Tibbi maska istehsalı Azərbaycanın uğurudur Siyasət

Tibbi maska istehsalı Azərbaycanın uğurudur

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olub.
Tibbi maska istehsalı dövlətin koronavirusla mübarizə sahəsində apardığı səmərəli tədbirlərdən biridir.
Millət vəkili Azər Badamov deyib ki, dünyanı koronavirus təhlükəsi bürüdüyü bir vaxtda qısa bir zamanda tibbi maska və dizenfeksiya vasitələri istehsal edən sahələrin istifadəyə verilməsi Azərbaycanda hər bir həssas dövr üçün istehsal sahələrini qurmağa imkan verən infrastrukturun formalaşması deməkdir. Təbii ki, müasir dövrün çağırışlarına cavab verən infrastrukturun ölkəmizdə formalaşması cənab İlham Əliyeviin uzaq görən siyasətinin sayəsində meydana gəlib. Onun sözlərinə görə, tibbi spirtin və tibbi maskaların ölkəmizdə istehsalı ölkədə bu vasitələrə olan tələbatını ödəməklə idxaldan asıllığının aradan qaldırılması deməkdir: "Yəni, bütün dünyada bu vasitələrin çatışmamazlığı yaşanır və o cümlədən ölkəmizdə də müəyyən çətinlik yaşandı. Amma yeni istehsal xətlərin istifadəyə verilməsi bu sahədəki problemin kökündən həll olunmasına gətirib çıxaracaq. Tibbi spirt heç bir problem olmadan apteklər şəbəkəsində satışdadır. Tibbi maskalar da bir neçə gündə ölkə təlabatını tam ödəyəcək. Fabrikin açılışında cənab Prezident tibbi maska və dizenfeksiya vasitələrin qiymətlərini süni artıran şəxslərin ciddi cəzalandıracağını xüsusilə qeyd etməsi bu vasitələrin qiymətlərində qiymət artımların olmayacağını və aşağı qiymətlərlə vətəndaşların ala biləcəyi deməkdir. Ümumiyyətlə, koronavirus ÜST tərəfindən qlobal pandemiya elan ediləndən sonra dövlətimiz dərhal qabaqlayıcı tədbirlərə başlayıb. 20-dən çox xəstəxana koronavirus xəstələrinin müalicəsinə istiqamətləndirildi. Bu günlərdə açılışı olmuş ən yeni xəstəxana da koronavirusa yoluxanların müalicəsinə verildi. Yenə 3 mobil xəstəxananın qısa bir zamanda tikilməsi nəzərdə tutulub. 15 mindən çox xaricdə yaşayan vətəndaşlarımız təxliyyə olunaraq müasir istirahət mərkəzləri və otellərdə karantinə yerləşdirildi.
Cənab Prezident dövlətin bütün resurslarını koronavirusa qarşı mübarizəyə yönəltmişdir və ciddi mübarizə tədbirləri görülür. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu sahədə xəstələrin və dünyasını dəyişənlərin sayının azlığına görə ən qabaqcıl yerlərdədir. Dünya üçün çətin belə bir zamanda Azərbaycanda koronavirusa qarşı görülən tədbirlər və bu pandemiyadan əziyyət çəkən sahələrə dövlətin maliyyə yardımlarının göstərilməsi dövlət başçısının siyasətinin təməlində vətəndaşının sağlamlığını və sosial rifahının dayanmasını bir daha göstərdi. Bununla yanaşı vətəndaşlar da öz üzərinə düşən sosial məsuliyyəti ciddi nizam-intizamla riayət etməklə xidmət göstərməlidir. Biz bir yerdə güclüyük!".
Politoloq Cümşüd Nuriyev isə qeyd edib ki, Azərbaycanın qısa bir zamanda tibbi maska istehsalı müəssisəsinin açılmasına nail olması çox ciddi bir uğurdur. Bildiyiniz kimi adətən hər hansı bir yeni sənaye sahəsini formalaşdırmaq üçün bir neçə ay tələb olunur. Amma Azərbaycan buna bir neçə həftəyə nail olub. Bu Azərbaycan Prezidentinin iradəsini ortaya qoyması və müvafiq strukturların Prezidentin iradəsinə tabe olmaları nəticəsində həyata keçirilib.
Politoloqun sözlərinə görə, əslində bu məsələdə Azərbaycanı günahlandırmaq haqqsızlıq olar: “Heç bir dünya dövləti belə bir hadisənin baş verəcəyindən xəbərdar deyildi. Bu epidemiyaya ölkələr, həmçinin Azərbaycan qəfil yaxalanıb. Avropanın inkişaf etmiş dövlətləri belə bu bəladan heç cür sığortalana bilməyiblər. Azərbaycan isə qısa zamanda belə bir müəssisənin açılmasına nail olub və bu ölkəmizin böyük bir uğurudur. Bildiyiniz kimi apteklərdə maskalarda qıtlıq yaranıb və hətta artıq maskaların alveri başlayıb. Maskaların, spirtlərin və əlcəklərin qiymətlərinin süni şəkildə artırılması müşahidə olunur”.
Cümşüd Nuriyev vurğulayıb ki, təəssüf biz millət kimi özümüz də hər hansı bədbəxtçilik baş verəndə biz bu bədbəxtçilikdən ancaq öz xeyrimizə nəticə çıxarmağa çalışırıq: “Cənab Prezidentin atdığı bu addım və bu gün həmin müəssisənin açılması Azərbaycan iqtisadiyyatının şaxələnmə imkanlarının böyük olduğunu göstərib və ölkənin tələbatının istənilən vaxt idxaldan asılılığını aradan qaldırmaq bacarığını ortaya qoyub. Eyni zamanda dövlətin iqtisadi layihələrini uğurla həyata keçirmə qabiliyyətini də gündəmə gətirib. Çünki ölkədə makroiqtisadi göstəricilər üçün bu tip addımlar çox vacibdir. Ümid edirəm ki, artıq apteklərdə tibbi maska ilə əlaqədar qıtlıq bununla da sona çatacaq və Azərbaycan qısa zaman kəsiyində nəyinki, özünü təmin edəcək, habelə digər qonşu dövlətlərə də maska satmağı bacaracaq”.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin fikrincə, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı vacib və vaxtında həyata keçirilən bir layihədir.
Fuad Əliyev qeyd edib ki, xüsusilə də koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı, istehsalçı ölkələrin isə tibbi maska ixracını dayandırması bir vaxtda bu fabrikin açılması mütləq idi: "Hesab edirəm ki, daxili bazarın tələbatı ödəyəndən sonra, tibbi maskaların ixracını da fikirləşmək olar. Xüsusi karantin, bu müəssisənin açılışı və digər qabağlayıcı addımlar virusun kütləvi yayılmasının qabağını alacaq. Sadəcə, bir daha bildirmək istəyirəm ki, vətəndaşlar dözümlü, səbirli olsunlar, panikaya düşməsinlər".