“Girovlar azad olunmadığı təqdirdə...” Siyasət

“Girovlar azad olunmadığı təqdirdə...”

Qənirə Paşayeva:"Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi də düşünürük"

Millət vəkili Qənirə Paşayeva bir neçə gün öncə AŞPA-da azərbaycanlı girovlar - Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması üçün çağırış edib. Qənirə Paşyeva bildirib ki, Azərbaycan nümayəndə heyəti tərəfindən Kəlbəcərli girovlarla bağlı məsələ dörd gün öncə AŞPA-da yay sessiyasında ciddi şəkildə qaldırılıb: "Assambleyada çıxışım zaman bu məsələni xüsusi ilə diqqətə çatdırdım və belə bir çağırış səsləndirdim ki, bu insanlar artıq 1 ilə yaxındır ki, Ermənistan tərəfindən qeyri-qanuni girov saxlanılır. Bu, bütün beynəlxalq normalara, hüquq prinsiplərinə ziddir. Bu insanlar təcili şəkildə azad olunmalıdır. Bu istiqamətdə də Avropa Şurası fəal rol oynamalıdır. Çünki insan haqları bu təşkilatın əsas prinsipidir. Bəzən Avropa Şurası bir insanın haqqı ilə bağlı müdafiə açıqlamaları verirlər. Amma 1 ilə yaxındır ki, bu insanların haqları Ermənistan tərəfindən pozulur. Nədənsə bununla bağlı Ermənistana ciddi təzyiq yoxdur".
Qənirə Paşyeva Assembleyanın qəbul etdiyi qətnaməyə də toxunub: "Qətnamədə vurğulanır ki, Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməli, köçkünlərin öz yerlərinə dönməsinə imkan verməlidir. Bu qətnamənin qəbulundan 10 ildən artıq vaxt keçir. Ermənistan nəinki köçkünlərin öz yurdlarına geri dönmələrinə imkan verir, hətta öz yaxınlarının məzarını ziyarət etməyə gedən insanımızı girov saxlayır. Onları qeyri-obyektiv, ədalətsiz "məhkəmə" ilə azad etməkdən boyun qaçırır. Buna görə də Assambleyada ikili standartlara son qoymağa çağırış səsləndirdik. Biz ötən qış sessiyada da bu məsələni qaldıranda AŞ-n baş katibi Tyobörn Yaqlandan soruşduq ki, baş katib kimi bu məsələnin həllini tapmasında hansı addımları atırsız və ya atacaqsınız? Vurğulamışdı ki, o da bu məsələ üzərində çalışır və addımlar atır. Biz də dedik ki, siz bu addımları sürətləndirin, adamların girovluqda qalmasının 1 ili tamam olur. Bu sessiyada vurğuladıq ki, cənab Yaqlandın o sözlərindən 3 ay keçib. Amma bu günə qədər o insanlar girovluqda saxlanılır.
Təəssüf ki, beynəlxalq təşkilatlar insan haqları məsələsində hər zaman olduğu kimi, ikili standartlardan yanaşırlar. Lazımi təzyiqi Ermənistana göstərmirlər. Təbii ki, bu, prezidentin birbaşa nəzarətində olan bir məsələdir. Girovların azad olunması istiqamətində Azərbaycan dövləti əlindən gələn bütün imkanlardan istifadə edir. Bu məsələ davamlı şəkildə beynəlxalq təşkilatlarda qaldırılır ki, onlar öz missyalarını yerinə yetirsinlər. Amma Ermənistan hər zaman olduğu kimi insanlıqdan kənar, qeyri-qanuni əməllərini davam etdirir".
Qənirə Paşayevə məsələ həll olunmadığı təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) müraciət etməyin də vacibliyini vurğulayıb: "Əgər Ermənistan bu addımları davam etdirərsə, biz hüquqlarımızı beynəlxalq məhkəmələrlə yolu ilə davam etdirəcəyik. Eyni zamanda, o insanlara dəyən mənəvi zərərlə bağlı AİHM-də onların haqlarının axtarılması istiqamətində addımlar atacağıq. Amma biz bu, məsələnin uzanmasının tərəfdarı deyilik".