Qırğızstan Prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib Siyasət

Qırğızstan Prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib

Qırğız Respublikası Prezidenti Almazbek Atambayev türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərləri ilə görüşüb. Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, TDƏŞ-in baş katibi Ramil Həsənov, müavini Adaxan Madumarov, Qazaxıstan Ağsaqqallar Şurasının sədri Adil Axmetov, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Jakiyev və Türkiyə Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Mətin Kılıç iştirak ediblər. Söhbət zamanı türk dünyası dövlətləri arasında mədəni-humanitar sahədə əməkdaşlığın müxtəlif aspektləri, TDƏŞ-in üzvü olan ölkələrin mədəni irsinin qorunması və inkişafı sahəsində gələcək fəaliyyət planı müzakirə olunub. Almazbek Atambayev türkdilli ölkələrin mədəni əlaqələrinin dərinləşməsini və genişlənməsini vacib olduğunu vurğulayıb. Görüş iştirakçıları Ağsaqqallar Şurasının Bişkekdə keçirilən 8-ci yığıncağı haqqında Qırğızstan Prezidentinə ətraflı məlumat veriblər. Prezident və görüş iştirakçıları İssık-Kulda baş tutan birinci Dünya Köçəri Oyunlarının türkdilli dövlətlər arasında mədəni dialoqun inkişafında böyük rol oynadığı vurğulayıblar.