“Seçkiyə getməyən siyasi təşkilatlar QHT-yə çevrilsə, daha məntiqli olar” – Rəfail Becanov Siyasət

“Seçkiyə getməyən siyasi təşkilatlar QHT-yə çevrilsə, daha məntiqli olar” – Rəfail Becanov

9 fevralda keçiriləcək növbədənkənar parlament seçkisinə hazırlıq sürətlənib. Siyasi partiyalar seçkidə iştirakla bağlı mövqeyini müəyyənləşdirir, namizədlərin irəli sürülməsi prosesi başlayıb. Artıq bir sıra ictimai-siyasi fəallar, sənət adamları namizəd olacaqlarını açıqlayıblar. Siyasi kəsimin böyük əksəriyyətinin seçkidə iştirakla bağlı qərar qəbul etməsinə baxmayaraq, Milli Şura boykot qərarında israrlıdır.

Avropa.info xəbər verir ki, Cebhe.info və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanovun fikrincə, siyasi proseslərdə iştirak təkcə bəyanat vermək, “boykot edirəm” demək, yaxud internet televiziyalarda gündəmi dəyərləndirməyə yönəlik çıxışlardan ibarət deyil:

“Ancaq bunun belə olduğunu düşünənlər var və siyasi fəaliyyətlərini məhz bunun üzərində qururaq özlərini siyasətçi, rəhbərlik etidkləri təşkilatı isə siyasi qurum adlandırırlar. Onların dəfələrlə sınaqdan keçirdiyi boykot taktikasının heç bir effekt vermədiyi məlumdur. Eyni addımı dəfələrlə təkrarlamaqla özlərinin varlığını sübuta yetirməyə çalışan bu qüvvələr də əslində bilir ki, siyasət həm də tənqid etdiyi hakimiyyətə qarşı mübarizə aparmaqdır. Bu mübarizə üçün seçkidən daha yaxşı meydan ola bilməz. Özünü siyasətçi, rəhbərlik etdiyi qurumu isə siyasi təşkilat adlandıranlar qanunla onlara verilən bu imkandan istifadə etmirsə, siyasətlə məşğul olduğunu iddia etməsin. Çünki belə olan halda bu təşkilatlar siyasi partiya, siyasi təşkilat anlamını itirir və hansısa vəqf səviyyəsinə düşür. Seçki siyasi təşkilatın tanınması, əhalinin siyasi fəallığının artırılması, daha geniş kütlələrlə əlaqə imkanı deməkdir, bütün bu imkanları əlindən bilərəkdən buraxan qurum siyasətlə məşğul olduğunu iddia edə və kimsəni buna inandıra bilməz. Belə siyasi qurumlar QHT-yə çevrilsə, daha yaxşı olardı. Əli Kərimli və Milli Şuranın fəaliyyəti onsuz da dərnək səviyyəsindədir. Bunu rəsmən elan etsələr, daha məntiqli olardı”.