“Azərbaycan sosial dövlət statusunu getdikcə daha da gücləndirilir” Siyasət

“Azərbaycan sosial dövlət statusunu getdikcə daha da gücləndirilir”

Elşad Mirbəşiroğlu: "Sosial dövlətdə vətəndaşın rifahının təmin olunmasının dövlətin başlıca vəzifəsidir"

"Azərbaycan Respublikası müasir dövrün ən effektiv sosial dövlətlərindən biridir". Bunu politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib. Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan sosial dövlət statusunu getdikcə daha da gücləndirməkdədir. Sosial dövlətdə vətəndaşın rifahının təmin olunmasının dövlətin başlıca vəzifəsi olduğunu deyən politoloq bildirib ki, Azərbaycan sosial dövlətin bütün əlamətlərini özündə ifadə edir: "Sosial ədalətin təmin olunması istiqamətində kompleks addımların atılması ilə vətəndaşların layiqli həyat şəraitinə çatdırılması dövlətin əsas vəzifələrindən biridir. Azərbaycanda artıq sosial təhlükəsizlik sisteminin formalaşdığı haqqında qəti fikir söyləmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə də bir daha göstərdi ki, dövlət hər zaman, bütün məsələlərdə vətəndaşının yanındadır. Müşavirədə ölkə Prezidentinin nitqində də səsləndirildiyi kimi, vətəndaşların sosial-iqtisadi rifahının təmin olunması istiqamətində kompleks tədbirlər davamlı olaraq həyata keçirilməkdədir. Müqayisə aparmaqla müəyyənləşdirmək mümkündür ki, dövlətin sosial siyasətinin səmərəlilik səviyyəsi hər ötən il daha da yüksək olur. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev hələ ötən il prezident seçkiləri öncəsi bu gün müşahidə etdiyimiz tədbirlərin anonsunu vermişdi. Müvafiq olaraq, sosial sahədə titanik addımlar atılmaqdadır". O əlavə edib ki, Azərbaycan sosialyönümlü tədbirlərin miqyasına görə dünyanın əksər ölkələrini geridə qoyur. Dövlətin sosial siyasətinin nəticələri istisnasız olaraq əhalinin bütün təbəqələrini əhatə edir: "Prezidentin müşavirədə çıxışından belə qənaətə gəlmək olur ki, dövlətin 2019-cu ildə sosialyönümlü fəaliyyəti əvvəlki illərdən keyfiyyətcə əhəmiyyətli dərəcədə fərqlənəcək. Həqiqətən də bunun əlamətləri artıq dəqiq görünməkdədir. Ölkə iqtisadiyyatının diversifikasiyası əlavə gəlirlərin daxil olmasını şərtləndirməkdədir. Bu gəlirlər vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəldilir. Məhz bunun nəticəsidir ki, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi mümkün olub". E.Mirbəşiroğlu vurğulayıb ki, genişmiqyaslı sosial paketlərin reallaşdırılması iqtisadi potensialla yanaşı, həm də güclü siyasi iradəyə əsaslanır: "Əhalinin müxtəlif sosial qruplarının mövcud problemlərinin aradan qaldırılması istiqamətində dövlətin həssaslıq nümayiş etdirməsi göz önündədir. Məsələn, şəhid ailələrinin mənzillərlə, evlərlə təmin olunması prosesinin davamlı xarakter aldığını xüsusi qeyd etmək lazımdır. Prezident müavirədə həmçinin qeyd etdi ki, problemli kreditlər məsələsi üzərində də dövlət iş aparmaqdadır. Bütün qeyd etdiklərimiz bir daha sübut edir ki, Azərbaycan Respublikası müasir dövrün ən effektiv sosial dövlətlərindən biridir".

Deputat Naqif Həmzəyev isə deyib ki, ölkəmiz müstəqil olduğu ilk gündən xalqın güzəranının, sosial-rifah halının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir: "Xüsusən son illər ərzində Prezidentimiz İlham Əliyevin diqqət, qayğısı sayəsində Azərbaycanda sosial müdafiə sistemi yenilənib, yeni islahatlar aparılıb, çox ciddi tədbirlər həyata keçirilib. İnsanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənməsi aparılan islahatların məntiqi nəticədir". O bildirib ki, görülən işlər, reallaşdırılan siyasət, ölkə Prezidentinin əhalinin rifah halının yüksəlməsinə xidmət edən sosial yönümlü siyasəti xalqımız tərəfindən həmişə böyük rəğbətlə qarşılanır və onların razılığına səbəb olur: "Xalq yaxşı bilir ki, ölkə Prezidentinin ali məqsədi xalqın rifahının daim yaxşılaşdırılmasına, vətəndaşları düşündürən, narahat edən problemlərin həll edilməsinə yönəlib.
Ötən gün iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə Prezident İlham Əliyevin söylədiyi fikirlər bunun tam təsdiqidir".
Prezident İlham Əliyevin müşavirədə söylədiyi fikirlərə toxunan deputat bildirib ki, Dövlət başçısının da qeyd etdiyi kimi bu ilin iki ayının nəticələrinə nəzər yetirdikdə 2019-cu ildə Azərbaycanda iqtisadi artımın yüksək templə davam edəcəyini demək mümkündür.
N. Həmzəyev qeyd edib ki, son iki ayda böyük sosial paketin yalnız bir hissəsi kimi minimum əmək haqlarının, pensiyaların, tələbələrin təqaüdünün artırılmasında, digər ödənişlərin verilməsində mühüm qərarlar verilib və konkret addımlar atılıb: "600 min vətəndaşın minimum əməkhaqqı 38 faiz artırıldı, şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata çatdırıldı, eyni zamanda, 6500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər verildi. Bu il isə şəhid ailələrinə 800 mənzilin verilməsi nəzərdə tutulur. Uzun illər vətəndaşları narahat edən vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi də ölkə Prezidentinin imzaladığı Fərmanla həllini tapdı".
Müşavirədə ölkə Prezidentinin problemli kreditlərlə bağlı məsələnin həllinə aydınlıq gətirdiyini xüsusi vurğulayan deputat qeyd edib ki, problemli kreditlərlə bağlı məsələ vətəndaşları narahat edən məsələlərdən biridir: "Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilib. Ötən ildən başlayaraq bu istiqamətdə çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.
Göründüyü kimi, Azərbaycan vətəndaşını əhatə edən bu cür sosial qərarlar əhalinin sosial həyat tərzinin yaxşılaşmasına xidmət edir. Ölkəmizdə demoqrafik vəziyyətin ildən-ilə yaxşılaşması bu məsələlərin həlli üçün düşünülmüş, real siyasət yeridildiyini sübut edir".