Müsavatla AXCP arasında toy qalmaqalı Siyasət

Müsavatla AXCP arasında toy qalmaqalı

YAP-dan reaksiya: "Bu cür düşüncəylə Azərbaycana rəhbərlik etməyə çalışırlar"

Müsavat Partiyasının Məclis üzvü, keçmiş deputat İkram İsrafilin oğlunun toyuna hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin də dəvət olunması AXCP-nin qəzəbinə səbəb olub.
Belə ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Facebook sosial şəbəkəsində Müsavata qarşı növbəti hücumlara start veriblər. Onlar YAP-dan kiminsə Müsavat üzvünün toy məclisində iştirak etməsini "biabırçılıq" adlandırıblar. AXCP rəsmilərinin iddialarından belə anlaşılıb ki, Müsavat Partiyası hakimiyyətə işləyir.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə açıqlamasında Aydın Mirzəzadənin Müsavat Partiyasının üzvü olan bir şəxsin toy məclisinə getməsini normal qarşıladığını deyib. "O da vətəndaşdır, birinin toyuna da gedə bilər, yasına da. Bunun siyasətə nə aidiyyatı var? Aydın Mirzəzadənin həmin toya getməsinin YAP-ın fəaliyyətinə heç bir aidiyyatı yoxdur",-deyə S. Novruzov bildirib.
İkram İsrafilin isə AXCP təmsilçilərinə cavabı sərt olub: "Mən elə düşüncədə olan insanların xəstə olduğu qənaətindəyəm. Xəstə insanların məişət məsələləri ilə siyasəti ayıra bilməməsi təbiidir. Əgər həmin adamlar siyasətlə məşğul olmaq istəyirlərsə, yaxşı bir psixiatr və nevropotoloq tapıb müalicə olunsunlar. Yoxsa həmin düşüncədə olan insanlar ətrafdakılarını da öz vəziyyətlərinə sala bilərlər".
YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə də saytına açıqlamasında belə yanaşmalardan təəssüfləndiyini deyib: "Azərbaycanda siyasəti hər şeyə qatan insanların olmasından təəssüf edirəm. Cəmiyyəti siyasi partiyalara görə bölmək, adi xeyir-şər işində iştirakı siyasi ittiham kimi irəli sürməyi başa düşə bilmirəm. Biz İkram İsrafillə parlamentdə həmkar olmuşuq. Ayrı-ayrı cəbhələrə mənsub olmuşuq və öz siyasi əqidəmizdə qalmışıq. O, məni oğlunun toyuna dəvət edib, mən də iştirak etmişəm. Bununla nə o, nə də mən siyasi əqidəmizdən dönmüşük. Toyları sırf partiya prinsipi ilə qurmağın özü çox qəribədir. Bizim bəzi siyasi opponentlərimizin bu məsələyə belə yanaşmasına təəssüf edirəm. Bu cür düşüncəli insanlar Azərbaycana, xalqa rəhbərlik etməyə çalışır",-deyə Aydın Mirzəzadə qeyd edib.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qalmaqal yaradan həmin fikirləri isə belə olub: "Toyu olan gəncləri təbrik edirəm. Xoşbəxt olsunlar. Fotolara baxanda isə ürəyim bulandı. Həm də özümüzü də qınadım. Gör bu neçə ildə biz kimlərdən müxalifət, özümüzə müttəfiq düzəltmək istəyirdik? İndi su axıb, çuxurunu da tapıb. Bunların fazillərdən, aydınlardan ötrü ürəyi gedirmiş ki. İsa bəy deyirdi axı maskalar cırılacaq. Cırıldı artıq maskalar. Həqiqətən də maskalar cırıq – cırıq oldu".
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da Natiq Ədilova dəstək nümayiş etdirib.