
Cari ilin 26 fevral tarixində Meksika Dövlət Xəbərlər Agentliyi "Notimeks" tərəfindən dərc edilmiş "Azərbaycanlılar 1992-ci il Xocalı Qətliamını anır" (Recuerdan Azerbaiyanos la masacre de Jodyali de 1992) adlı məqalədə dünya Azərbaycanlıların 1992-ci il 25 və 26 fevral tarixlərində Azərbaycanın Xocalı şəhərində törədilmiş Soyqırımının qurbanlarını, onlar arasında 106 qadın və 83 uşağın, xatirəsinin anıldığı deyilir. Bu qətliamın Human Rights Watch QHT-ı tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin ən qanlı səhifəsi adlandırıldığı və Ermənistan silahlı qüvvələrinin müharibə zamanı törətdikləri etnik təmizləmə və dağıntıları nümayiş etdirən bir hadisə olduğu vurğulanır.
Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu və həmin torpaqlarda yaşayan bir milyona qədər əhalinin öz yurdlarından qovularaq qaçqın və məcburi köçkünlərə çevrildiyi bildirilir.
Bu faciədən 27 il keçdiyinə və münaqişənin həlli üzrə BMT TŞ-nın Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan dərhal və şərtsiz çıxarılması tələblərini irəli sürən dörd qətnaməsinin qəbul edildiyinə baxmayaraq münaqişənin indiyədək həll olunmadığı və regiondakı təhlükəsizliyə təhdid olaraq qaldığı oxucuların diqqətinə çatdırılır.
Xocalı Soyqırımı qurbanlarının xatirəsini yad etmək, bu cinayətə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezidenti xanım Mehriban Əliyeva başda olmaqla ümumxalq yürüşün keçirildiyi bildirilir.
Bu faciə barədə dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması üçün 2008-ci ildə "Xocalıya Ədalət" kampaniyasının başlandığı qeyd olunur.
Qeyd edək ki bu məlumat "Notimeks" Meksika Dövlət Xəbərlər Agentliyinin həm ispan dili, həm də ingilis dili xidmələri tərəfindən dərc edilmiş və sonradan bir sıra digər Meksika KİV-ri tərəfindən təkrarən yayınlanıb.