“Rusiya “Qarabağ klanı”nı fəallaşdırır” Siyasət

“Rusiya “Qarabağ klanı”nı fəallaşdırır”

"Ermənistanın sabiq baş naziri Karen Karapetyanın ölkənin keçmiş siyasi elitasının üzvləri ilə apardığı danışıqlar təsadüfi deyil. Ümumiyyətlə, siyasətdə təsadüfi heç nə baş vermir, düşünülmüş şəkildə baş verir".
Bunu açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Karapetyan keçmiş prezident Serj Sərkisyan komandasının tanınmış üzvlərindən biridir:
"Məlumdur ki, Karen Karapetyan Sərkisyanın istefasından sonra hökumətə bir müddət rəhbərlik edib. Əslində Karapetyan və Sərkisyan arasında "Qarabağ klanı"na rəhbərlik uğrunda bir mübarizə gedirdi. Digər yandan, onun Qərb banklarında kifayət qədər kapitalı var. Karapetyanın "Qarabağ klanı"nın yenidən fəallaşdırmaq üçün Sərkisyanla müqayisədə geniş imkana sahibdir. Habelə Sərkisyandan fərqli olaraq, onun adı korrupsiyada hallandırılmayıb.
Eyni zamanda, Robert Köçəryan qədər ictimai rəydə mənfi istiqamətlərdə yer almayıb. Bu baxımdan, "Qarabağ klanı"nın hakimiyyətə qayıtması, yaxud revanş götürməsi üçün Karen Karapetyan kimi şəxsin siyasətə qayıdışı bu klanın maraqlarına cavab verir.
İndiki məqamda və bundan əvvəl istər müxalifət mediasında, istərsə də hakimiyyət mənbələrində Karen Karapetyanın adı mənfi yöndən müzakirə edilməyib. Digər yandan, onun fəallaşması Rusiyanın maraqları çərçivəsində də ola bilər. Məlumdur ki, Nikol Paşinyan Qərbin, yaxud Sorosun maliyyəsi ilə hakimiyyətə gəlmiş bir siyasi elitanın rəhbəridir. Sabah Paşinyanın Qərbdə doğru ciddi addımlar atacağı da istisna deyil".
Elşən Manafov vurğulayıb ki, indiki məqamda Paşinyanın ehtiyatlı davranması isə Rusiyanın Ermənistana olan təsir imkanlarından irəli gəlir:
"Amma Nikol Paşinyan Qərbin xüsusi xidmət orqanları və onun maliyyə institutlarının qarşıya qoyduğu vəzifəni yerinə yetirməlidir. Bu vəzifə də yaxın perspektivdə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdan ibarətdir. Bu mənada, Karen Karapetyanın fəallaşmasında Rusiyanın xüsusi xidmət orqanlarının rolu ola bilər. Bu fəallaşmanın arxasında "Qarabağ klanı" və Rusiyanın korporativ maraqları olmamış deyil".