Satın alınan “siyasi mühacirlər” Siyasət

Satın alınan “siyasi mühacirlər”

Sirr deyil ki, başda AXCP və Müsavat olmaqla radikal müxalifət hər il Avropaya onlarla “siyasi mühacir” ixrac edib. Həmin ixracçılar da xarici ölkələrdə sığınacaq tapar, tapmaz başlayırlar Azərbaycan əleyhinə kampaniya aparmağa. Həm Avropadakı ermənipərəst qüvvələr, həm də Azərbaycandakı dövlət çevrilişi gününü gözləyən radikalların cızdığı ssenarini həyata keçirirlər. Bütün sosial şəbəkələr və hətta internet tv yaratmaqla gündəmdə qalmağa can atırlar. Şərəfləri və ləyaqətləri antiAzərbaycan qüvvələri tərəfindən pulla alındıqlarından boyunlarına ip salıblar. Radikallar onları hara çəkirlərsə, gedirlər, nə diktə edirlərsə söyləyirlər. Təki “rahatlıq”larını təmin etsinlər, pul qazansınlar, şərəf və ləyaqətlərini itirmək onlar üçün ermənipərəst qüvvələrin yanında şərəfdir.
Amma onu da etiraf edək ki, heç də Azəraycanda ixrac olunan “siyasi mühacir”lərin hamısı Avropada “yağ-bal” içində yaşamır.
Onların çoxu ifşa olunaraq ölkədən deportasiya edilirlər. Siyasi partiya vəsiqəsi və “siyasi mühacir” arayışları ilə Avropa ölkələrinə şəxsi məqsədləri üçün üz tutan azərbaycanlılar sığınacaq aldıqları dövlətlərdə ciddi problemlərlə rastlaşırlar. Bu yaxınlarda siyasi statusla Avropaya gedənlərin sənədlərinin düzgün olub-olmaması məqsədilə aparılan monitorinqlər nəticəsində AXCP-nin üzvü olan Nadir Məmmədov bir neçə gün əvvəl yaşadığı Almaniyadan deportasiya olunub. Bu ölkədən sığınacaq istəyən Nadir Məmmədova yerli məhkəmə rədd cavabı verib. Alman məhkəməsi onun sənədlərinin saxta olduğunu təsdiq edib.
Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə Avropaya gedənlərdən biri barədə isə cinayət işi açılıb. Elnur Aydın oğlu Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 maddəsi ilə şübhəli şəxs qismində istintaqa cəlb edilib. Bildirilir ki, yaşadığı ölkənin məhkəmə orqanı müsavatçının sənədlərinin saxta olduğunu aşkarlayaraq digər ölkəyə deportasiya edilməsinə qərar verib. Təəccüblüdür ki, Müsavat Partiyası da onun sənədlərinin saxta olduğunu təsdiqləyib. Xatırladaq ki, Elnur Mirzəyevlə bərabər bu ilin yanvar ayında Hollandiyaya getmiş “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev də deportasiya olunub. Hollandiya məhkəməsi ona bu ölkədə yaşamağa icazə verməyib.
Dağıdıcı müxalifət partiyalarının “siyasi mühacir” biznesinin ifşasına aid digər faktlar da var və həmin faktlarda Əli Kərimlinin başçılıq etdiyi AXCP-nin adı başqa qurumlardan daha çox hallanır.
Əli Kərimlinin “siyasi mühacir” alveri ilə məşğul olan kiçik bir şəbəkəsinin olduğu məlumdur. Oğlu Türkelin və özünə yaxın bildiyi bir neçə nəfərin bu məqsədlə Fransanın Strasburq şəhərində lövbər saldığı da çoxdan məlumdur.
Artıq Avropada Əli Kərimlinin saxta müxalifətçiləri bir-birinin ardınca ifşa olunur və həmin şəxslər ölkələrdən deportasiya olunurlar.
Onu da qeyd edək ki, bir müddət əvvəl hüquq-mühafizə orqanları “Gəncliyin Elmi-Mədəni inkişafı” İctimai Birliyində keçirdikləri əməliyyat tədbirində “siyasi mühacir” ixracına dair saxta sənədlər və möhür, ştamplar aşkarlanıb. Təşkilatın Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən ofislərindən çoxlu sayda saxta sənədlər, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar, eləcə də müxalif yönümlü siyasi partiyalara, AXCP və Müsavat-a məxsus möhür və ştamplar maddi sübut qismində götürülüb.
Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri bu əməlləri bir sıra bizə bəlli olan konkret ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları ilə maddi maraq zəminində həyata keçirib. O da məlum olub ki, xarici ölkələrə göndərilmiş şəxslər guya Azərbaycanda təqib olunmaları, hüquq-mühafizə orqanları tərəfindən müxtəlif təzyiqlərə məruz qalmalarını əks etdirən saxta sənədləri Qərb ölkələrinin müvafiq dövlət orqanlarına təhvil verərək “siyasi mühacir” statusu alırlar.
Mühacirətdə olan və adının açıqlanmasını istəməyən siyasi mühacirlər iddia edirlər ki, Əli Kərimlinin “siyasi mühacir” alveri ilə məşqul olan beynəlxalq təşkilatın üzvləri Avropaya üz tutmaq istəyən insanlardan pul alaraq onlara VİZA “dəstəyi” və saxta “siyasi sənədlər” təqdim edərək bunu həyata keçirirlər. Məsələn, bu yaxınlarda AXCP fəalları Fikrət Hüseynlinin və Türkel Azərtürkün “siyasi mühacir” alveri ilə məşğul olmasını sübut edən səs yazıları ictimailəşdirildi. Həmin səs yazılarında Türkel Azərtürk Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyindən rüşvət müqabilində viza aldığını və “prokurorluq əməkdaşından” siyasi sənədlər düz -qoş etmə imkanlarını vətəndaşa təklif etməkdə olduğunu etiraf edib. O, məlum səs yazısında hətda mühacirətə yollanmaq istəyən vətəndaşdan pul almaq üçün vətəndaşı “prokurorluqda sənət verən tanışının” işdən çıxarma ehtimalı ilə qorxudaraq tələsdirməyə də çalışır…
Politoloq Zaur Məmmədov deyib ki, hamıya məlumdur ki, indiyə qədər dünyadakı heç bir inqilabın xalq tərəfindən reallaşması mümkün olmayıb və olmayacaq da. Ən yaxın tarixdən bizim yaxşı bildiyimiz Ukrayna, Qırğızıstan, Misir, Liviya və başqa ölkələrdə baş verən “xalq hərəkatları”, “demokratik dəyişikliklər”in arxasında ayrı-ayrı güc mərkəzlərinin olduğu faktlarla sübut olunub.

O bildirib ki, Azərbaycan da qlobal siyasi proseslərin bir oyunçusu olaraq bu hadisələrdən sığortalanmayıb:“Buna görə də kifayət qədər ayıq olmaq və hadisələrə adekvat qiymət vermək lazımdır. Bu gün özlərini mühacir adlandıran bəzi Youtub qəhrəmanları böyük pullar arxasınca xaricə qaçaraq blogerlikdən kifayət qədər vəsait qazanırlar. Hamıya məlumdur ki, indi dünyada kibermüharibə, seçki proseslərinə müdaxilə gedir ki, hətta ABŞ kimi dövlətin milli təhlükəsizlik orqanlarının illik açıqlamalarında son zamanlar məhz bu mövzunun ən aktual olduğu göstərilir. Bəli, tənqidlə diqqəti cəlb etmək asan məsələdir. İnsanlar tənqidi sevir. Lakin bu şəxslər xalqın gözündə qəhrəman deyillər, ola da bilməzlər. Çünki onların arxasında istər daxildəki, istər xaricdəki ayrı-ayrı güclərin olması aydınlıqla görünməkdədir”.

Politoloq qeyd edib ki, xaricdə və daxildə yaxşı şəbəkələşmiş bu qrupların əslində əsas məqsədi hakimiyyəti tənqid etməklə Qərb fondları, xüsusi xidmət orqanları və ayrı-ayrı havadarlarının dəstəyi ilə milyonlar qazanmaqdır:“Hansı sadə Azərbaycan vətəndaşı xaricə gedərək asanlıqla maliyyə əldə edə bilər? Yalnız, siyasi hakimiyyəti tənqid etmək, dövlətini tənqid etmək amalında olan və bunu utanmadan edən şəxslər. Məgər bu gün dünyada Azərbaycandan daha pis vəziyyətdə yaşayan dövlət yoxdur? Amma bəlkə də yeganə “müxalif blogerlər” bizdədir ki, asanlıqla öz liderinə, xalqına qarşı xaricdə istədiyi sözü ağızlarına almağa utanmırlar. Çünki hər söyüşün öz qiyməti var. Kənardan baxarkən çox utanvericidir. Bu gün siyasətdən uzaqda duran, işi olmayan hansı azərbaycanlı Youtub kanalının təkcə reklamına ayda 5000-15000 arasında pul xərcləyə bilər? Təbii ki, onların arxasında maliyyə dəstəyi göstərən insanlar var. Onlar bu dəstəkçilər hesabına milyonlar qazanır və qazanmağa da davam edirlər. Lakin qazanmağa müyəssər olmadıqları bir şey var. Siyasi karyeralarının çoxdan bitdiyi bu qrupların hansı məqsədlə “vətənpərvər” libasına girərək xalqa teatr göstərdikləri ifşa olundu. Beləliklə, işləmədən, çalışmadan Avropanın müxtəlif ölkələrində lüks həyat yaşayan bu şəxslər aldıqları maliyyəyə görə tənqid etməlidirlər, edirlər də. Çünki bu, onların “işidir”. Bizim isə vəzifəmiz milli dövlətçiliyin inkişafına mane olan, dövləti xaos və anarxiyaya çevirmək istəyən istər ayrı-ayrı Qərb institutları, fondlarına qarşı, istərsə də saxta “vətənpərvər internet qəhrəmanları”na qarşı ayıq olmaqdır”.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimovun fikrincə, xaricdə özünə sığınacaq taparaq antiAzərbaycan təbliğatını aparan qüvvələr istəklərinənail ola bilməyəcəklər: “Xaricdə internet tv açmaq böyük vəsait tələb edir. Avropaya qaçan hansısa azərbaycanlının bu prosesə qoşulması üçün böyk vəsait tələb olunur. Faktdır ki, bu gün Azərbaycanda hakimiyyət xalq birliyi var, ölkəmiz ildən-ilə bütün sahələrdə inkişaf edir, güclənir. Bu Avropanın antiAzərbaycan qüvvələrinin marağında olmadığından soydaşlarımızdan bizə qarşı istifadə etməyə başlayıblar. Açığı, orada buna nail olsalar da, Azərbaycanda həyata keçirmək istədiklərinə nail ola bilməyəcəklər. Bu gün Avropada hansısa “siyasi mühacir”ə pul gücünə efir verilə bilər, amma bu bizi narahat etməməlidir. Çünki, onun nə dediyi ancaq Avropadakı ermənipərəst qüvvələrə maraqlıdır, onlar üçün qəhrəmana çevrilə bilərlər, həmin satqınların Azərbaycanda yerləri yoxdur”.
Politoloq Mirsamir Məmmədov da satın alınan radikal siyasilərin və “mühacir” şəbəkəsinin ifşa olunduğuna toxunaraq qeyd edib ki, şərəf və ləyaqətini itirənlərə aramızda yer yoxdur: “Siyasi mübarizəni kişi kimi, şəffaf və demokratik formada aparmaq lazımdır. Söz azadlığı, fikir prülarizmi o demək deyil ki, qaçıb Avropada sığınacaq tapandan sonra Azərbaycana, öz vətəninə, torpağına qarşı aqressiv mövqe nümayiş etdirəsən. Bu heç bir insani dəyərlərə, demokratiyaya, ədalət prinsiplərinə sığmır. Avropa söz və media azadlığını yalnız, soydaşlarımızı ələ almaqla, onlara efir verməklə, Azərbaycana qarşı böhtanlar yağdırmaqda, çirkin kampaniya aparmaqda görürür. Sosial şəbəkələrdə, internet tv-lərdə aparılan çirkin siyasət heç bir nəticə verməyəcək, bu, onların biabırçılığıdır”.