“Ermənistanın Arazqırağı boyunca hərbi hissələri xeyli zəifdir” Siyasət

“Ermənistanın Arazqırağı boyunca hərbi hissələri xeyli zəifdir”

Mübariz Əhmədoğlu: "Ora əlavə hərbi hissələri cəlb etməyə imkanı yoxdur"


"İran-Azərbaycan sərhədi narkotacirlərin fəaliyyətini nəzərə almasaq, ən təhlükəsiz və sabit sərhəddir. Təəssüf ki, narkotacirlərin müdaxiləsi getdikcə artır". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Mərkəz sədrinin sözlərinə görə, 2019-cu ildə İran-Azərbaycan sərhədinə yanaşmada yeni keyfiyyət hadisəsi baş verdi: Azərbaycana səfərində İran sərhəd qoşunlarının komandanı, general-leytenant Qasım Rzayi Novruz bayramını iki ölkənin sərhədçilərinin birgə qeyd etməsi təklifini irəli sürdü: "Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin İrana səfəri zamanı. Novruz bayramını iki ölkə sərhədçilərinin birgə keçirməsi barədə razılıq əldə olundu. Bu tədbirə və yaxud İranda yeni ilə yaxınlaşdıqca İran-Azərbaycan sərhədində gərginlik artdı. Ən azı 1 İran vətəndaşı yaralandı, ondan bir az öncə isə İrandan gələn narkotacirlərə qarşı mübarizədə 1 Azərbaycan hərbçisi həyatını itirdi. İran tərəfdən narkotacirlərin sayının çoxalmasını və Azərbaycanla sərhəddə gərginliyin artmasını gözləmək olardı. Çünki İran tərəfdə İran-Azərbaycan sərhədinə tamamilə fərqli kontekstdən yanaşan qüvvələr var. İrandakı bu qüvvələr İran-Azərbaycan sərhədlərinin təhlükəsiz, sülh sərhədi olmasında maraqlı deyillər. Tamam ayrı mahiyyətin verilməsinin tərəfdarıdırlar.
Lakin buna baxmayaraq iki ölkə sərhədçiləri Biləsuvar ərazisində Novruz bayramını birgə qeyd etdilər. Hər iki ölkənin sərhəd komandanları çıxış etdi. İranın Ali rəhbəri S.Ə.Xamneyi və Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin müraciətləri yayıldı. Hər iki tərəfdən olan milli musiqi bayram şənliyini daha da rövnəqləndirdi.
Azərbaycanın sərhəd qoşunlarında baş verən dəyişikliklər fonunda İran və Azərbaycan sərhədçiləri arasında əldə olunan əməkdaşlığı aparılan işin məntiqi nəticəsi hesab etmək olar. İki ölkənin sərhədçiləri arasında artan əməkdaşlıq, İranın sərhəd qoşunları komandanı Q.Rzayinin Azərbaycanla sərhədə pozitiv münasibəti ehtimal etməyə əsas verir ki, yaxında İran-Azərbaycan sərhədinin Ermənistanın işğalı altında olan Araz qırağı hissəsinin də azad olunması istiqamətində müəyyən addımlar atıla bilər. İki dövlət arasında 720 km quru sərhədinin təxminən 120 km-i erməni işğalı altındadır. İran sərhədçiləri Azərbaycan sərhədçilərinə müəyyən kommunikativ, texniki dəstək verməklə Azərbaycan sərhədçilərinin öz dövlət sərhədinə sahib çıxmasına şərait yarada bilərlər.
Ermənistanda hərbçi çatışmazlığına və həm də müəyyən qədər İrandakı bəzi qüvvələrə güvəndiyinə görə Ermənistanın Arazqırağı boyunca hərbi hissələri xeyli zəifdir. Ora əlavə hərbi hissələri cəlb etməyə imkanı da yoxdur. Ermənistanın belə zəif vəziyyətdə olduğunu İran sərhədçiləri çox gözəl bilirlər. Ona görə İran sərhədçilərinin Azərbaycan sərhədlərinin işğaldan azad olunması istiqamətində Azərbaycan sərhədçilərinə verdiyi dəstək elə də ciddi enerji tələb etməyəcək. Hər halda belə bir vəziyyətə ümid etməyə əsaslar getdikcə daha çox artır".