““Böyüklük maniyası” indi ürkəkliklə əvəzlənib” Siyasət

““Böyüklük maniyası” indi ürkəkliklə əvəzlənib”

Qabil Hüseynli: "Susqunluğun səbəbini bir vaxtlar böyüklük iddiasında olmuş partiyaların yaşadıqları ardıcıl uğursuzluqlarla, daxildə yaranmış mənfi ovqatla izah etmək olar"

Ekspertlər müxalifət düşərgəsi üçün xarakterik olan "Ən böyük kim?" sualının əhəmiyyətini itirdiyini deyirlər.
Parlament seçkiləri ilinə daxil olsaq da, müxalifət düşərgəsində bu istiqamətdə xüsusi hərəkətlənmə hiss olunmur. Düşərgənin mövcud durumunda bu fəaliyyətsizlik təəccüb doğurmasa da, maraqlı bir nüans diqqəti cəlb edir.
Bu da müxalifət daxilində hər zaman ön plana çıxan böyüklük iddiasının indiki ərəfədə təzahür etməməsidir.
Axı hər kəs xatırlayır ki, müxalif düşərgədə, xüsusilə, seçkilər ərəfəsində öz böyüklüyünü digərlərinə qəbul etdirmək uğrunda amansız mübarizə gedirdi.
Bəs parlament seçkilərinə doqquz ay qaldığı bir dönəmdə bu tanış tendensiya niyə müşahidə olunmur?
Mövzunu gün.az-a şərh edən politoloq Qabil Hüseynli bunu vaxtilə özlərini "aparıcı" hesab edən müxalifət partiyalarının qibtə olunmayası vəziyyətləri ilə əlaqələndirib: "Doğrudan da, əsas müxalifət partiyaları düşərgə daxilində öz hegemonluqlarını qəbul etdirmək uğrunda mübarizə aparıblar. Onların böyüklük iddiası az qala maniya formasında ortaya çıxırdı.
Amma indi vəziyyətin kəskin dəyişdiyi göz önündədir. Yəni həmin partiyalar özlərini sanki arxa planda saxlamağa çalışırlar. Əvəzində isə əvvəllər diqqəti xüsusi cəlb etməyən partiyaların fəallaşdıqları müşahidə edilməkdədir. Təbii ki, bu susqunluğun səbəbini bir vaxtlar böyüklük iddiasında olmuş partiyaların yaşadıqları ardıcıl uğursuzluqlarla, daxildə yaranmış mənfi ovqatla izah etmək olar. Hətta deyə bilərik ki, həmin partiyalara xas "böyüklük maniyası" indi ürkəkliklə əvəzlənib".