“Səhiyyə sahəsində kompleks islahatlara ehtiyac var” Siyasət

“Səhiyyə sahəsində kompleks islahatlara ehtiyac var”

Qüdrət Həsənquliyev: "Azərbaycanda bu qədər dövlət səhiyyə obyektlərinə ehtiyac yoxdur, onların böyük bir qismi özəlləşdirilməlidir"

Milli Məclisin yaz sessiyasının dünənki plenar iclasında parlamentarilər cari məsələlərin müzakirəsi zamanqı bir sıra problemlərə toxunublar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də çıxışında xaricdə müalicəyə ehtiyacları olan imkansız şəxslərə dəstək zərurətindən danışdı: "Mən istəyirəm ki, bir məsələni parlament tirbunasından diqqətə çatdırım. Bilirik ki, çoxlu sayda uşaqlar, gənclər, ayrı-ayrı insanlar Azərbaycanda müalicəsi olduqca çətin olan müxtəlif xəstəliklərə tutulurlar. Bu istiqamətdə Heydər Əliyev Fondu çox böyük işlər görür, çoxlu sayda uşaqların həm Azərbaycanda, həm də xarici ölkələrdə müalicəsinə kömək edir. Eyni zamanda dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan Respublikasının prezidenti də tanınmış elm xadimlərinin, ictimaiyyət nümayəndələrinin xaricdə müalicəsinə yardım edib. Amma bu yetərli deyil və mən təklif edirəm ki, Azərbaycanda xüsusi bir fondun yaradılmasına ehtiyac var. Bu yaxınlarda bir qrup gənc Hərmin Hüseynli ilə əlaqədar təşkil olunmuş kampaniyaya qoşulmaq üçün mənə müraciət etdi. Həmin gənc qızın 17 yaşı var, onun da xaricdə müalicəsinə çox böyük ehtiyac var. Azərbaycanda onun müalicəsi mümkün deyil, xaricdə müalicəsi üçün isə təxminən 150 min avro tələb olunur. Bu vəsaitin böyük bir hissəsi sadə insanlar tərəfindən toplanıb. Amma mən düşünürəm ki, belə bir fond yaradılarsa, Azərbaycanın işadamları həmin fonda kifayət qədər vəsait köçürə bilərlər. Həmin fondun da bir müşahidə şurası yaradılar, ora ictimaiyyət nümayəndələri daxil edilər və o vəsait şəffaf formada xərclənər, bizim imkansız uşaqlar bundan faydalanar".
Ölkənin səhiyyə sistemində kompleks islahatlara ehtiyac olduğunu vurğulayan Qüdrət Həsənquliyev dövlət səhiyyə obyektlərinin böyük bir qisminin özəlləşdirilməsinin zəruriliyini diqqətə çatdırdı: "Mən dünən mətbuatda oxudum ki, nəhayət ki, Hazirlər Kabineti Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlamağa hazırlaşır. Bu Azərbaycan vətəndaşları üçün çox önəmli bir hadisədir. Mən deyərdim ki, bəlkə də səhiyyə sistemində inqilabi bir dəyişikliyin başlanğıcını qoyacaq. Amma düşünürəm ki, bu da yetərli deyil, daha yaxşı olardı ki, ölkədə səhiyyə sistemində islahatlar kompleks şəkildə aparılsın. Biz bazar iqtisadiyyatına keçmiş ölkəyik. Mən dəfələrlə bu məsələni Milli Məclisdə də qaldırmışam ki, Azərbaycanda bu qədər dövlət səhiyyə obyektlərinin olmasına ehtiyac yoxdur. Onların böyük bir qismi özəlləşdirilməlidir, xüsusi mülkiyyətə verilməlidir. Belə olduğu təqdirdə hesab edirəm ki, həm səhiyyə sistemində olan müəyyən neqativ hallar aradan qalxar, həm də əhalinin müalicəsi daha yüksək səviyyədə təmin olunar. Hal-hazırda çoxlu sayda insanlar xarici ölkələrə gedir və o ölkələrdən də bir çox hallarda müalicəsi çox çətin olan müxtəlif qan xəstəliklərilə Azərbaycana qayıdırlar. Bu başqa bir söhbətin mövzusudur və yəqin ki, mən gələcəkdə bu barədə də danışacağam".

Cavanşir Həsənli