“ATƏT münaqişələrin həlli məsələlərində faydalı alətdir“ Siyasət

“ATƏT münaqişələrin həlli məsələlərində faydalı alətdir“

"ATƏT-dən münaqişələrin həlli məsələlərində faydalı vasitə kimi istifadə etmək lazımdır. Bu il Slovakiyanın ATƏT-dəki sədrliyinin üç prioritetindən biri məhz elə münaqişələrin həllidir".
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra birgə mətbuat konfransında deyib.
"ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək niyyətini və buna hazır olduğunu bəyan etmək istəyirəm. Nizamlama çərçivəsində görüşlərimizi davam etdiririk. Bu, münaqişə zonasında gərginliyin azaldılmasına yardım edib", - deyə ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.
O, Yerevana qarşıdakı səfəri zamanı Ermənistan tərəfinə Bakının bəyanatını çatdıra biləcəyinə ümidvar olduğunu əlavə edib.
Miroslav Layçak deyib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə tanınmış formatdır: "Bakıya bu səfərim Slovakiyanın ATƏT sədri olaraq bu münaqişənin həllini hərtərəfli dəstəklədiyini ifadə edir. ATƏT-in Minsk qrupu danışıqlarda yeganə tanınmış formatdır, onun hər bir dəyişikliyi razılaşdırılmalıdır".
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, Ermənistanın son bəyanatları heç də sülhə yönəlik deyil: "Ermənistandan gələn belə bəyanatlara təəccüblənirəm. Sülhə hazırlaşmalıyıq və bunun üçün əlimizdən gələni edirik. Onların bəyanatları isə heç də sülhə yönəlik deyil. İnsanları nəyə hazırlamalı olduğumuzu dəqiq bilməliyik", - nazir bildirib.