Vaqif Mustafayev: Heydər Əliyev kimi böyük bir şəxsiyyət haqqında çəkdiyim filmlərə görə qürur hissi keçirirəm Siyasət

Vaqif Mustafayev: Heydər Əliyev kimi böyük bir şəxsiyyət haqqında çəkdiyim filmlərə görə qürur hissi keçirirəm

“Heydər Əliyev mənim xatirəmdə silinməz izlər qoyub. Mənim onunla şəxsi görüşlərim olub. Hər dəfə onun adı çəkiləndə, hər dəfə onun barəsində söz düşəndə həmin xatirə və görüşlər gözlərim önündə canlanır. Bu gün xalqımızın Ümummilli Liderinin anım günündə yenidən həmin xatirələr, onunla etdiyimiz söhbətlər yada düşür”,- deyə Fəxri xiyabanda anım günü ilə əlaqədar xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarətə gələn Xalq artisti, Dövlət mükafatı laureatı, tanınmış kinorejissor Vaqif Mustafayev deyib.
Dahi şəxsiyyət haqqında 12 filmin və “Heydər Əliyev” bədii filminin müəllifi olan Vaqif MustafayevAZƏRTAC-ın müxbiri ilə söhbətində Ulu Öndər haqqında böyük hörmət və ehtiramla danışıb: “O, xalqımızın yetişdirdiyi ən böyük və unudulmaz şəxsiyyətlərdən biri idi. İllər gəlib keçəcək, zaman ötəcək, nəsillər dəyişəcək, lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlər heç vaxt yaddan çıxmayacaq. Xüsusilə mədəniyyət və kino işçilərinə onun göstərdiyi diqqət və qayğı hər cür təqdirə layiqdir. Bu sahədə fəaliyyət göstərən elə sənətkar tapmaq olmaz ki, Ulu Öndərin qayğısından kənarda qalsın. Mən dünya şöhrətli belə bir şəxsiyyəti tanıdığıma və onun həyatının müəyyən epizodlarını kinolentin yaddaşına köçürdüyümə görə qürur hissi duyuram”.