Dünyaya birlik mesajları Siyasət

Dünyaya birlik mesajları

İlham Əliyev: "Bu gün biz müstəqil dövlət kimi öz gələcəyimizi birgə qururuq"
Əhməd Davudoğlu: "Azərbaycana xidmət Türkiyəyə xidmət və Türkiyəyə xidmət Azərbaycana xidmət etmək deməkdir"

Dünən Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfərə gəlib. O, mərhum dövlət başçısı Heydər Əliyevin məzarını ziyarət edib. Davudoğlu, həmçinin Şəhidlər Xiyabanını ziyarət edərək, buradakı Türk Şəhidliyi önünə çələng qoyub.
Türk Şəhidliyindəki "şərəf dəftəri"ni imzalayan Türkiyənin baş naziri xatirə dəftərinə belə yazıb: "Qafqaz İslam Ordusunun igid əsgərləri, sizlər tarixin ən çətin dövrlərində azərbaycanlı qardaşlarımıza kömək əlinizi uzatdınız. Bu böyük fədakarlığınız həmin dövrdə müstəqil Azərbaycanın suverenliyini möhkəmləndirdi. Bu qəhrəmanlıq bütün Türkiyənin ürəyində qürurla daşıdığı bir nişanədir. Şəhid olduğunuz bu torpaqlarda bu gün azad və firavan bir ölkə mövcuddur. Axıtdığınız qan Türkiyə və Azərbaycanı bir-birinə bağlayan ən müqəddəs bağdır. Siz "Bir millət, iki dövlət" həqiqətinin timsalısınız".
Əhməd Davudoğlu 6 ildən bəri ibadətə bağlı olan Türk Şəhidliyi məscidini də ziyarət edib, burada namaz qılıb.
Azərbaycanda səfərdə olan Türkiyə baş naziri dünən dövlət başçısı İlham Əliyevlə təkbətək görüş keçirib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb, əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuata bəyanat veriblər.
Prezident İlham Əliyev qeyd edib ki, Davudoğlu ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə edilib: "Mən hörmətli baş naziri son vəziyyətlə tanış etdim. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktivliyinə görə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır".
Dövlət başçısı bildirib ki, bu münaqişənin postsovet məkanında digər münaqişələrdən fərqi ondadır ki, burada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: "Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur. Bu qurum 4 qətnamə qəbul etmişdir. Ermənistan tərəfi sadəcə olaraq ona məhəl qoymur və onları icra etmir. 20 faiz torpaqlarımız işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Əfsuslar ki, vasitəçilərin fəaliyyəti heç bir nəticə gətirmir və beynəlxalq hüquq Ermənistan tərəfindən kobudcasına pozulur".
İlham Əliyev qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri vardır: "Bu qərar və qətnamələr əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişə öz həllini tapmalıdır və əminəm ki, gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcəkdir".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkiyə əsrlər boyu bir-birinin yanında olub: "Bu gün biz müstəqil dövlət kimi öz gələcəyimizi birgə qururuq. Bizim siyasi əlaqələrimiz gündən-günə inkişaf edir. Bu ayın əvvəlində hörmətli prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə idi. İndi hörmətli baş nazir rəsmi səfərdədir. Mən də seçkilərdən sonra ilk rəsmi səfərimi Türkiyəyə etmişəm. Bu, əslində əlaqərimizin səviyyəsini əyani şəkildə göstərir".
Azərbaycan prezidenti qeyd edib ki, Türkiyə və Azərbaycan bu gün eyni zamanda, iqtisadi sahədə uğurla əməkdaşlıq edir, iki ölkə qarşılıqlı sərmayə qoymaqla həm öz maraqlarını təmin edir, eyni zamanda, bir-birini daha da gücləndirir: "Azərbaycandan Türkiyəyə qoyulacaq sərmayələrin həcmi 20 milyard dollara yaxındır. Eyni zamanda, Türkiyədən Azərbaycana sərmayələr qoyulur. Biz çox böyük məmnuniyyət hissi ilə Türkiyənin "Şahdəniz"dəki və TANAP-dakı payının artırılmasını qəbul edirik. Çünki burada artıq türk şirkətləri daha da artıq paya malik olacaqlar. TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir. İki il bundan əvvəl bu layihəyə start verildi və bu gün artıq bu proje reallaşır".
Azərbaycanın dövlət başçısı bildirib ki, enerji sahəsində əlaqələrimiz nəinki iki ölkə üçün, bölgə, dünya üçün də böyük önəm daşıyır: "Sabah Azərbaycanda böyük bir mərasim keçiriləcək. Sabah "Cənub Qaz Dəhlizi"nin tikintisi başlayır. 20 sentyabr bizim üçün tarixi gündür, çünki 20 il bundan öncə məhz sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanmışdı. 20 ildən sonra biz artıq XXI əsrin layihəsinə start veririk".
O qeyd edib ki, enerji sahəsində digər layihələr də icra edilir: "Əminəm ki, Trans Anadolu, Trans Adriatik və "Şahdəniz-2" layihələrinin uğurla icrası nəticəsində bölgədə əməkdaşlıq üçün yeni bir şərait yaranacaq. Bu layihələr həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək və burada iştirak edəcək ölkələrin sayı kifayət qədər çoxdur. Beləliklə, Türkiyə və Azərbaycan bu layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq əməkdaşlığa da öz töhfəsini verəcək".
Baş nazir Əhməd Davudoğlu isə bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq: "Azərbaycan torpaqlarının hər qarışı azad olunana qədər və bundan sonra da Türkiyə Azərbaycana hər cür dəstək verəcək. Türkiyə və Azərbaycan bölgəni sülh regionu etmək üçün bundan sonra da çiyin-çiyinə çalışacaq. Təəssüflər olsun ki, hələ də bəzi ölkələr Azərbaycan və Türkiyə arasında olan işbirliyini anlamır. Azərbaycan və Türkiyə bundan sonra da beynəlxalq məsələlərdə qarşılıqlı əməkdaşlıq edəcək və bir-birini dəstəkləyəcək".
Ə.Davudoğlu əlavə edib ki, Azərbaycana qarşı edilən hər hansı haqsızlıq Azərbaycan kimi, Türkiyəni də narahat edir.
Baş nazir qeyd edib ki, Türkiyə və Azərbaycan gələcəkdə də birgə nailiyyətlərə imza atacaq: "Başlatdığımız hər layihə tamamlanacaq və tamamlanan hər layihə də yeni layihələrə yol açacaq. Bizim üçün Türkiyə və Azərbaycan arasında fərq yoxdur. Azərbaycana xidmət Türkiyəyə xidmət və Türkiyəyə xidmət Azərbaycana xidmət etmək deməkdir".