Arif Hacılı müsavatçının pulunu qaytarmır Siyasət

Arif Hacılı müsavatçının pulunu qaytarmır

Rüfət Əliyev: "Mən nəyin bahasına olursa olsun, 300 manatımı Arif Hacılıdan alacağam"

"Lazım gəlsə bu məsələni beynəlxalq məhkəməyə qədər aparacağam"

Son günlər AXCP kimi Müsavat Partiyasında baş verən istefalar da bu partiyanı yenidən gündəmə gətirib. Belə ki, partiyanın Beyləqan rayon təşkilatının böyük əksəriyyəti Müsavatı tərk etdikdən sonra daha 18 nəfər bu partiya sıralarından istefa verib. Ümumiyyətlə, sonuncu qurultayından sonra daxili gərginlik dövrünü yaşayan Müsavat sözün həqiqi mənasında böhranla üz-üzədir. Partiyada baş verən istefaların əsas səbəbləri barədə Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı danışıb. O, deyib ki, son zamanlar Müsavat Partiyasından istefaların olduğu acı gerçəklikdir: "Təbii ki, hər bir siyasi partiya üçün istefalar elektorat itkisidir. Bu da həmin qurumun zəifləməsinə səbəb olur. Biz bu istefaların davamlı olmamasını arzulayırıq. Çox təəssüflər olsun ki, partiyanın hazırkı rəhbərliyi belə istefaların qarşısını almaq üçün lazımı addımlar atmır. Hətta əksinə, rəhbərlik tərəfindən belə halları stimullaşdıran yalnış qərarlar və addımlar atılır. Bu kimi mənfi halların qarşısının alınmasının yeganə yolu partiya daxili demokratik mühiti yaxşılaşdırmaqla yanaşı, ümumi barışıq mühitinin yaradılmasıdır. Yəni başda Arif Hacılı olmaqla partiya rəhbərliyi kompromislərə getməli və narazı müsavatçıları razı salmalıdır. Bu yolla ilk növbədə növbəti istefaların qarşısı alınmalıdır. Bundan sonra isə artıq istefa vermiş müsavatçılar geri qaytarılmalıdır. Təbii ki, qarşıdan gələn parlament seçkilərində bu itkilər öz mənfi nəticəsini göstərəcək. Şübhəsiz ki, istər kadr potensialı, istərsə də mübarizə aparan sıravi elektoratın zəifləməsinin müsbət nəticələri olmayacaq. Bütün bunlar hesablanmalı və nəticələr çıxarılmalıdır".
"Maraqlıdır ki, son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasında baş verən istefada cəbhəçilər müsavatçıları, o cümlədən Rauf Arifoğlunu da müəyyən mənada ittiham edirlər. Nə qədər qəribə də olsa cəbhəçilər AXCP-yə qarşı bir kampaniyanın aparıldığını iddia edirlər. Bir müsavatçı olaraq bu iddiaları nə dərəcədə doğru qarşılayırsınız?",-sualını cavablandıran partiya funksioneri "təəssüflər olsun ki, partiyalararası münasibətlər şəxsi münasibətlər zəmində qurulur və lazımsız qarşıdurmalar və ittihamlar davam edir",-deyə bildirib.
Bu arada isə Müsavatın yeni başqanı partiyanın Zəngilan rayon təşkilatının keçmiş sədri Rüfət Əliyevə 300 manat borcunun olması və onu ödəmək istəməmsi barədə məlumat yayılıb. Bunu Rüfət Əliyev özü deyib. Peşəcə diş həkimi olan sabiq müsavatçının bildirdiyinə görə, bir neçə il bundan əvvəl yaxın adamını Rüfət bəyin yanına gətirən indiki başqan onun dişini düzəltməyi xahiş edib və xidmət pulunu ödəməyi öz öhdəsinə götürüb.
Partiya yetkilisinin sözlərinə inanan diş həkimi qollarını çırmalayıb işə girişib. Düzəldilmiş protez pasientin damağına yerləşdirildikdən sonra həkimlə sağollaşıb yaxın günlərdə borcunu verəcəyini deyən Arif Hacılını bir daha gördüm deyən olmayıb.
Üzərindən neçə illər ötsə də Rüfət həkim aralarındakı yaxın münasibətdən dolayı borclu olduğunu Arif Hacılıya xatırlatmaqdan utanıb. Müsavatın son qurultayından sonra araları açılan tərəflərin yadına köhnə xatirələr düşüb. Rüfət Əliyev hətta yas mərasimində belə onun salamını almayan Arif Hacılıdan indi borcunu istəyir. Başqan isə borcu ödəməkdən imtina edir.
Rüfət Əliyev bu hadisəni Arif Hacılının öz əqidə yoldaşlarının haqqını yemək təcrübəsində ilk və sonuncu hal olmadığını bildirib: "Bir neçə il bundan əvvəl Arif Hacılının təşkilatçılığı ilə Müsavat üzvlərindən internet televiziyası yaratmaq adı altında pul yığılmışdı. Onsuz da bir çörəyə möhtac olan səmimi müsavatçılar öz xanımlarının bəxt üzüyünə qədər satıb bu "müqəddəs işə" verdilər. Üzərindən neçə illər keçməsinə baxmayaq hələ də həmin layihənin izi-tozu yoxdur. Müsavat yetkililəri xaricə qaçan möhtəkirlərə saxta üzvlük vəsiqəsi satmaqla da ad çıxarıblar. İndiyə qədər nə qədər saxta müsavatçının Avropa ölkələrindən siyasi sığınacaq aldığını bir Arif Hacılı bilir, bir də onun qul beçələri".
Sabiq deputat İkram İsrafilinin oğlunun guya mitinqlərdə iştirakı ilə bağlı verilmiş bəyanatla saxta vəsiqə fırıldağın ortaya çıxdığını xatırladan Rüfət Əliyev fikirlərini belə davam etdirib: "İnsanları polis dəyənəyi altında döydürüb, yalançı minitqlər keçirməklə gündəm yaradıb və ən radikal müxalif qurum imiciylə saxta sənəd satanlar təbii ki, mənim halal puluma halal gözlə baxa bilməzdilər. Məni yandıran da əslində 300 manatın maddi dəyəri deyil. Arif Hacılı kimi adamlar tərəfindən səmimi müsavatçıların ülvi duyğularının istismar edilməsi, sümürülməsidir. Bu zamana qədər çox sömürüldük. Polis dəyənəyi altında əzilə-əzilə, zindanlarda çürüyə-çürüyə kimlərinsə ocağının közü olduq, qazanını qaynatdıq, səltənətlərinin tikintisində daşa, quma çevrildik. Bizim alın tərimizi içə-içə zənginləşdilər. Bundan sonra bizdən eyni uysallığı görə bilməyəcəklər. Mən nəyin bahasına olursa olsun, öz 300 manatımı Arif Hacılıdan alacağam. Lazım gəlsə bu məsələni beynəlxalq məhkəməyə qədər aparacağam. Qoy, bütün dünya millətin etibarından istifadə edərək siyasi və maddi divident qazananları tanısın, 100 illik tarixi olan bir partiyanın kimlərin ümidinə qaldığını bilsin".

Əli