“Stratfor” ABŞ-a sərfəli ola biləcək məzmunda təhlillər yayır Siyasət

“Stratfor” ABŞ-a sərfəli ola biləcək məzmunda təhlillər yayır

Elçin Xalidbəyli: "Böyük ehtimalla bu qurum ABŞ üçün daha sərfəli informasiya məkanı yaratmaq missiyasını yerinə yetirir"

Fuad Muradov: "Ermənistan sülhün əldə olunmasını istəmir"

ABŞ-ın məşhur "Stratfor" Qlobal Analitik Mərkəzi 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu il atılacaq addımları proqnozlaşdırıb. Siyasi tədqiqat mərkəzinin hesabatında 2015-ci ildə Azərbaycanın Qarabağ problemi ətrafında yaranmış status-kvonu dəyişmək üçün fəallıq göstərəcəyini bildirib.
"Stratfor" hesab edir ki, sərhəddəki gərginlik iri miqyaslı hərbi əməliyyatlara gətirib çıxarmayacaq. Qlobal beyin mərkəzi belə bir tezis irəli sürüb ki, Rusiyada yaranmış iqtisadi problemə görə Kreml Dağlıq Qarabağ münaqişəsinin həllinə qarışmayacaq. Bununla belə vurğulanıb ki, Ukrayna məsələsinə görə Rusiya ilə Qərb arasında yaranmış gərginlik post-sovet ölkələrinə yayılacaq.
"Stratfor" Rusiya iqtisadiyyatının perspektivi ilə bağlı Avrasiya İqtisadi İttifaqının fəaliyyətə Başlaması fonunda da açıqlama verib. "Avrasiya İttifaqına üzv ölkələrə Rusiyadakı iqtisadi böhranı təsir edəcək. İqtisadi zəifləmələr tamamilə mümkündür ki, sosial etirazlar üçün səbəb olacaq. Rusiya iqtisadiyyatı 2015-ci ildə də yaxşılaşmayacaq. İqtisadiyyatda böhran davam edəcək",deyə hesabatda qeyd edilib.
Siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, bu hesabatda vurğulanan məqamların özünü doğrultma ehtimalı qətiyyən istisna deyil: "Ancaq adıçəkilən analitik mərkəzin illik proqnozları heç də həmişə doğru çıxmır. Bu qurum adətən, ABŞ-a sərfəli ola biləcək məzmunda təhlillər apararaq, yayır. Böyük ehtimalla bu qurum ABŞ üçün daha sərfəli informasiya məkanı yaratmaq missiyasını yerinə yetirir.
Ona görə də, bu analitik mərkəzin Dağlıq Qarabağ münqaişəsi, Ukrayna böhranı, Rusiyadakı iqtisadi böhran və s. haqqında irəli sürdüyü təhlil-proqnozlara etimad göstərmək bir qədər çətindir. Çünki adıçəkilən beynəlxalq problemlərin hamısı süni şəkildə yaradılıb və ssenari müəllifləri tərəfindən birbaşa idarə edilirlər. Deməli, həmin problemlərin nizamlanması üçün də həmin ssenari müəlliflərinin öz hədəflərinə çatması lazımdır. "Stratfor" Analitik Mərkəzi isə yaxın bir il ərzində hadisələrin necə inkişaf edəcəyini, eyni zamanda, süni beynəlxalq problemlərin ssenari müəlliflərinin öz hədəflərinə hansı səviyyədə yaxınlaşa biləcəklərini tam dəqiqliyi ilə proqnozlaşdıra bilməz. Bu baxımdan, həmin süni beynəlxalq problemlərin hər birisinə ayrı-ayrılıqda yanaşmaq və onlarla bağlı situasiyanı ilboyu izləmək lazımdır".
Millət vəkili Fuad Muradov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Prezident İlham Əliyevin apardığı siyasətin əsas prioritetlərindəndir. Onun qeyd etdiyinə, Rusiya və Fransa prezidentlərinin, ABŞ dövlət katibinin vasitəçiliyi ilə aparılan sülh danışıqları bu baxımdan aktual olub. "Dövlət başçısı son çıxışında bu danışıqlarla bağlı vəziyyəti, o cümlədən ATƏT-in Minsk qrupunun səmərəsiz vasitəçiliyini tənqid edib. Aydın görünür ki, Ermənistan sülhün əldə olunmasını istəmir", - deyən Fuad Muradov hesab edir ki, rəsmi İrəvan danışıqlardan qaçaraq vaxtı uzatmaq və vəziyyəti indiki kimi saxlamaq niyyətindədir:
"Odur ki, Azərbaycanın haqlı olaraq səsləndirdiyi "status-kvo" dəyişdirilməsi barədə çağırışlarını qəbul etmir. Çox təəssüf ki, beynəlxalq vasitəçilərin də bu məsələdə ikili yanaşması problemin sülh yolu ilə həllinə əngəl yaradan amilə çevrilib. Beynəlxalq birlik işğalçı dövlətə qarşı ciddi addımlar atmalıdır.
Fikrimcə, Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi diqqət yetirməlidir. Çünki problemin həllinə bu ölkələrin təsir imkanları böyükdür. Bütün bunlara baxmayaraq, ölkəmiz münaqişənin sülh yolu ilə həll edilməsinə ümidini itirməyib. Regionda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır".
Millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycanın işğal altında olan əraziləri orada yaşayan əlli minlik yerli ermənilər tərəfindən işğal olunmayıb: "Dağlıq Qarabağ və ətraf əraziləri bütövlükdə Ermənistan dövləti tərəfindən işğal olunub". Onun sözlərinə görə, Ermənistan dövləti bu əraziləri işğal etdikdən sonra orada yalançı qondarma separatçı qurumlar yaradıblar: "Bu qurumların hamısı qondarma qurumlardır. Onlar Ermənistan dövlətinin nəzarətindədir. Həmin separatçı qurumların təminatı, bu gün təmas xəttində Azərbaycan ordusu ilə üz-üzə duran orduya nəzarət də, məhz Ermənistan dövlətinə məxsusdur. Ermənistanın Avrasiya İttifaqında öz üzərinə götürdüyü öhdəliklər də, məhz ermənilərin növbəti fırıldağı və saxtakarlığıdır. Bu saxtakarlığı artıq bütün dünya bilir. Bu məsələyə siyasi don geyindirməyə çalışan Ermənistan hakimiyyətinin bu cür oyunlarına alət olmaq lazım deyil".

Əli