“Donorlar tərəfindən regional QHT-lər üçün ayrıca qrant proqramları elan edilməlidir” Layihə

“Donorlar tərəfindən regional QHT-lər üçün ayrıca qrant proqramları elan edilməlidir”

"Region QHT-ləri dövlət proqramlarının icrasına daha sıx cəlb olunmalıdır"

Bu gün Azıərbaycanda region QHT-lərinin fəaliyyəti maraq doğurur. Bu istiqamətdə irəliləyiş olsa da problemlər də var. Qeyd edək ki, Azərbaycanda region QHT-lərinin vəziyyəti ilə bağlı əsaslı tədqiqat 2001-ci ildə BMT İP/QRTM-in sifarişi ilə Milli QHT Forumu tərəfindən aparılıb. Ölkənin 53 inzibati rayonu üzrə məlumatlar iqtisadi rayonlara bölünmüş və ümumən 1095 QHT-nin olduğu müəyyən edilib. Bölgələrdə QHT-lərin yaranması, onların fəaliyyətinin stimullaşdırılması üçün əlavə tədbirlər görülməsinə ciddi ehtiyac var. Bu istiqamətdə regionlarda vətəndaş cəmiyyəti ideyasının təbliği, məlumatlandırma və maarifləndirmə kampaniyalarının aparılmasına xüsusi diqqət yetirilməlidir. Donorlar tərəfindən regional QHT-lər üçün ayrıca qrant proqramları elan edilməlidir. Region QHT-ləri dövlət proqramlarının icrasına daha sıx cəlb olunmalıdır. Eyni zamanda, QHT-lərin dövlət qeydiyyatına alınması prosedurları daha da sadələşdirilməlidir. Dövlət orqanları region QHT-lərinə daha çox yardım göstərməli və yerli problemlərin həllinə onları daha sıx cəlb etməlidirlər. Şübhəsiz ki, regionlarda QHT-lərin sayının artması və onların səmərəli fəaliyyət göstərməsi üçün ümumilikdə vətəndaş cəmiyyətinin də üzərinə böyük vəzifə düşür. Şübhəsiz ki, təcrübəli QHT-lər bütün mümkün vasitələrlə regiondakı vətəndaş cəmiyyəti institutlarını dəstəkləməli və hərtərəfli yardım göstərməlidirlər. Bu dəstək hazırda geniş yayıldığı kimi, layihələrin həyata keçirilməsində region QHT-ləri ilə qısamüddətli əməkdaşlıqla məhdudlaşmamalıdır. Bu yardımlar region QHT-lərinin müstəqil şəkildə fəaliyyət göstərməsinə, ayaqda durmasına istiqamətlənməlidir.
Qısa olaraq müxtəlif istiqamətlər üzrə vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda oynadığı rol, onların üzləşdikləri problemlər, yaxın və uzaq gələcək üçün inkişaf perspektivlərini təhlil etməyə çalışdıq. Fikrimizcə, sonda vətəndaş cəmiyyəti ideyasının daha geniş yayılması, onların potensialının artırılması, üçüncü sektorun inkişafına mane olan problemlərin həlli, yaxın gələcəkdə və uzaq perspektivdə qarşıda duran hədəflər barədə ümumiləşdirilmələr aparılması və tövsiyələr verilməsi vətəndaş cəmiyyətinin yeni inkişaf mərhələsi ilə bağlı gözləntilərin daha aydın ifadə edilməsində yardımçı olacaq. İlk növbədə qeyd etməliyik ki, yeni inkişaf mərhələsində vətəndaş cəmiyyəti bu günə kimi əldə etdiyi uğurları daha da möhkəmləndirməli və ictimai həyatda "üçüncü" qüvvə kimi dövlət və özəl sektorla yanaşı bütövlükdə cəmiyyətin inkişafı üçün məsuliyyəti bölüşməyə hazır olduğunu nümayiş etdirməlidir. Vətəndaş cəmiyyəti institutları bir sıra qüvvələrin təlqin etmək istədiyi kimi dövlətin, dövlət qurumlarının rəqibi kimi yox, cəmiyyəti narahat edən problemlərin həlli ilə bağlı daha faydalı alternativlər, novasiyalar irəli sürən, hər zaman bərabərhüquqlu tərəfdaşlığa hazır olan qüvvə kimi çıxış etməlidirlər. Yalnız bu halda Azərbaycanda üçüncü sektor istər dövlətdən, istərsə digər qüvvələrdən müstəqilliyini saxlamaqla, onların təsir dairəsinə düşmədən özünəxas baza dəyərlərini saxlamala inkişaf edə biləcək. Təbii ki, yeni inkişaf mərhələsində vətəndaş cəmiyyəti daha böyük nailiyyətlər əldə etməsi üçün həm vətəndaş cəmiyyəti institutları, həm dövlət, eyni zamanda bütün cəmiyyət səviyyəsində bir sıra vacib problemlərin həlli üçün səy göstərilməlidir. Vətəndaş cəmiyyəti institutları, bütövlükdə üçüncü sektor öz təsir dairəsi və potensialını artırmalıdır. Bu məqsədlə könüllük fəaliyyətinin genişlənməsinə nail olmaq zəruridir. İnkişaf etməkdə olan ölkələrdə könüllülərin təmənnasız yardımı QHT-lərin fəaliyyəti üçün həlledici dəstək rolunda çıxış edir. Vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəal olmalı və onların dəyərlərini, ideallarını bölüşən insanları ümumi fəaliyyətə cəlb etməyin yolları üzərində ciddi düşünməlidirlər. Əks halda indiki səviyyədən irəli getmək olduqca çətin olacaq.
Üçüncü sektor bizneslə "dil tapmağı" öyrənməlidir, özəl sektorla əməkdaşlıq yeni imkan və perspektivlər vəd edir. Bu baxımdan QHT-lər özəl sektorla əməkdaşlıq, tərəfdaşlıq istiqamətində təşəbbüslərində ardıcıl olmalı, səylərin əlaqələndirilməsinə çalışmalıdırlar. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə "Korporativ sosial məsuliyyət haqqında" qanun layihəsi hazırlanır. Bu qanunun hazırlanması və qəbulu özəl sektorla əməkdaşlıqla bağlı bir sıra qanunvericilik və institusioanal baryerlərin aradan qalxmasına yardım göstərəcək. QHT-lər öz növbəsində bu qanun layihəsinin qəbulu üçün səy göstərməlidirlər. Özəl sektorla əməkdaşlıq olmadan üçüncü sektor yeni inkişaf mərhələsində zəruri olan resursları tapmaq, əldə etməkdə çətinliklərlə üzləşəcək.
Eyni zamanda vətəndaş cəmiyyəti institutları ictimai əhəmiyyətli qərarların qəbulunda və həyata keçirilməsində daha yaxından iştirak etməyə səy göstərməlidirlər. Yaxın gələcək üçün bu vətəndaş cəmiyyətinin əsas hədəflərindən biri olmalıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə müəllif tərəfindən "İctimai iştirakçılıq haqqında" qanun layihəsi hazırlanır. Bu qanun layihəsinin qəbulu vətəndaş cəmiyyəti institutlarına ictimai əhəmiyyətli qərarların hazırlanması qəbulunda və həyata keçirilməsində daha yaxından iştirak etməyə mane olan amillərin ortadan götürülməsinə yol açacaqdır.Vətəndaş cəmiyyəti institutları yeni mərhələdə cəmiyyətin müstəqil "ideya laboratoriyaları", "beyin mərkəzləri" olduqlarını daha qabarıq şəkildə nümayiş etdirməlidirlər. Qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, cəmiyyəti daha irəli aparacaq ideyaların, alternativlərin irəli sürülməsində öz potensialından daha dolğun istifadə etməlidir.
Vətəndaş cəmiyyəti institutlarının maliyyə sabitliyinin təmin olunması üçüncü sektor üçün aktual məsələlərdən biri olaraq qalmaqdadır. Bu problemin həlli üçün dövlət büdcəsindən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin miqdarının ciddi şəkildə artırılmasına ehtiyac var. Hazırda hər il dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına xeyli vəsait ayrılır. Şuraya il ərzində təqdim edilmiş layihələrin ümumi büdcəsi isə 18 milyon manatdan çox olur. 2010-cu il ərzində Azərbaycanda QHT-lərə yerli və xarici donorlar tərəfindən 30 milyon manata qədər qrant vəsaiti ayrılıb. Şuraya dövlət tərəfindən ayrılmış məbləğ isə bu vəsaitin 3 faizə qədərini təşkil edir. Görundüyü kimi, dövlət büdcəsindən Şuraya ayrılan maliyyə il ərzində müxtəlif donorlar tərəfindən QHT-lərə ayrılmış ümumi vəsaitlə müqayisədə olduqca azdır. Şuraya QHT-lərin layihəsinin maliyyələşməsi üçün ayrılmış vəsait Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasında müəyyənləşdirilmiş məqsədlərə nail olmağa, layihələrin davamlığının təmin olunması, daha yaxşı nəticələrin əldə edilməsi, aktual sosial-iqtisadi, humanitar, mədəni və digər problemlərlə bağlı ayrıca qrant proqramları elan etməyə imkan vermir. Şübhəsiz ki, Şuraya ayrılan maliyyə vəsaitinin miqdarının artırılması bu problemlərin həllinə yol açardı, vətəndaş cəmiyyətinin inkişafı üçün yeni imkanlar yaradardı. Həmçinin, Şuranın sifarişi ilə hazırlanan "Sosial sifariş haqqında", "Korporativ sosial məsuliyyət haqqında", "İctimai iştirakçılıq haqqında" və "Peşəkar birliklər haqqında" qanun layihələrinin, eyni zamanda QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə və dəyişikliklərin tezliklə qəbul olunması, üçüncü sektorun daha da möhkəmlənməsinə, maliyyə stabilliyinin təmin olunmasına əngəl olan maneələrin əhəmiyyətli hissəsinin götürülməsinə yol açardı.
Əvvəldə qeyd etdiyimiz kimi, bu gün vətəndaş cəmiyyəti institutları cəmiyyətin aparıcı qüvvələri tərəfindən inkişaf proseslərinə əhəmiyyətli töhfə verəcək, öz missiyası, idealları, dəyərləri olan təsisatlar kimi qəbul olunmağa başlayıblar. Bunu hazırda vətəndaş cəmiyyətinin ən böyük uğuru kimi qiymətləndirmək olar. Lakin hələ ki, vətəndaş cəmiyyəti institutlarına ictimai etimad arzuolunan səviyyədə deyil. Vətəndaşların böyük əksəriyyəti vətəndaş cəmiyyəti, üçüncü sektor, onların fəaliyyəti və cəmiyyətin inkişafına verə biləcəyi töhfələr barədə kifayət qədər məlumatlı deyillər. Hətta, bir çox hallarda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti onlarda neqativ asossasiyalar doğurur. Yeni inkişaf mərhələsində ilk vəzifələrdən biri də bu problemin həlli üçün səylərin artırılmasıdır. Vətəndaş cəmiyyəti institutları bütün mümkün vasitələrlə ictimaiyyətlə əlaqələrini genişləndirməli, daha açıq olmalı, öz fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərinə son dərəcə həssaslıqla yanaşmalıdırlar. Üçüncü sektor nümayəndələri özləri, missiyaları, dəyərləri, fəaliyyətləri haqqında daha çox danışmalı, müzakirələr açmalı, məlumat verməlidirlər. Son illər bu sahədə müəyyən əhəmiyyətli təşəbbüslər edilib, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Konstitusiya" Araşdırmalar Fondu "Qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığın artırılmasına yardım göstərilməsi" layihəsi, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və ACYF-nin dəstəyi ilə "QHT-lərin fəaliyyətində yaxşı idarəetmə, şəffaflıq və hesabatlılığın artırılmasına dəstək" layihələri həyata keçirilib. Hər iki layihə çərçivəsində QHT-lərin fəaliyyətində yaxşı idarəetmə, şəffaflıq və hesabatlılıqla bağlı məsələlər hərtərəfli öyrənilib, mövcud problemlərin həlli üçün təkliflər hazırlanıb və onların ictimai müzakirələri keçirilib. Eyni zamanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən mütəmadi olaraq bu mövzularda QHT təmsilçiləri üçün təlimlər keçirilir. Çox təssüflə qeyd etmək lazımdır ki, müsbət irəliləyişlərə baxmayaraq müəyyən qism QHT-lərin fəaliyyətində şəffaflıq, öz üzvləri, cəmiyyət və dövlət orqanları qarşısında hesabatlılıqla bağlı problemlər qalmaqdadır. Bu isə cəmiyyətdə müəyyən suallar yaradır. Bu sualların cavablandırılması, şübhələrin ortadan götürülməsi və ən əsası illərlə şüurlarda kök salmış neqativ steriotiplərin dəyişilməsi üçün vətəndaş cəmiyyəti institutları özləri təşəbbüskar olmalı və ümumilikdə üçüncü sektorun inkişafı ilə bağlı məsuliyyətlərini dərk etməlidirlər.
Qeyd etmək lazımdır ki, keçilmiş yol vətəndaş cəmiyyəti institutlarının bütün çətinliklərə baxmayaraq ictimai həytada fəal rol oynamağa qadir olduqlarını, onların daha çox öz potensialına, dəyərlərinə arxalanaraq irəli gedə bilmək bacarıqlarını nümayiş etdirdi. İnamla söyləyə bilərik ki, bu müddət ərzində vətəndaş cəmiyyəti institutları daha da irəli getmək, inkişaf etmək üçün kifayət qədər bilik, bacarıq və təcrübə əldə ediblər. Bu baxımdan ən azı yaxın gələcəyə nikbin baxmaq üçün kifayət qədər əsaslar mövcuddur.

Əli