“Bu müxtəliflik xalqımızın tolerantlıq xüsusiyyətinin formalaşmasında mühüm töhfə olub” Layihə

“Bu müxtəliflik xalqımızın tolerantlıq xüsusiyyətinin formalaşmasında mühüm töhfə olub”

Mübariz Qurbanlı: "Ata-babalarımızdan miras qalmış bu adət-ənənənin qorunub saxlanılması bizdən xüsusi mənəvi məsuliyyət tələb edir"


"Qədim İpək Yolunun üzərində yerləşən, Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkan olmuş və burada ölkəmizin coğrafi mövqeyi, əhalisinin polietnikliyi kimi amillər böyük rol oynayıb. Tarixin ayrı-ayrı dönəmlərində bu torpaqlarda Bütpərəstlik, Zərdüştiliklə bərabər, Yəhudilik, Xristianlıq və İslam kimi səmavi dinlərin nümayəndələri bir-birinə təsir göstərmədən, birgə yanaşı yaşayıblar. Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamış, ölkəmiz fərqli dinlərin mənsubları ilə yanaşı, İslam məzhəblərinin daşıyıcıları üçün pənah yerinə çevrilib". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öz yazısında qeyd edib. O bildirib ki, buna baxmayaraq, etnik və dini icmalar arasında daim möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olub, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməyib, hətta bu müxtəliflik xalqımızın tolerantlıq xüsusiyyətinin formalaşmasında mühüm töhfə olub: "Əlbəttə, qloballaşma ilə bağlı çağırışların vüsət aldığı dövrümüzdə ata-babalarımızdan miras qalmış bu adət-ənənənin qorunub saxlanılması bizdən xüsusi mənəvi məsuliyyət tələb edir. Nəzərə alsaq ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək baxımından olduqca güclü vasitədir, onun bu gücündən sui-istifadə edən məkrli qüvvələr tarix boyu öz maraqlarını, siyasi-iqtisadi hegemonluqlarını təmin etmək üçün dindən daha geniş şəkildə yararlanmağa çalışmışlar və bu proses müasir dövrdə də davam etməkdədir. Nəticə isə ortadadır: insanları vəhdətə, qarşılıqlı hörmət şəraitində yaşamağa çağıran dinlərin əsl mahiyyəti təhrif olunmurdu və din müxtəlif siyasi oyunların alətinə çevrilmişdir. Söz yox ki, dünyanın bir sıra ölkələrində "sınaq"dan çıxarılmış bu "siyasət"in ölkəmizə qarşı da həyata keçirilməsinə cəhd göstərilib.
Bu, elə bir vaxt idi ki, xalqımız yetmişillik Sovet rejimindən xilas olaraq yeni mərhələyə – milli-mənəvi dəyərlərə qayıdış dövrünə qədəm qoymuşdu. Sözsüz ki, bu keçid özü ilə birlikdə çoxlu problemlər də gətirmişdi. Ölkəmizin coğrafi mövqeyi, təbii sərvətlərlə zənginliyi bəzi xarici dairələrin diqqətindən kənarda qalmayıb, onlar öz maraqlarını təmin etmək üçün iqtisadi-siyasi təzyiqlərlə yanaşı, din sahəsindəki boşluqlardan da yararlanmağa çalışıblar. Müstəqilliyimizin bərpa edildiyi ilk dövrlərdə müharibə və siyasi xaos nəticəsində yaranmış ağır sosial vəziyyətdən istifadə edən həmin qüvvələr xeyriyyə təşkilatı adı altında ölkəmizə ayaq açmış, əhalinin böyük qisminin dini məlumatsızlığından, İslama dair biliklərinin yetərsizliyindən istifadə edərək öz təlimlərini həqiqi dini dəyər maskası altında yaymağa, az da olsa, müvəffəq olublar. Həmin dövrdə ölkədə dini tədris müəssisələrinin və savadlı ilahiyyatçıların azlığı, sağlam dini ədəbiyyatın olmaması insanlarımıza yad dini-ideoloji fikirlərin aşılanmasına gətirib çıxarıb. Vəziyyətin həssaslığı qətiyyətli, balanslaşdırılmış və sağlam din siyasətinin həyata keçirilməsini tələb edirdi.
Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı onun növbəti xilaskarlıq missiyasının başlanğıcı olub. Məhz Ulu Öndərin sayəsində milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar olub. Vətəndaşların vicdan azadlığı Konstitutsiyamızın 48-ci maddəsində öz əksini tapmış və Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" Qanununda geniş şəkildə təsbit olunub. Zaman keçdikcə cəmiyyətdəki inkişaf, qloballaşma nəticəsində sürətlə dəyişən və inkişaf edən dünyamızda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, sosial rifahın daha da yüksəldilməsi, milli və ictimai təhlükəsizliyin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində qanunvericilik sistemində islahatların aparılması zərurətə çevrilib. Eyni zamanda, Yaxın Şərqdə dini zəmində baş verən faciəvi hadisələr də göstərib ki, ideoloji sahələrdə pozuculuq fəaliyyəti aparmaq üçün müəyyən imkanlar var və bu imkanlardan müxtəlif formalarda istifadə olunur. Bu mənada zamanın tələbindən irəli gələrək ötən müddətdə istər "Dini etiqad azadlığı haqqında" Qanuna, istərsə də din ilə əlaqəli digər qanunvericilik aktlarına əlavə və dəyişikliklərin olunması dövlət siyasətində din sahəsinə diqqətin təzahürü kimi qəbul edilib".
M.Qurbanlı əlavə edib ki, şübhəsiz, vicdan azadlığı sahəsində hüquqi bazanın möhkəmləndirilməsi tolerantlıq mühitinin gücləndirilməsinə, milli-mənəvi dəyərlərə münasibətin dəyişməsinə, insanlarımızın tarixi keçmişindən uzaqlaşmamasına, əcdadlarımızın maddi-mənəvi miraslarına sahib çıxmasına xidmət edirdi: "Uzun illər sonra respublikanın rayon, şəhər və kəndlərində məscidlərin tikilməsi, baxımsızlıqdan uçub dağılmış müqəddəs ocaqların bərpa edilməsi və yenidən qurulması, minarələrdən azan səsinin eşidilməsi, dini və milli bayramlarımızın sərbəst şəkildə, özü də yüksək səviyyədə qeyd edilməsi dövlətimizin milli-mənəvi dəyərlərimizə yüksək qayğısının bariz nümunəsidir.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması da Ümummilli Liderin adı ilə bağlıdır. O, tolerantlığın, birgəyaşayış mədəniyyətinin İslam dininin və Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu belə ifadə etmişdir: "Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var".
Ulu Öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu bu siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir və bir çox dövlətlərin üzərində baş sındırdığı "Dünyəvi dövlətdə din siyasəti necə olmalıdır?" sualının əyani cavabı kimi qəbul olunur. Ölkə başçısı son dövrlərdə milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilib, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilib. Məhz Prezident İlham Əliyevin ölkəmizdəki tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib.
Son illər Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilərək dindarların istifadəsinə verilmişdir. Görülən bu işlərin davamı olaraq, 2014-cü ilin dekabr ayında özündə Azərbaycanın milli-dini ənənələrə sadiqliyini əks etdirən əzəmətli Heydər məscidinin açılışı olub. Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Gəncədəki İmamzadə kompleksində də təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Onu da qeyd etməliyik ki, ölkəmizdə 2 mindən artıq məscid mövcuddur. Təkcə son 11 il ərzində 140-a yaxın məscid tikilmiş, 80 məscid əsaslı şəkildə bərpa edilib. Bütün bunlar bir daha göstərir ki, dövlət başçısının siyasətində tarixi keçmişimizin unudulmaması, gələcək nəsillərin xalqımızın gen yaddaşından süzülüb gələn milli-mənəvi dəyərlərə daha çox bağlanması mühüm yer tutur".

Onun fikrincə, bu istiqamətdə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi vurğulanmalıdır: "Məhz Fondun maliyyə dəstəyi ilə Daşkəsəndəki Cümə məscidində, Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsin Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri aparılıb.
Fondun gördüyü işlər təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Heydər Əliyev Fondunun hər bir layihəsi xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına xidmət göstərir. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi bu istiqamətdə görülmüş mütərəqqi işlərdəndir. Layihə çərçivəsində ölkədəki məscid, kilsə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb. Bundan başqa, Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransada bir sıra kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.
Azərbaycanın tolerantlıq örnəyi olmasının nümunələrindən biri də Prezident İlham Əliyevin müsəlmanlarla yanaşı, yəhudi və xristian icmalarına hər il qeyd etdikləri dini bayramlarda təbrik ünvanlamasıdır. Həmin təbriklərdən birində bildirilir: "Bu gün dünyanın tolerantlıq örnəyinə çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xüsusilə vurğulamaq istərdim ki, vaxtilə sovet rejimi tərəfindən etiqad və vicdan azadlığının qadağan edildiyi ölkəmizdə indi bütün xalqların və dinlərin nümayəndələrinin rahat şəkildə və mehriban ailə kimi yaşaması müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biridir".
Sadalanan faktlar bir daha göstərir ki, dünyada dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Fəxrlə deyə bilərik ki, bu gün bütün dünyada demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük xalqımızın əsrlər boyu formalaşan və bir çoxlarına örnək olan xarakterik xüsusiyyətidir və bu, inkaredilməz həqiqətdir. Bu gün Azərbaycanda kilsə və sinaqoqlarla yanaşı, bir çox xristian, yəhudi dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən lazımi dəstək verilməsi də buna əyani sübutdur.
HazırdaYaxın və Orta Şərqdə baş verən müharibələr, qanlı toqquşmalar təkcə bu bölgədəki ölkələri deyil, həm də ümumbəşəri mədəniyyətləri, azad dəyərləri məhv edir. Eyni zamanda, Avropada miqrantlara qarşı münasibətin pisləşməsi, "multikulturalizm iflasa uğrayıb" kimi bəyanatların səsləndirilməsi və ayrı-seçkiliyə yol verilməsi, milli-dini dəyərlərdən siyasi, iqtisadi vasitə kimi istifadə edilməsi, bizi gələcəyimizlə bağlı daha dərindən düşünməyə və tarixin qarşımıza qoyduğu bu kimi "nümunələr"dən nəticə çıxarmağa sövq edir.
Dünyanın, az qala, bütün nöqtələrini öz ağuşuna almış bu kimi arzuolunmaz proseslərin fonunda ölkəmizdə Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətimizin təbliği və daha da möhkəmləndirilməsi, bu mühitin qorunub saxlanılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və xalqımız bunu gündəlik həyatının hər anında hiss etməkdədir. 2014-cü ildə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yaradılması, multikulturalizm sahəsində ən optimal model seçilən Azərbaycan nümunəsinin öyrənilməsi məqsədilə Avropa ölkələrində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanılması ölkə başçımızın hər zaman müstəqil, şəffaf və dürüst siyasət tərəfdarı olduğunu bir daha təsdiq edir...".

Ardı var...