Millət vəkili: “Prezident pandemiyaya qlobal əməkdaşlıq sayəsində qalib gəlməyin mümkünlüyünü nümayiş etdirib” Siyasət

Millət vəkili: “Prezident pandemiyaya qlobal əməkdaşlıq sayəsində qalib gəlməyin mümkünlüyünü nümayiş etdirib”

“Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə keçirilən koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü Azərbaycanın nüfuzunu daha da artırıb”.
Bunu APA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
Millət vəkili deyib ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub, 2019-2022-ci illərdə Hərəkata sədrlik Azərbaycana həvalə edilib: “Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyü beynəlxalq təşkilatdır, 120 dövlət təmsil olunur. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizə sədrliyin həvalə olunması üzv dövlətlərin Azərbaycana etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin əlamətdar göstəricisidir”.
T. Kərimli nəzərə çatdırıb ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə keçirilən koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri, həmçinin BMT Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru çıxış ediblər. Eyni zamanda videokonfransda BMT Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsi - Vitse-prezidentinin videomüraciətləri səsləndirilib: “Qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqın duruma düşərək beynəlxalq həmrəylik nümayiş etdirə bilmirlər. Pandemiyanın tuğyan etdiyi indiki şəraitdə qlobal liderliyə ehtiyac duyulduğu halda məhz Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə müvəffəq oldu. Biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq. Ölkə başçımızın Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsünün üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənməsinin nəticəsi olaraq Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələrin təmsilçiliyini görmək olar. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin iştirak etdiyi tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın yüksək göstərici sayılmalıdır”.
Millət vəkili qeyd edib ki, dövlət başçımızın simasında Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdirlə qarşılanır: “Zirvə görüşündə 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin iştirak Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsi sayılmalıdır. Buna sübut kimi qəbul olunmuş Bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapmasını göstərə bilərik. Təqdirəlayiq haldır ki, BMT-nin Baş katibi video müraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bəyan etdi. Bununla yanaşı, o, Azərbaycan Prezidentinə belə bir görüşün təşkilinə görə təşəkkürünü bildirərək, BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini də xüsusi qeyd etdi. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirmək təcrübəsi vardı. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdi. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirmişdi. Azərbaycan Prezidentinin uğurlu rəhbərliyinin nəticəsidir ki, Türk Şurası çərçivəsində 3 istiqamət üzrə - səhiyyə, nəqliyyat və iqtisadiyyat üzrə əməkdaşlığa nail olunub. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirib. Təsadüfi deyildir ki, Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırmağına baxmayaraq, əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına bir daha 5 milyon dollar maliyyə yardımı ayıracaq. Bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Qoşulmama Hərəkatının üzvlərinə yönəldiləcək. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan bir sıra ölkələrə də ikitərəfli əsasda yardımlar edib. Ümumiyyətlə, yeni növ koronavirus pandemiyası hər bir dövləti ciddi sınaq qarşısında qoyub və bu sınaqdan bəzi dövlətlər üzüağ çıxmaqda, bəziləri isə çoxsaylı insan itkisi ilə üzləşməkdədir. Azərbaycana gəlincə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilməsi, Azərbaycanda pandemiyaya qarşı görülmüş tədbirləri nümunə kimi dəyərləndirilmsi təqdirəlayiq haldır. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adının birincilər cərgəsində gəlməsi buna sübutdur. Təsadüfi deyildir ki, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olub”.
T. Kərimli vurğulayıb ki, Prezident İlham Əliyevin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən müsbət qiymətləndirilib: Bütün bu faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu artdığının göstərici olmaqla, mütərəqqi beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır”.