Şeyxülislamdan Roma Papasına çağırış Siyasət

Şeyxülislamdan Roma Papasına çağırış

“İstərdik ki, işğaldan azad olunmuş ərazilərin minalanmasına münasibət bildirsin

“Bu gün Azərbaycanın, Qarabağın ən dilbər guşələrindən biri Ağdama gəlmişik”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkədəki dini konfessiyaların rəhbərləri ilə birgə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
O, əvvəllər Ağdama tez-tez gəldiyini bildirib: “Hələ 1975-ci ildə Ağdama gəlmişdim. O dövrdə açıq məscidlər çox az idi. Ağdam Cümə məscidi də açıq idi deyə, mən bura tez-tez gələrdim. Ağdamın özü ilə də tanışlığım var idi. Mən bu məscidə Molla Baratı axund təyin eləmişdim, Allah ona rəhmət eləsin. Bayaq namaz qıldığım yerdə də vaxtilə namaz qılmışam, dualar oxumuşam, moizələr demişəm. Bu məscid mənim üçün çox əziz olub. Allah elə nəsib elədi ki, erməni ekstremistləri tərəfindən işğalda olunmuş torpaqlarımızı azad olundu. Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 gün içində torpaqlarımız azad olundu”.
Allahşükür Paşazadə qeyd edib ki, Ağdam hər zaman öz gözəlliyi, binaları, insanları ilə seçilib: “Bu səfərə gələndə, buranı görəndə mənim ürəyim ağrıdı. Yəhudi icmasının rəhbəri Milix həzrətləri dedi ki, bura daha çox Hirosimaya oxşayır. Mən gələ-gələ gördüm ki, insanlar burda öz həyatını təhlükəyə ataraq mina axtarırlar. Bu torpaqları minalardan azad etmək istəyirlər. Bu o deməkdir ki, bu torpaqların sahibi bizik. Onlar sahibi olmayıblar. Ermənilərin məqsədi vandalizm, bütün torpaqlarımızı dağıtmaq olub. Biz Qarabağ uğrunda həlak olan şəhidlərimizi də ziyarət elədik. Qəbiristanlıqda 150-dən çox şəhid qəbri vardı. Onların çoxu dağıdılıb. Bu, insani münasibət deyil. Ermənilər, o cümlədən bütün dünyada olan ermənipərəstlər həmişə bunları dəstəkləyiblər. Bizim qələbəmiz İslam dünyası üçün də böyük qələbədir. Bu qələbəni əldə saxlamaq və bu qələbəni dirçəltmək hər birimizin borcudur. Onu da qeyd etməliyəm ki, bu 44 gün ərzində bizim din xadimlərimiz də hərbçilərimizlə çiyin-çiyinə vuruşdular. Onların içində şəhid olanlarımız, yaralananlar da var. Bu torpaqlar bizim üçün əzizdir, bu qələbə bizə elə-belə qismət olmayıb. Buna görə də bu gün bizim borcumuz bu torpaqları həm daxildən, həm də xaricdən olan təsirlərdən qorumaqdır”.
QMİ sədri deyib ki, bu gün hətta Azərbaycanda belə bəziləri torpaqlarımızın işğal altından azad olunmasına sanki çox da sevinmirlər: “Çox arzu edərdim ki, o insanlar başa düşsün ki, torpaq çox qiymətlidir, ana qədər qiymətlidir”.
Seyxülislam deyib ki, Azərbaycanda olan konfessiya rəhbərləri ilə hər zaman bir olublar: “Azərbaycanda olan konfessiyalara öz təşəkkürümü bildirirəm. Biz həmişə bir olmuşuq, birik və bundan sonra da Azərbaycan vətəndaşı kimi birlikdə olacağıq”.
Şeyx həmçinin Vətən Müharibəsində din xadimlərinin fəaliyyətinə də münasibət bildirib: “Bu, çox geniş nüansdır. Bununla bağlı bir kitab hazırlamağı düşünürük. Vətən müharibəsi dövründə din xadimlərinin işləri ilə bağlı bizdə xaricdən göndərilən çoxlu məktublar var. Bu məktubların içərisində bizi dəstəkləyən, istəyən insanların da məktubu çoxdur. Dünyada tanınmış din xadimlərinin məktublarını almışıq. Onlar hamısı kitablarda çap olunacaq. Din xadimlərinin bu 44 gün ərzində çox ciddi fəaliyyəti oldu. Heç bir şey istəmədən onlar Allah yolunda gecə-gündüz işlədilər. Mən onları tam açmaq istəmirəm. Bu, o qədər böyük və çətin prosesdir ki. Bir oğlumuz şəhid düşdüsə, onun qanı yerə töküləndən sonra din xadimi qucaqlayır, aparır, paltarını dəyişir, onun əzaları yerindən ayrılıbsa, onu yerinə tikir, təmizləyir, yuyur, kəfənləyir, ibadət namazını qılır, duasını edir. Ən mühüm məsələ isə şəhidin hansı bölgəyə getdiyini biz bilirdik. Bununla bağlı biz xüsusi qrup yaratmışdıq. Hər bir şəhiddən bizim xəbərimiz var idi. O şəhidin ailəsinin xəbəri olmadan din xadimlərimiz həmin rayona, yerə, həmin evə gedirdi. Ananın ən çətin anında yanında olurdu. Bütün şəhidlərin dəfnində bizim din xadimlərimiz iştirak edib. Onlardan bir nəfər də narazılıq etməyib. Vətən uğrunda şəhid düşmək böyük nemətdir. 44 gün ərzində bizim din xadimlərimiz başqa vətəndaşlarla birlikdə çiyin-çiyinə müharibə aparıb. Bu da qələbənin bir tərəfi idi. Bu şəraiti yaradan Müdafiə nazirliyinə də təşəkkürümü bildirirəm”.
Allahşükür Paşazadə deyib ki, Prezident İlham Əliyevin fədakarlığı, onun Şuşaya səfər etməsi, Cıdır düzünə getməsi - bütün bunlar Azərbaycan xalqında fərəh, qürur doğurur.
Şeyx işğaldan azad edilmiş torpaqların çiçəklənəcəyinə inandığını bildirib: “Bu məsələdə Mehriban xanımın da böyük zəhməti var. Ona da öz minnətdarlığımızı bildiririk. İnanıram ki, işğal zamanı dağıdılmış 63 məscidimiz bərpa olunacaq, oradan azan səsi gələcək. O cümlədən bu ərazilərdə kilsələrimiz, sinaqoqlarımız var. Azərbaycan xalqının bütün mədəni abidələri bərpa ediləcək.
Bu torpaqların azad olması bizim şəhidlərimizin qanı bahasına olub. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhidlərin ailələrinə də başsağlığı verirəm. Azərbaycan xalqı heç vaxt onları unutmayacaq”.
Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycandakı xristian, katolik, yəhudi icmalarının rəhbərləri də onunla birlikdə Ağdama səfər edib: “Bu, bir daha göstərir ki, Azərbaycanda tolerantlıq, dinlərarası dialoq, münasibətlər var. Biz birlikdə məsciddə namaz qıldıq. Hər kəs öz ibadətini elədi. Bu, dünyanın heç bir yerində yoxdur. Bu, Azərbaycan xalqının xislətindədir. Ermənilərin azərbaycanlılarla birlikdə yaşaya bilməmələrini deməsi isə anlaşılan deyil. Bizim xalqımız həmişə başqa xalqlara hörmətlə yanaşıb. Onların məbədlərinə, inamlarına hörmətlə yanaşmışıq. Bu gün də hörmətlə yanaşırıq. Hətta Bakıda yerləşən erməni kilsəsinə də hörmətlə yanaşırıq”.
Şeyx yaxın vaxtlarda Ramazan ayının başlayacağını xatırladıb: “Bu, ilk zəfər Ramazanı, ibadəti olacaq. Biz həm şəhidlərimiz yad edəcəyik, həm qazilərimizə dua edəcəyik”.
Allahşükür Paşazadə erməni yalanlarından da danışıb: “Necə ola bilər ki, bir yalanı bu qədər deyəsən. Erməni kilsəsinin bu gün ümdə işi bütün dünyaya, başqa din xadimlərinə, xristian, katolik, yəhudi, hətta müsəlman dövlətlərinin bəzilərinə yalançı müraciətlər etməkdir. Azərbaycan tərəfindən qarşıdurmaya məruz qaldıqları, məbədlərinin sökülüb dağıldığı ilə bağlı yalanlar danışırlar. Biz də məcbur oluruq ki, bunlara cavab verək”.
Şeyxülislam Allahşükür Paşazadə daha sonra deyib: “Bura gələndə mintəmizləyənləri gördük. Mən srağagün Pasxa bayramı münasibəti ilə Roma Papası Fransiskin çıxışını dinlədim. Minalar insan tələfatı deməkdir, çox arzu
Paşazadə səfərdən qayıtdıqdan sonra bir sıra dini liderlərə, o cümlədən Roma Papasına müraciət olunmasını təklif edib: “Çox istəyərdim ki, səfərdən qayıtdıqdan sonra bir sıra dini liderə, o cümlədən Roma Papasına müraciət edək ki, işğaldan azad olunmuş ərazilərin minalanması ilə bağlı fikirlərini, münasibətlərini bildirsinlər”.