"Bir nəfər hamı, hamı bir nəfər üçün" Siyasət

"Bir nəfər hamı, hamı bir nəfər üçün"

Bu gün bütün bəşəriyyət son yüz ilin ən ciddi çağırışlarından biri ilə üz-üzədir. Koronavirus bəlkə də qobal müharibələrdən daha təhlükəlidir. Çünki konkret ünvanı, məkanı yoxdur, hər yerdə ola və hər kəs üçün eyni təhlükəni yarada bilər. Koronovirus bioloji terrorçudur, sərhəd, ölçü, dəyər tanımır, qanunlara, beynəlxalq hüququn ən ağır müharibələr dövründə belə öz işləkliyini qoruyub saxlayan mexanizmlərinə tabe deyil. Terrorizm kimi koronavirus da bütün bəşəriyyətin, insanlığın düşmənidir.
Belə olduğu təqdirdə, bizə də özümüzün, doğmalarımızın, Vətənimizin və bütün bəşəriyyətin gələcəyi naminə bu qlobal təhlükəni ciddi qəbul etmək qalır. Amma burada da çox önəmli bir məqam var - “qızıl ortanı” itirməmək. Yəni hər birimiz İran, İtaliya, Cənubi Koreya və digər ölkələrin təcrübəsini nəzərə almaqla, real təhlükənin və risklərin mövcudluğunu qəbul etməli, bununla yanaşı, təşvişə düşməməməli, başqalarını təşvişə salan, insanları koronavirusa qarşı mübarizə tədbirlərinə maneə yarada biləcək davranışlara sövq edən, kütləvi ajiotaj yarada biləcək hərəkətlərə yol verməməliyik. Koronavirusla mübarizə, həyatımızın təhlükəsizliyi bizdən soyuqqanlı olmağı, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əməl etməyi tələb edir. Bu məsələdə hər bir vətəndaşımız nümunə olmağı bacarmalı, marifləndirici məlumatların daha geniş insan kütləsinə çatması üçün səy göstərməlidir. Koronovirusa qarşı mübarizə “Bir nəfər hamı, hamı bir nəfər üçün” prinsipi ilə hərəkət etməyi tələb edir. Bu isə daha geniş anlamda xalqımızın immun sisteminin möhkəmləndirilməsi, dirəniş imkanlarının gücləndirilməsidir. Koronavirusun yayılmasının qarşısı hər birimizin istisnasız olaraq sanitariya və gigiyena qaydalarına əməl etməyimizlə, təmkinli və soyuqqanlı davranışlarımızla, özümüzü, doğmalarımızı və başqalarını qorumaq mədəniyyətimizlə alına bilər.
Onu da qeyd edim ki, virusun yayıldığı ölkələrdə kifayət qədər sərt tədbirlər həyata keçirilir. ABŞ, İspaniya, İtaliya, Çexiya, Litva, Latviya, Estoniya, Qazaxıstan, Serbiya, Livan və bir sıra digər ölkələrdə fövqəladə vəziyyət elan olunub. Argentina, Çexiya, Moldova, Latviya, Polşa, Ukrayna, Türkiyə, Rusiya və digər ölkələr hava və quru sərhədlərini tamamilə və yaxud qismən bağlayıblar.
Dünyanın bir çox ölkələrində dövlət qurumları öz iclaslarını “videokonfrans” formatına keçiriblər.
İtaliyada bütün ölkə ərazisində karantin elan edilib. Fransada yalnız ərzaq mağazalarına, həkimə, həmçinin məsafədən işləyə bilməyənlərə küçəyə çıxmağa icazə verilir. Karantin şəraitinə nəzarət etmək üçün prosesə yüz min polis işçisi və jandarm cəlb edilib. Qaydaları pozanlara qarşı ciddi inzibati cəza tədbirləri həyata keçirilir. Fransa Prezidenti Emmanuel Makron ölkədə həyata keçirilən bütün islahatların, o cümlədən pensiya islahatlarının dayandırıldığını bəyan edib və bildirib ki, hökumət yalnız böhran vəziyyəti ilə məşğul olacaq. Makron mövcud vəziyyəti “sanitariya müharibəsi” adlandırıb və deyib: “Biz müharibədəyik. Düşmən isə gözə görünmür, amma biz ona qalib gələcəyik”.
Bununla yanaşı, martın 17-dən etibarən Şengen bölgəsinin və Avropa İttifaqının bütün sərhədləri bağlanıb.
Göründüyü kimi, dünyanın bütün aparıcı dövlətləri virusun yayılmasının qarşısının alınması üçün ən sərt tədbirlərə əl atırlar. Söhbətin nə üçün məhz “virusun yayılmasının qarşısının alınmasından” getdiyi, düşünürəm ki, dəyərli oxucular üçün aydındır. Çünki xəstəlik əleyhinə peyvənd hələ tapılmayıb. Yəni xəstəliyin müalicəsi yoxdur, hətta dünyanın inkişaf etmiş ölkələri belə virusun qarşısını ala bilmirlər. Lakin səmərəli və qabaqlayıcı tədbirlərin həyata keçirildiyi, təhlükəni ilk gündən ciddiyə alan ölkələrdə vəziyyət daha daha qənaətbəxşdir. Bu baxımdan, Azərbaycan bir çox ölkələri qabaqlayır.
Daha öncə də qeyd etdiyim və başqa ölkələrdən gətirdiyim nümunələrdən göründüyü kimi heç bir coğrafi ərazi və insan bu təhlükəli virusdan sığortalanmayıb. Buna görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər və ictimaiyyət buna hazır olmalıdır. Hər kəs başa düşməlidir ki, hökumətin həyata keçirdiyi tədbirlər ilk növbədə onların, ailə üzvlərinin, doğmalarının həyatlarının qorunmasına xidmət edir. Bu, Azərbaycan dövlətinin konstitusion hüququ və vəzifəsidir. Dövlət vətəndaşın Konstitusiyada təsbit olunan hüquqlarının, o cümlədən sağlam və təhlükəsiz yaşamasının təminatçısıdır və bu vəzifəni həyata keçirmək üçün gərəkli olan bütün hüququ addımları ata bilər. Məsələn, Azərbaycan Konstitusiyasının 112-ci maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir”.
Təbii ki, fövqəladə vəziyyət ən son zəruri addımlardan biridir və hələlik ölkəmizdə belə bir qərar qəbul olunmayıb. Amma vətəndaşlarımız üçün həyati təhlükə ehtimalının güclənəcəyi təqdirdə ən son zəruri addımların atılması da mümkündür. Çünki həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən biri də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir.
Hazırda isə hər birimiz Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərə öz davranışlarımızla dəstək verməli, özümüzü və doğmalarımızı, xüsusulə də yaşlı insanları virusun təsirindən qorumalı, onlara xüsusi diqqət və qayğı göstərməliyik.
Həmçinin, xüsusi zərurət olmadığı təqdirdə evdə oturmağa üstünlük vermək, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə getməmək, ictimai nəqliyyatdan istifadə, mağazalarda alış-veriş edərkən daha etibarlı qorunmaq lazımdır.
Belə bir şəraitdə hər birimizin ayıq-sayıq olması da olduqca vacindir. Cəmiyyətdə təlaş və ajiotajın yaradılmasına xidmət edən şəxslər müəyyənləşdirilməli və onların barəsində ən sərt tədbirlər görülməlidir. Belə şəxslərə qarşı mübarizə təkcə dövlətin vəzifəsi deyil, vətəndaşlarımız da öz fəal mövqeyi ilə seçilməli, koronavirusun yayılmaması üçün ölkəmizdə həyata keçirilən tədbirlərə maneə yaratmaq istəyən və bu məqsədlə sosial şəbəkələrdən, inrernet resurslarından istifadə edən şəxslərin ifşa olunması üçün vətəndaş mövqeyi nümayiş etdirməlidirlər.
Bu arada bir məqama da xüsusi diqqət çəkmək istəyirəm. Bu gün Bakının ən müxtəlif ərazilərində yerləşən supermarketlərə, mağazalara baş çəkmişəm. Hər yerdə ərzaq bolluğu var. Azərbaycanın ərzaq təhlükəsizliyi təmin olunub, ərzaq məhsulları ilə bağlı qıtlıq yarana biləcəyi ehtimalı tamamilə istisna edilir. Bu səbəbdən də, kütləvi şəkildə supermarketlərə, mağazalara axışmağa heç bir ehtiyac yoxdur. Ölkəmizin iqtisadi gücü, valyuta ehtiyatları hətta uzunmüddətli fövqəladə vəziyyətlərdə belə vətəndaşlarımızın ərzaq və digər zəruri məhsullarla təmin edilməsi üçün yetərlidir. Dövlət ərzaq təhlükəsizliyinin təmin olunması üçün bütün zəruru tədbirləri həyata keçirir və bundan sonra da keçirmək iqtidarındadır.
Yaranmış vəziyyətdə ictimai iaşə, məişət obyektlərinin sahibləri də vətəndaş mövqeyi nümayiş etdirməli, ictimai maraqları fərdi və korporativ maraqlardan üstün tutmalıdırlar. Dövlətimizin hər zaman olduğu kimi, sahibkarlığa dəstək və digər iqtisadi tədbirlər çərçivəsində kiçik və orta biznesin inkişafı üçün bundan sonra da bütün zəriri tədbirləri həyata keçirəcəyinə şübhə etmirəm.
Əziz həmvətənlərim, tarixin ən müxtəlif dönəmlərində müharibələr, təbii fəlakətlər bizi çoxsaylı sınaqlar qarşısında qoyub və bütün bu sınaqlardan, milli birliyimizlə, həmrəyliyimizlə, mütəşəkkiliyimizlə alnıaçıq çıxmışıq. Azərbaycan xalqının və dövlətinin bu gözəgörünməz düşmən üzərində qələbə çalacağına bütün varlığımla inanıram.
Tanrı Azərbaycanı qorusun!

Elçin Mirzəbəyli