Keçmiş müşavirindən İsa Qəmbərə irad Siyasət

Keçmiş müşavirindən İsa Qəmbərə irad

Hüseyn Məlik: "Ortada kifayət qədər yalan informasiyalar var

"İsa Qəmbər Müsavat Partiyasının başqanıdır və prosedur qaydalarını bilir. Heç olmasa, dostluğumuz xatirinə başqan müşavirliyindən kənarlaşdırılmağım barədə mənə məlumat verməli idi. Ancaq bunu etmədi".
Bunu APA-ya açıqlamasında Hüseyn Məlik Müsavat başqanının müşaviri vəzifəsindən çıxarılmasına münasibət bildirərkən deyib.
H. Məlik qeyd edib ki, indiyədək Müsavat Partiyasının əleyhinə heç bir fikir deməyib: "Müsavat Partiyasının təəssübünü mənim qədər çəkən yoxdur. Mən partiyanın rəhbərliyi haqqında da pis fikir işlətməmişəm. Sadəcə, ortada kifayət qədər yalan informasiyalar var".
O, AXCP ilə yaxınlığı səbəbindən vəzifəsindən kənarlaşdırılması barədə yayılan informasiyalara da münasibət bildirib: "2003-cü ilə kimi AXCP-nin üzvü olmuşam. Ancaq ACXP ilə yaxınlığıma görə müşavirlikdən uzaqlaşdırılmağım barədə yayılan informasiyalara inanmıram".
Müsavat başqanının müavini Gülağa Aslanlı isə APA-ya bildirib ki, müşavirlərini təyin və ya azad etmək Müsavat başqanın səlahiyyətində olan məsələdir. Onun sözlərinə görə, İ. Qəmbər H. Məliki partiyadan deyil, müşavirlikdən kənarlaşdırıb: "Ancaq bu, partiyadan çıxarılma mənasına gəlmir. Hüseyn Məlik partiyadan istefa verdiyini sosial şəbəkə vasitəsilə elan edib. O, hər hansı ərizə ilə partiyaya müraciət etməyib".
H. Məlikin AXCP ilə yaxınlığa görə, vəzifəsindən kənarlaşdırıldığı barədə informasiyaların yanlış olduğunu deyən G. Aslanlı bildirib ki, bütün hallarda H. Məlikin nöqsanları olub, buna görə də İ. Qəmbər belə bir addım atıb: "Səbəbsiz heç nə olmur. Ancaq onun konkret nöqsanı nədir, bunu başqan bilir".