Parlamentin komitə iclasları videokonfrans sistemi ilə keçirilə bilər Siyasət

Parlamentin komitə iclasları videokonfrans sistemi ilə keçirilə bilər

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" qanuna dəyişiklik ikinci oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, Milli Məclisin martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, bu il dekabrın 30-dək karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin komitə iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək və real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcəkdi. Qanun layihəsinin yeni redaksiyasına əsasən, bu il dekabrın 30-dək karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri komitələrin iclaslarının müəyyən dövr üçün videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək və videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək. Bu dəyişiklik Milli Məclisə seçim imkanı verəcək ki, virtual iclaslar internetlə yanaşı, intranet (ölkədaxili), lokal şəbəkələrdən istifadə etməklə reallaşdırılsın. Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib. Qeyd edək ki, Milli Məclisin plenar iclaslarının da videokonfrans sistemi ilə keçirilməsini nəzərdə tutan qanun layihəsi ikinci oxunuşda qəbul olunub.