Olland qondarma erməni soyqırımına həsr edilmiş konfrans keçirəcək Siyasət

Olland qondarma erməni soyqırımına həsr edilmiş konfrans  keçirəcək

Qabil Hüseynli: "Bu konfransdan sonra Fransanın Minsk qrupundakı həmsədrliyi məsələsini gündəmə gətirmək olar"

Martın 25-28-də Parisin Sarbonno Universitetində Fransa prezidenti Fransua Ollandın rəhbərliyi ilə qondarma erməni soyqırımına həsr edilmiş konfrans keçiriləcək.
Uydurma soyqırımın 100 illiyinin keçiriləcəyi ərəfədə ATƏT-in Minsk qrupuna həmsədr olan dövlətlərdən birinin - Fransanın belə konfransa ev sahibliyi etməsi məsələsini "Azadinform"-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir: "Təmtəraqlı surətdə baş verməmiş soyqırımı, adi köç siyasətinə həsr edilmiş tədbirin keçirilməsi o deməkdir ki, Fransa digər xristian dövlətlərinə də istiqamət verəcək. Eyni zamanda Fransa bu konfransla Azərbaycanın ərazisini işğal etmiş, təcavüzkar Ermənistanı göylərə qaldırmaq niyyətindədir. Zənnimcə, Ollandın bu hərəkəti misli görünməmiş bir hərəkətdir".
Politoloq qeyd edib ki, burada məqsəd ermənilərin törətdikləri əməllərin üstünü qapamaqla ermənilərin yazıq, əzabçəkən xalq obrazınmı yaratmaq və bununla da ermənilərin dünya məhkəməsinə müraciət edib uydurma soyqırımına görə Türkiyədən təzminat tələb etmək və Ermənistanın iqtisadi problemlərinin həllinə yol açmaqdır: "Minsk qrupuna həmsədr olan ölkə üçün bu biabırçılıqdır. Fransa Xocalı soyqırımını görüb bu cür reaksiya vermir. Dəfələrlə qətliamlarla müşayiət olunan deportasiyalardan, bütövlükdə 2 milyon insanın ölümü ilə nəticələnən 1905-06, 1918-ci il soyqırımlarından xəbərdar olduqları halda bunu qəbul etmək istəmirlər. Azərbaycanın 31 martı soyqırımı günü kimi elan etməsi də fransızlar tərəfindən nəzərə alınmır".
Politoloq sonda vurğulayıb ki, bu konfransdan sonra Fransanın Minsk qrupundakı həmsədrliyini gündəmə gətirmək olar: "Onun qeyri-obyektiv olması, açıq ermənipərəst mövqe tutması, bu dövlətin vasitəçilik missiyasından imtina etməsi kimi məsələlər müzakirə mövzusu ola bilər".