Fransa səfiri  terrora qarşı mübarizədə göstərdiyi həmrəyliyə görə Azərbaycana təşəkkür edib Siyasət

Fransa səfiri  terrora qarşı mübarizədə göstərdiyi həmrəyliyə görə Azərbaycana təşəkkür edib

Terrora qarşı mübarizədə göstərdiyi həmrəyliyə görə Azərbaycana təşəkkür edirik.
Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros 11 mart - Terror qurbanlarının xatirəsinə həsr olunmuş milli hüzn günündə deyib.
Səfir bildirib ki, Fransa Azərbaycanın üzləşdiyi çağırışları yaxşı başa düşür:
“Fransanın da üzləşdiyi çağırışlar eynidir. Eyni zamanda tolerantlığa bağlı olduğuna görə Azərbaycana təşəkkür edirik”.
Diplomat vurğulayıb ki, Fransa Prezidenti Emmanuel Makron hər il 11 mart tarixini terror qurbanların xatirəsini yad etmək məqsədilə hüzn günü elan etmək barədə qərar verib. Bu hüzn gününün məqsədi Fransada və xaricdə Fransa maraqlarına qarşı edilən hücumların qurbanı olmuş fransız və ya xarici vətəndaşların xatirəsini ehtiramla yad etməkdir.
Səfirin sözlərinə görə, son 10 ildə Fransa çoxsaylı terror hadisələrindən əziyyət çəkib:
"Radikal terror qruplaşmaları tərəfindən insanlarımız hücumlara məruz qalıb. Bunlar hamısı bir faciədir və arxasında demokratiyadan, dialoqdan imtina dayanır".