“Rusiya Ermənistanı bütün hallarda müdafiə edir” Siyasət

“Rusiya Ermənistanı bütün hallarda müdafiə edir”

Politoloq: “Ermənistan isə yalnız Rusiyaya qarşı xəyanətlə məşğuldur”

“Rusiya və Ermənistanın strateji müttəfiqliyi dünya siyasətinin ən ziddiyyətli hallarından biridir”. Bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. “Rusiya Ermənistanı bütün hallarda müdafiə edir. Ermənistan isə yalnız Rusiyaya qarşı xəyanətlə məşğuldur. Belə misallar hədsiz çoxdur. Son nümunələr özü vəziyyəti tam təsəvvür etməyə imkan verir. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın bioloji laboratoriyalarına rusiyalı mütəxəssisləri buraxmaqla bağlı müqavilə imzalamalı idi. Amma son anda bəlli oldu ki, sənəd hazır deyil və Lavrov buna ciddi etiraz bildirmədi. Əksinə, Dağlıq Qarabağ məsələsi daxil olmaqla, bəzi məsələlərdə Ermənistana dəstək verdi. Bir neçə dəfə Nikol Paşinyan KTMT və digər məsələlər üzrə Rusiyaya qarşı xəyanət etmişdi. Təbii ki, Rusiya tərəfi lazımi cavabı vermədi. Ermənistanda qanunsuzluğun, hüquq pozuntularının mənbəyi kimi Rusiya hərbi bazası göstərilir.
Rusiya Ermənistanla əlaqəli bəzi reallıqları dərk etməkdən çox uzaqdır. Kommunikasiyalarla bağlı baş verənlər bunu əyani şəkildə göstərir. Rusiya Ermənistanla etibarlı dəmir yol əlaqəsinə malik olmalıdır. Bu Abxaziyadan gələn dəmir yolu ola bilməz. Yuxarı Lars avtomobil yolunun vəziyyəti də hamıya bəllidir. Yalnız Azərbaycandan keçən dəmir yolu ola bilər. SSRİ zamanı Ermənistana yüklərin 85 faizi Azərbaycan ərazisindən keçən dəmir yolu vasitəsilə daşınırdı. Bu həm Ermənistanla Rusiya arasındakı iqtisadi, ticari, nəqliyyat əlaqələrini dirçəldəcək, eyni zamanda Rusiyanın Yaxın Şərq regionu üçün çox vacib çıxışını əldə edəcək. Bu anlamda Rusiya üçün Azərbaycan ərazisi vasitəsilə Yerevana gedən dəmir yolu çox mühüm geostrateji və konseptual əhəmiyyətə malikdir.
Ermənistan isə Azərbaycan ərazisindən kənar keçmək üçün Gürcüstan ərazisindən ən etibarlı əlaqəni qurmağa hazır olduğunu nümayiş etdirir. Amma bəlli olmur ki, niyə görə Ermənistan bu vaxta qədər Gürcüstanın ərazisində bu əlaqəni qurmurdu. Hətta Ermənistan Rusiyadan 2 bərə almaq istəyir ki, Gürcüstan ərazisi vasitəsilə əlaqələrinin etibarlı olduğunu nümayiş etdirsin.
Ermənistan ərazisindən nüvə tullantıları çıxa bilmir və ya o da açıq şəkildə bəllidir ki, Yerevan İES turbogenerator kimi ağır və mürəkkəb qabaritli avadanlığın gətirilməsinə mürəkkəb texnoloji priyomlar, fəndlər istifadə edildi.
Ermənistanın Rusiya ilə birbaş kommunikasiya əlaqələrinə maneçilik etməsi, rəsmi Moskvanın bu məsələni yalnız "Rusiya Dəmir Yolları" idarəsinin rəisi Belozerovun bəyanatı formasında saxlaması diqqət çəkir. Artıq Belozerovun mövqeyi sərtləşir. Ehtimal ki, yaxınlarda Rusiyanın digər strukturları da bu məsələdən ötrü Ermənistana səfərlər edəcəklər.
Ermənistanın Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə dəmir yolu əlaqəsi qurmamasının səbəbi heç də Dağlıq Qarabağ məsələsi deyil. Əlbəttə bu dəmir yolunun işə düşməsi Azərbaycanın 7 rayonunun işğaldan azad olunması anlamındadır. Amma Ermənistanın burada daha böyük məqsədi var. Paşinyan Rusiyanın dəmir yolunu Ermənistana və Yaxın Şərq istiqamətində buraxmamasını artıq ABŞ-la alver predmetinə çevirib. Görünür yaxında ermənilər Rusiyanı Mehri yolu variantından əl çəkməyə vadar edəcəklər və ABŞ-la Ermənistanın arasında sıçrayış baş verəcək. Nilol Paşinyanın "yaxınlarda ABŞ-Ermənistan münasibətlərində sıçrayış baş verəcək" bəyanatının başqa anlamı yoxdur. Rusiya yeni mərhələni də uduzmuş olacaq".