“Süleymani erməniləri real şəkildə dəstəkləyib” Siyasət

“Süleymani erməniləri real şəkildə dəstəkləyib”

Arye Qut: “İranın Azərbaycandakı sosial dayaqları Azərbaycan dövlətçiliyi üçün ən ciddi milli təhlükəsizlik problemidir və böyük təhdiddir”

Qasım Süleymaninin öldürülməsiylə əlaqədar Yaxın və Orta Şərq regionunda vəziyyət olduqca gərginləşib və mürəkkəbləşib. Yeni müharibələr proqnozlaşdırılır.
Bu sözləri Eurasia Diary-ə müsahibəsində beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut deyib.
Ekspert qeyd edib ki, İsrail və ABŞ ekspertlərinin, o cümlədən, mənim fikrimcə, Süleymani regionda çox aktiv fəaliyyət göstərən beynəlxalq terroru dəstəkləyən general idi və məhz indiki məqamda ABŞ tərəfindən bu generalın zərərsizləşdirilməsi çox gərəkli və önəmli idi: “Bu şəxsin İsrail ətrafındakı dövlətlərdə, İraqda, Livanda, Suriyada İsrailə qarşı fəaliyyət göstərən terrorçu qrupların idarə və yardım edilməsində xüsusi rolu var idi. Hər kəsə məlumdur ki, İran iqtisadiyyatı çökmək üzrədir. Son dövrlər genişləndirilən sanksiyalar İranda vətəndaşların sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdırıb və xalq noyabrda benzin aksiyalarında da göstərdi ki, belə vəziyyətdə yaşamaq istəmir. İran vətəndaşları ölkələrinin təbii sərvətlərindən faydalanaraq yüksək rifah səviyyəsində yaşamağı arzulayır. Lakin İrandakı rejim bütün bunlara rəğmən dövlətin vəsaitini xalqa yox, Hizbullah, Həmas, İslami Cihad kimi terror təşkilatlarına sərf edir. Bu İran siyasəti üçün paradoksal bir durumdur”.
Arye Qutun qənaətinə görə, Azərbaycan ictimaiyyətində Süleymaninin öldürülməsi ilə bağlı rezonans yaradanlar İranyönümlü təşkilatlardır: “Hansı ki, bu təşkilatlar İrandan maliyyələşir və real şəkildə dəstəklənir. Lakin bu təşkilatlar İranda yaşayan 35 milyondan çox azərbaycanlının sosial-siyasi durumu ilə maraqlanmır. İranda yaşayan azərbaycanlılar öz dillərində təhsil ala bilmir, öz dövlətinin bayrağını qaldıra bilmir, bir çox qadağalar, təzyiqlərlə üzləşirlər. Mən İsraildə yaşayan azərbaycan kökənli insan kimi sizə deyə bilərəm ki, burada 70 min azərbaycanlı, İrandakı 35 milyon azərbaycanlıdan daha sərbəst şəkildə öz dövlətlərinin milli bayramlarını, həmrəylik gününü və digər əlamətdar günləri qeyd edirlər və hər keçirilən tədbirdə Azərbaycanın üç rəngli bayrağı dalğalandırılır. Eyni zamanda, Azərbaycanda bu gün bəzi məscidlərdə Süleymani üçün dini mərasimlərin keçirilməsi çox böyük təəssüf doğurur. Yaxın tarixə nəzər salsaq görərik ki, Süleymani Qarabağda dinc azərbaycanlılara qarşı divan tutan erməniləri real şəkildə dəstəkləyib. Bütün bunlara rəğmən Süleymaniyə Azərbaycan məscidlərində mərasimlər keçirilməsi, təxminən 80 mindən çox azərbaycanlının sosial şəbəkələrdə onun şəkillərini paylaşması bir daha göstərir ki, İranın Azərbaycanda sosial dayaqları çox güclüdür. Sözügedən dayaqların formalaşmasında İran kəşfiyyat qurumlarının böyük xidmətləri var. Düşünürəm ki, bu Azərbaycan dövlətçiliyi üçün ən ciddi milli təhlükəsizlik problemidir və böyük təhdiddir. İranda hər kəs yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib, bir milyondan çox azərbaycanlını öz torpaqlarından didərgin salıb. Lakin İran bunlara rəğmən Ermənistanla bütün sahələrdə sıx əməkdaşlıq edir. Hətta ermənilərin işğalı altındakı Şuşada Yuxarı Gövhər Ağa məscidini təmir etdirir, abidənin də üzərində “fars mədəniyyət nümunəsi” yazdırır”...