BMT Xocalı soyqırımına dair məktubu rəsmi sənəd kimi yaydı Siyasət

BMT Xocalı soyqırımına dair məktubu rəsmi sənəd kimi yaydı

"Ermənistan rəhbərliyində təmsil olunanlar törətdikləri cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar"

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev baş katib Pan Gi Muna Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar məktub göndərib. Məktub BMT-nin rəsmi sənədi kimi yayılıb.
Sənəddə qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında davamlı silahlı münaqişə 1987-ci ilin axırlarında Dağlıq Qarabağ Muxtar Vilayətinə açıq iddialardan başlanıb: "Bu iddialar azərbaycanlılara hücumların başlanmasına və onların həm muxtar vilayətdən, həm də Ermənistanın özündən qovulmasına səbəb olub. 200 mindən çox azərbaycanlının Ermənistandakı evlərindən məcburi deportasiyası qətllər, işgəncələr və digər cinayətlərlə müşayiət olunub.
1991-ci ilin axırı, 1992-ci ilin əvvəllərində Ermənistan Azərbaycana qarşı geniş müharibəyə başladı. Nəticədə Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ regionu və ətraf 7 rayon işğal olundu. Həmin dövr Dağlıq Qarabağ regionunda və onun hüdudlarından kənarda dinc azərbaycanlılara hücumların miqyasının, intensivliyinin və tezliyinin artması ilə xarakterizə olunur. Bu müharibə zamanı minlərlə insan qətlə yetirilib və yaralanıb, yüz minlərlə insan qaçqına və məcburi köçkünə çevrilib".
Məktubda iyirmi iki il əvvəl Azərbaycanın Xocalı şəhəri sakinlərinə misli görünməmiş qəddarlıqla divan tutulduğu, şəhərin yer üzündən silindiyi bildirilir: "Ermənistan Respublikası hökumətini və ona tabe olan, beynəlxalq hüquqa görə onun cavabdeh olduğu qüvvələrin münaqişə zamanı, o cümlədən Xocalıda baş verənlərə, beynəlxalq humanitar hüquq normalarının və insan hüquqları sahəsində beynəlxalq standartların ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıması barədə nəticə çıxarmaq üçün yetərincə əsas var. Müharibə aparılması qaydalarının Ermənistan tərəfindən pozulması dinc vətəndaşların qətlə yetirilməsini, girov götürülməsini və saxlanılmasını, habelə hərbi əsirlər və girovlarla amansız rəftar olunmasını və onların kütləvi qətllərini ehtiva edir.
Ermənistanın həm indiki, həm də keçmiş prezidentləri - Serj Sərkisyan və Robert Köçəryan, bu dövlətin bir çox digər yüksək vəzifəli siyasətçiləri və hərbçiləri Azərbaycanın işğal olunmuş ərazisində Ermənistanın qurduğu separatçı rejimin liderləri ilə birlikdə Azərbaycan torpaqlarının ələ keçirilməsində, Azərbaycanın mülki şəxslərinə və hərbi əsirlərinə divan tutulmasında şəxsən iştirak ediblər. Tamamilə aydındır ki, onların törətdikləri cinayətlərin miqyasını və ağırlığını nəzərə alaraq rəsmi və ya siyasi statusundan asılı olmayaraq məsuliyyət daşıyan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Münaqişə zamanı törədilmiş cinayətlərdə təqsirləndirilənlərin Ermənistanda indiyədək cəzasız qalması, o cümlədən hərbi cinayətkarların mədh edilməsi, onlara milli qəhrəman statusunun verilməsi münaqişənin nizama salınmasında irəliləyiş əldə edilməsinə mane olur. Buna görə də cəzasızlığa qarşı mübarizə təkcə cinayətlərə görə məsuliyyət daşıyanları məhkəmə məsuliyyətinə cəlb etmək və onları ədalət mühakiməsinə vermək üçün deyil, həm də davamlı sülhün və əmin-amanlığın təmin edilməsi üçün vacibdir.
Ermənistan Respublikası cinayətkarların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün zəruri addımlar atmaq istəmirsə, beynəlxalq birlik münaqişə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığa son qoymaq üçün daha fəal rol oynamalıdır. Əminik ki, milli və beynəlxalq səviyyələrdə görülən ardıcıl tədbirlər, habelə mövcud beynəlxalq-hüquqi baza günahkarların məhkəməyə verilməsinə imkan yaradacaq".

CƏMİL