Azərbaycan prezidenti cəbhə bölgəsində Siyasət

Azərbaycan prezidenti cəbhə bölgəsində

Ali Baş Komandan Ağdamda operativ müşavirə keçirib

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 6-da Ağdam rayonuna səfəri zamanı Ağdamdakı "N" saylı hərbi hissədə olub.
APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin başçısına məlumat verib.
Sonra prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.
Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib. Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, dövlət başçısı Ağdam rayonunun müvəqqəti inzibati mərkəzi olan Quzanlı qəsəbəsinə də baş çəkərək, burada yerli sakinlərlə görüşüb.
Ali Baş Komandan ön xəttə də gedib, cəbhədəki vəziyyətlə tanış olub, hərbçilərlə görüşüb. Hərbçilər qarşısında çıxış edən prezident ermənilərin son günlər həyata keçirdikləri intensiv hücumların qarşısının alınmasında Azərbaycan əsgərinin şücaət göstərdiyini, düşmənə layiqli cavab verdiyini vurğulayıb, torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını qeyd edib.
Dövlət başçısı səfər çərçivəsində İmamqulubəyli kəndində Ağdam, Xocalı və Şuşadan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin açılışında da iştirak edib.