Almanlar Azərbaycanda Layihə

Almanlar Azərbaycanda

Tarixdə özünəməxsus yönü, xarakteri, mədəniyyəti olan alman xalqının Azərbaycanda da nümayəndələri yaşayır. Bunun maraqlı tarixi var. Almanlar Azərbaycanda ilk dəfə Yelizavetpolda (Gəncə), sonra onun yaxınlığındakı Yelenendorfda (Göygöl), Hacıkənddə, Şəmkirdə, Bakıda və s. ərazilərdə məskunlaşıblar, ölkəmizdə təhsili, həmçinin üzümçülüyü, şərabçılığı, tikinti-inşaat işlərini inkişaf etdiriblər. Böyük Vətən müharibəsindən sonra almanların yüksək inkişafını görən Sovet imperiyası onları Sibirə və Qazaxıstana sürgün edib.
"Azərbaycan almanları" Azərbaycanda yaşamış alman icmasına verilən ümumi addır. 1817-ci ildə general Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş verib. Azərbaycana yerləşdirilmiş ilk almanların çoxu Vürtemburq krallığının sakinləri olmuşdular. 1817-1818-ci illərdə Qafqazda təşkil olunmuş 8 alman kaloniyasından ikisi Yelenendorf və Annenfeld Şimali Azərbaycanda yerləşirdi. Bu kaloniyalardan başqa almanlar Georqsfeld, Qrünfeld, Ayxenfeld, Traubenfeld, Yelizavetinka kimi kəndlərdə yaşayırdılar. Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan Kaukasische "Post" qəzetinin hər bir nömrəsi yuxarıda göstərilən kənd və şəhərlərə çatdırılırdı.
Almanlar Azərbaycanda siyasi və ictimai həyatda daim fəal lmuşdular. Azərbaycan Demokratik Respublikası parlamentinin IX Milli azlıqlar fraksiyasının dörd üzvündən biri əslən alman olan Lorens Kun olmuşdu. Lorens Kun 1884-cü ildə Yelenendorf şəhərində anadan olmuş və bir müddət burada fəaliyyət göstərmişdi. 1918-ci ilin 7 dekabr tarixində AXC parlamenti öz işinə başlayanda Lorens Kunda parlamentə qoşulmuşdu. O, Azərbaycan almanlarının təmsil edirdi.
Şimali Qafqazın ilk alman sakinlərin Rusiyanın Volqaboyu bölgəsinlər köçənlər idi. Çar hakimiyyəti 1774-cü ildə Osmanlı imperiyasından alınan və əhalisi olduqca az olan Kubana mümkün qədər çox Rusiya vətəndaşı yerləşdirməyə çalışırdı. Lakin bölgənin iqlimi, inkişaf etdirilməmiş infrastrukturu və yerli hərbi hissələrin qeyri-ruslara qarşı mənfi münasibəti alman mühacirətinə mane olurdu.
XIX əsrin ikinci yarısında Rusiyanın kapitalist sisteminə addımlaması dövründə Şimali Qafqaza almanların sayı olduqca artdı. Əsasən kənd təsərrüfatı ilə məşğul olan bu mühacirlər nəinki tək Volqaboyudan, habelə Qara dəniz sahillərindən və hətta Almaniyanın özündən köçüb gəlirdilər. 1917-ci ildə burada 200-dən artıq alman koloniyası mövcud idi. Sürgün zamanı Şimali Qafqaz almanlarının sayı 160 mindən çox idi.
Cənubi Qafqazın ilk alman koloniyası bugünkü Gürcüstan ərazisində salınmışdı. 1818-ci ilin sentyabrın 21-də çar I Aleksandrın dəvətiylə Qafqaza köçən Vürtemberq kəndliləri Tiflis yaxınlığında Marienbaum adında şəhərcik saldılar. Növbəti il ərzində Avropadan köçən almanlar daha 5 koloniya qurmuşdu: Elizabettal, Yeni Tiflis, Aleksandrdorf, Petersdorf və Katarinenfeld (indiki Bolnisi).
Tiflis və onun ətrafları Cənubi Qafqaz almanlarının qeyri-rəsmi mədəni mərkəzi idi. 1906-1922-ci illərdə burada alman dilində buraxılan "Kaukasische Post" qəzeti çap edilirdi. O, Qafqazın yeganə alman qəzeti idi. 1918-ci ildə Gürcüstanda alman kəndlərinin sayı 20-dən yuxarı idi. 1941-ci ildə Sovet hakimiyyəti buradan 20423 etnik almanı sürgün etdi.
1819-cu ilin yayında Tiflisdən Yelizavetpola (Gəncəyə) köçən 194 alman ailəsi Şamxor (Şəmkir) yaxınlığında Helenendorf və Annenfeld adlı iki koloniya saldı. Sovet vaxtı Helenendorf inqilabçı Xanlar Səfərəliyevin şərəfinə Xanlar adlandırıldı, Annenfeld isə Şəmkirlə birləşdi. Sonralar Gəncə və Qazax qəzalarında salınan koloniyalar Georqsfeld (1888, indi Şəmkir rayonunun Çinarlı qəsəbəsi), Alekseyevka (1902), Qrünfeld (1906, indi Ağstafa rayonunun Həsənsu kəndi), Ayxenfeld (1906, indi Şəmkir rayonunun İrmaşlı kəndi), Traubenfeld (1912, indi Tovuz şəhəri), Yelizavetinka (1914, indi Ağstafa şəhəri) və Marksovka (1920-ci illər, sonralar Ağstafa ilə birləşdi) idi. Onların əhalisi ilk koloniyalar sakinlərinin nəslindən ibarət idi. Helenendorfda yerləşən almanlardan bir neçə ailə Goranboy rayonunun Todan kəndi yaxınlığında məskunlaşmışdılar. Hazırda da almanların yerləşdiyi həmin yerlər yerli əhali tərəfindən "Lemsə bağı", "Lemsə bulağı" kimi tanınır. 1918-ci ildə bütün Azərbaycandakı koloniyalarda yaşayan almanların sayı cəmi 6 min nəfər idi. Onların əsas peşəsi əvvəllər əkinçilik, sonralar isə şərabçılıq idi. Təkcə helenendorflu Forer və Hummel qardaşları tərəfindən buraxılan çaxır bütün Qafqaz bölgəsində istehsal edilən çaxırın 58%-ni təşkil edirdi.
Cənubi Qafqaz almanlarının əksəriyyəti etirazçılığa (protestantlığa) etiqad edirdi. Azərbaycanın ilk etirazçı kilsəsi məhz Helenendorfda 1857-ci ildə tikilmişdi. Sonralar lüteran kilsələr Gədəbəydə (1868), Şamaxıda (1869), Bakıda (1897) və Annenfelddə (1911) də tikilmişdi. Azərbaycan Demokratik Respublikası dövründə yerli almanlar ilk koloniyanın salınmasının 100 illiyini təntənə ilə qeyd etdilər. 1941-ci ildə Sovet hakimiyyətinin əmriylə 22.841 alman Azərbaycandan çıxarılıb SSRİ-nin Asiya bölgələrinə sürgün edilmişdi. Şimali Qafqaz və Gürcüstandakı kimi, bütün alman mənşəli şəhər və kənd adları rus və Azərbaycan adları ilə əvəz edilmişdi.
Gürcüstan və Azərbaycandan fərqli olaraq alman mühacirləri indiki Ermənistan ərazisində yaşayış məntəqə qurmamışdılar. Əsasən Sovet dövründə İrəvanda məskunlaşırdılar. Tarix boyu bu ölkədə onların sayı 500-dən artıq olmayıb. 1941-ci ildə buradan 212 alman köçürülmüşdü.
1878-1918 illərdə Rusiyə tərkibində olan Qarsda aktiv mühacirət prosesləri baş verirdi. Mühacirlərin əksəriyyəti ili tərk etmiş müsəlmanların yerini alan və hakimiyyət dəstəyi ilə məskən salan məsihilər: ermənilər, ruslar, aysorlar, yunanlar,polyaklar və almanlar idi. 1891-ci ildə burada Petrovka adlı ilk alman kəndi yarandı. Birinci dünya müharibəsindən bir az əvvəl daha iki kənd (Vladikars və Estonka) salınmışdı. Burada baş verən hərbi əməliyyatlardan və təhlükədən canlarını qurtaran almanlar müharibənin sonundan öncə Azərbaycana qaçıb, oradakı Ayxenfeld koloniyasında məskunlaşdılar.
H.Nəsibova yazır: "Onlarsa Tovuzu Traubenfield adlandırıblar. Söhbət almanlardan gedir. Uzun illər Tovuzda yaşayan almanların izlərinə bu gün də rast gəlmək olur. Rayonda onların yaşayışını, mədəniyyətini əks etdirən küçələr, evlər, zavod, qəbiristanlıq var. Rusiya imperiyası 19-cu əsrin əvvəlindən başlayaraq Azərbaycan ərazisinə, o cümlədən ölkəmizin qərb bölgəsinə ayrı-ayrı xalqların köçürülmə siyasətinə başlayıb. Bu xalqlar arasında almanlar da olub".
Tarixçi Namiq Muradov: "Almanların Cənubi Qafqaz bölgəsinə gəlməsi 1817-ci ilə aiddir.O vaxt Qafqazda rus qoşunlarının baş komandanı olan Yermolov Cənubi Qafqazda 8 alman koloniyasının yaranması barədə icazə vermişdi.Onlardan ikisi Azərbaycanın qərb bölgəsində yaranmışdır.Və yavaş-yavaş ölkəmizin ayrı-ayrı rayonlarına ,o cümlədən biz yaşadığımız Tovuz rayon ərazisinə də almanlar gəliblər."
H.Nəsibova: "Beləliklə, Tovuza köçürülən almanlar burada öz yaşayış məskənlərini salır. İndi də şəhərdəki bir park və 8 küçə onların adı ilə bağlıdır. Bu küçələrdə vaxtilə almanların tikdiyi xeyli ev var. Bu tikililər quruluşca yerli evlərdən xeyli fərqlənir. Xüsusən də həyətlərin ümumi olması ilə. Almanlar burada yaşadığı müddətdə tək ev yox, hətta idman qurğuları da tikiblər, özlərinin futbol məktəblərini də yaradıblar. Onlar burada təsərrüfatın müxtəlif sahələri, xüsusən də üzümçülüklə məşğul olublar. Üzümün emalı üçün inşa etdikləri bu şərab zavodu indi tam gücü ilə olmasa da, fəaliyyət göstərir. 30 metr dərinliyi olan bu zavodda almanlardan qalma əşyalara, texnikalara rast gəlinir. Almanların Tovuzda yaşamasını sübut edən daha bir fakt isə onlara aid qəbiristanlıqdır. Qəbir daşlarında yazılan tarixlərdən məlum olur ki, almanlar bura 19-cu əsrin əvvəlindən gəlib, 20-ci əsrin sonlarına kimi yaşayıblar. Hazırda bu abidələrin hər biri mühafizə olunur".
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bolşevik rejiminin bütün qaydaları: dinə qarşı təbliğat, repressiyalar və bu kimi hallar alman koloniyalarına da qarşı tətbiq edilirdi. Arxivdə AK(b)P təşviqat və təbliğat şöbəsi nəzdində alman seksiyasının hesabatları, yazışmaları, protokolları da saxlanılır. Arxivdə alman koloniyalarında aparılan kollektivləşdirilmə haqqında sənədlər və Elenendorf Kənd Sovetinın fəaliyyəti haqqında sənədli məlumatlar, habelə AK(b)P katibi – M.C.Bağırovun Telman adına kolxozun komsomol katibi – R.Kriqer ilə 17 fevral 1936-cı il müsahibəsinin qeydləri də mövcuddur. Təhsil sahəsinə ciddi fikir verən alman kolonistləri yaşadığı ərazilərdə öz övladları üçün məktəblər tikmiş və sovet dövründə burada orta ixtisas təhsil ocağı da açılmışdı. Ali təhsil almaq istəyənlər isə respublikanın paytaxtında yerləşən təhsil ocaqlarına üz tuturdular. Arxiv sənədləri arasında Azərbaycan SSR-nın alman koloniyalarında təhsil sahəsində olan vəziyyət haqqında sənədlər saxlanılır. Almanlar məskən saldıqları yerlərdə mədəni mərkəzlər, qəzetlər və klublar da açırdılar. Almanların yerli əhali ilə sıx mədəni əlaqələrinə baxmayaraq, onlar öz etnik xüsusiyyətlərini qoruyub saxlamışdılar. Arxivdə bu mövzuya dair bir sıra sənədlər saxlanılır: alman fəhlə klublarının fəaliyyəti haqqında, alman koloniyalarıda yaşıyan alman gənçləri arasında aparılan iş haqqında (1936-cı il). Ancaq almanların Azərbaycanda və ümumiyyətlə SSRİ-nin mərkəzi ərazilərində məskunlaşdıqları yerlərdə onların sabit həyat tərzinə 1941-ci ildə başlayan Böyük Vətən müharibəsi son qoydu. 11 oktyabr 1941-ci il 001487 saylı SSRİ Daxili İşlər Xalq Komissarı L.Beriyanın imzası ilə olan sərəncama əsasən Gürcüstan, Azərbaycan və Ermənistan SSR-də yaşayan almanların deportasiyasına başlandı. Bu sərəncama əsasən güc strukturları almanları Qazaxıstan və Sibirə sürgün etdilər. Deportasiya zamanı sərt həyat şəraiti bir çox almanların həyatına son qoydu. Qeyd olunan tarixi faktlar arxivdə mühafizə olunan sənədlərdə öz əksini tapıb.
Uğur