Onlar salnamə yaradırlar – Əli Həsənov Siyasət

Onlar salnamə yaradırlar – Əli Həsənov

Teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin və incəsənətinin formalaşmasında mühüm rol oynayıb. Teleradio, eyni zamanda, Azərbaycanın siyasi salnaməsini yaradır və onun ən yaxşı nümunələrini dünyada tanıdır. Müstəqillik illərində teleradio sahəsi xüsusi inkişaf edən sahəyə çevrilib.
Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov özünün sosial şəbəkədəki hesabında bildirib.
O qeyd edib ki, teleradiolarımız ən müasir texnoloji yeniliklərlə təmin olunublar:
“Hazırda onlar nəinki Cənubi Qafqazın, hətta dünyanın ən qabaqcıl teleradio kompaniyaları ilə rəqabət aparmaq qabiliyyətindədirlər. Azərbaycanda 300-dən artıq qəzet-jurnal, 50-dən artıq televiziya və radio fəaliyyət göstərir. Hələ mən Azərbaycan əhalisinin sosial şəbəkədə aktivliyini demirəm. Azərbaycan əhalisinin 82 faizi sosial şəbəkə istifadəçisidir. Bir sözlə, teleradio fəaliyyəti ilə məşğul olan insanlar Azərbaycan dövlətinin milli, tarixi, mədəni salnaməsini yaradırlar”.
Əli Həsənov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin teleradio fəaliyyətinə hər zaman böyük önəm verib:
“Azərbaycanda teleradio fəaliyyəti mühüm inkişaf yolu keçib, xüsusilə də müstəqillik illərində bu sahə xeyli inkişaf edib. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Azərbaycanda mətbuat üzərindən senzuranı götürməsi teleradio fəaliyyətinin inkişafına da mühüm təsir göstərdi. Teleradio kompaniyaları bu gün Azərbaycanı, ölkəmizin mədəniyyətini həm regionda, həm də dünyada layiqincə təbliğ edirlər...”
Əli Həsənov radio və televiziya günü münasibəti ilə bütün teleradio işçilərini təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Qeyd edək ki, 6 noyabr Azərbaycanda Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur. Belə ki, ilk dəfə 6 noyabr 1926-cı ildə ölkədə radio verilişlərinin yayımına başlanılıb.