Müsavat Partiyasında “multfilm” Siyasət

Müsavat Partiyasında “multfilm”

Qubad İbadoğlunun Müsavatdan çıxarılan tərəfdarının partiyaya bərpası haqqında qərar da ləğv edilib.

Bir müddət əvvəl Nizamnaməyə və partiyanın siyasətinə zidd davranışlarda günahlandırılaraq Müsavat Partiyasından xaric edilən Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradın partiya üzvlüyünə bərpa edilməsi haqqında qərar ləğv olunub.
Qubadlı rayon təşkilatının sədri Nazim Əliyev APA-ya açıqlamasında deyib ki, buna səbəb M. Muradın yenidən sosial şəbəkədə partiya yoldaşları barədə aşağılayıcı fikirlər işlətməsi olub: "Bizim humanist qərarımız dəyərləndirilmədi və Şura üzvlərimizə qarşı Məhəbbət Murad tərəfindən aşağılayıcı fikirlər işlədilib. O, Müsavatın ləyaqətçilik prinsipindən uzaq hərəkətlər edib. Bizim haqqımızda normal insanın təxəyyülünə yaraşmayan ifadələr işlədib. Buna görə də dünən təşkilat Şurasının növbədənkənar toplantısı keçirildi və Şura üzvləri yekdilliklə bu barədə təklifin bir daha gündəliyə gəlməməsini tələb etdilər". Xatırladaq ki, oktyabrın 22-də M. Muradın iştirakı olmadan onun partiyadan çıxarılması haqqında qərar qəbul olunub. O, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun fəal tərəfdarıdır və indiki başqan Arif Hacılıya qarşı sərt tənqidi mövqe tutur.
Müsavat başqanlığına sabiq namizəd Səxavət Əlisoy partiyada baş verənlərlə bağlı təşkilat rəhbərliyinə maraqlı müraciətlə səslənib. Sabiq namizəd partiya rəhbərliyini "xaç ataları" adlandırıb: "Halınızdan məmnunsunuzmu, cənab, xaç ataları? Müxalif düşərgənin bu günkü durumu sizi feyziyab edirmi, cənab, dünya miqyaslı siyasi liderlər - corc vaşinqtonlar, çerçillər, trümenlər, taleyranlar, stalinlər, leninlər, atatürklər, rəsulzadələr və daha nə bilim kimlər? Sizlərin vətən, millət və dövlət sevginizin quru sözdən başqa bir şey olmadığını isbatlamağa lüzum varmı? Təkəbbürünüzün, böyüklük maniyasına yoluxmanızın müxalif düşərgəni necə tənəzzülə uğratdığının fərqindəsinizmi? Sizlər, müxalifətin güc olması yolunda maneə olduğunuzu necə, dərk edirsinizmi?"
S.Əlisoy qeyd edib ki, məhz sizlərin siyasi lider olmamanız müxalifət daxilində intriqalara, mənəviyyatsızlıqlara rəvac verdi: "Və sizlərin sultan kimi formalaşmanızda sizə inananların, sizləri başa keçirənlərin çox böyük suçu var. Sizlər layiq olduğunuz yerə qayıtmalısınız. Bir vaxt sizlərə inananlarsa, yeni sultanlar axtarışına çıxmamalıdır. Çünki şahsevənlik psixologiyası bu xalqı məhvə aparır. Kəsəsi, indiki siyasi durumda hər kəs "nə etməli" sualına özü cavab tapmalıdır".
S.Əlisoy "Müsavatın tənəzzülünün səbəbləri" başlıqlı yazını yaxın günlərdə mətbuata təqdim edəcəyini də bəyan edib.