan həyəcan siqnalı çalmağa başlayır. Proses bərpa ediləndə isə Ermənistanda həyəcan daha da çoxalır - Rusiyanın hansısa planı var. Rus jurnalist, politoloq Azərbaycana simpatiyası olmayan Stanislav Tarasov iddia edir ki, Davosda İlham Əliyevin əhvalı yaxşı olub, Paşinyan isə kədərli. O, yazır ki, Azərbaycan prezidenti bu partiyanı udur. Tarasovun sözlərinə görə, iyunun 8-də Qarabağla bağlı Əliyev və Paşinyan razılaşma imzalayacaq və Ermənsitan tərəfi işğal edilən torpaqları tərk etməli olacaq. Bir müddət sonra isə Ankara İrəvanla diplomatik münasibətləri bərpa etməyə başlayacaq.
Bu halda Ermənistanda nə baş verəcək? Ehtimal etmək elə də çətin deyil. Növbəti inqilab. İlk qurbanı da elə Paşinyanın özü ola bilər. Əgər Moskva onu təşəkkür əlaməti olaraq himayə etməsə...