Üzeyir Hacıbəyovun jurnalist fəaliyyəti Layihə

Üzeyir Hacıbəyovun jurnalist fəaliyyəti

"Təəccüblü burasıdır ki, müsəlman gərək hamıdan təmiz olsun, amma hamıdan natəmizdir. Adamı yandıran burasıdır"

Üzeyir bəy məqalələrində jurnalistikaya ilk dəfə "Həyat" qəzetində başladığını söyləyir. Lakin XX əsrin əvvəllərində Tiflisdə senzor işləyən M.Ş.Mirzəyev öz xatirələrində Üzeyir bəyin bir müddət "Şərqi-Rus" qəzetində çalışdığını yazır. Üzeyirşünas Qulam Məmmədli onun 1970-ci ildə yazdığı məqaləsində Hadrutda müəllim işləyərkən "Kaspi" qəzeti ilə əməkdaşlıq etdiyini bildirir. Üzeyir Hacıbəyli 1905-ci ildə Bakıya gəldiyində əvvəlcə "Həyat" qəzetində tərcüməçi kimi çalışır, həmin ilin 10 sentyabrında qəzetin 59-cu sayında "Bir xanım əfəndinin bizlərə hüsni-təvəccöhü" adlı ilk yazısı dərc olunur. "Həyat" qəzeti 1905-06-cı illərdə Tağıyevin vəsaiti ilə "Kaspi" mətbəəsində nəşr olunurdu, redaktorları Əhməd bəy Ağaoğlu ilə Əli bəy Hüseynzadə idi. Qəzetin ilk nömrəsi 1905-ci il 7 iyunda, sonuncu nömrəsi 1906-cı il 3 sentyabrda (cəmi 325 sayı) dərc olunur.
Əhməd bəy Ağaoğlu 1905-ci ildə çar Rusiyasında xalqların hüquqları ilə bağlı elan olunan 17 oktyabr manifestindən sonra yeni qəzet açmağı qərarlaşdırır, bu ideya dekabr ayının 17-də Bakıda çap olunan "İrşad"la həyata keçirilir. "İrşad"ın hərfi anlamı "yol göstərən" deməkdir. 1908-ci il iyunun 25-dək fəaliyyət göstərən qəzetin 1905-06-cı illərdəki 116 sayına Əhməd bəy redaktorluq edir. Ümumilikdə, 4 il ərzində İrşadın 536 sayı çap olunur. 1906-ci il fevral nömrələri Üzeyir bəyin müdirliyi, mart nömrələrinin bəzilərinin isə redaktorluğu ilə nəşr olunur. 1907-ci ilin 1-15-ci saylarına Haşım bəy Vəzirov redaktorluq edir. Qəzetin 46-57-ci nömrələri isə Məhəmməd Əmin Rəsulzadənin redaktəsi ilə çıxır. Hər həftə fars dilində çıxan əlavəsinə isə Əbdül-Məmalik Fərahi redaktorluq edir. Qəzetin naşiri isə İsa bəy Aşurbəyov idi. Əli bəy Hüseynzadə "İrşad"ı "Həyat" qəzeti ilə birgə "Əkinçi"dən sonra xalqın "ikinci gözü" hesab edirdi.
Həmin dönəmdə "İrşad"ın felyetonçusu adı ilə tanınan Üzeyir bəyin yazıları qəzetin iki dəfə bağlanmasına səbəb olur. Birinci dəfə Hacıbəylinin yazdığı "Stolipinin xəyalı", ikinci dəfə birdəfəlik bağlanmasına səbəb isə "Nağıl" felyetonu olur. "Nağıl" felyetonunda çar Rusiyası "İvan" obrazında kəskin tənqid olunur, Rusiyanın Yaponiyaya yenilməsi gücsüzlük kimi göstərilir, Rusiya xalqlara verilən konstitusiya haqlarının boğulmasına xidmət edən formada göstərilir. Məhz bu felyeton səbəbindən "İrşad" qəzeti birdəfəlik bağlanır.
Üzeyir bəyin maraqlı yönlərindən biri də müxtəlif imzalardan və başlıqlardan istifadə etməsidir. O, "Filankəs", "Bir kəs", "U", "Ü", "Üzeyir", "Bisavad", "Avara", "Çi" və s. (cəmi 64) gizli imzalarla "Ordan-burdan", "O yan, bu yan", "Dərədən-təpədən" və s. başlıqlar altında xeyli məqalə, felyeton, satirik miniatürlər yazır.
Qeyd edək ki, bütün yaradıcılığı boyu Üzeyir bəy fanat və cahil müsəlmanların tənqidçisidir. 1906-cı ilin 24 martında "İrşad"ın 76-cı sayında "Filankəs" təxəllüsü ilə çap olunan "Ordan-burdan"da Üzeyir bəy müsəlmanların qəzet anlayışına diqqəti çəkir: "Qəzetəni oxuyan müsəlman qəzetdən məlumat qazanır, biliyi artır. Ona görə: "Qəzetə oxumaq müsəlmana haramdır".
1907-ci il martın 1-də "İrşad"da Üzeyir bəyin "Hürriyyəti-mətbuat" adlı yazısı çap olunur. Məqalədə o, azad sözün və mətbuatın xalqın problemlərini araşdırıb onlara şərh verməklə xalqa yardım edə biləcəyini, senzuraya qarşı olduğunu bildirir. Jurnalist yazır: "Məlumdur ki, Rusiyada sair tayfaların mətbuatına bir hökumət senzuru tərəfindən təzyiq edildiyi halda, biz müsəlmanların mətbuatı iki senzur əmrlərinə tabe olmağa məcburdur ki, onlardan biri hökumət və digəri camaat senzurudur və sairələri yalnız bir hökumətin yaxasından tutub, hürriyyəti-mətbuat zühur etdiyi zaman, biz gərək bir əlimiz ilə hökumətin və o biri əlimiz ilə də camaatın yaxasından yapışıb azadi-kəlam istəyək".
1908-ci ilin 3 iyulundan Üzeyir bəy "Tərəqqi" qəzeti ilə əməkdaşlığa başlayır, 1909-cu il iyunun 28-də Əhməd bəy Ağaoğlu ölkəni tərk etdiyi üçün həmin ilin oktyabrınadək - yəni qəzet bağlananadək redaktorluq edir. 1909-cu ilin 25 dekabrında "Həqiqət" qəzetinin naşiri və baş redaktoru olur, 1910-cu ilin 30 mayında isə vəzifəsindən imtina edir.
Burada xüsusi qeyd etmək lazımdır ki, 1908-ci ildən etibarən Üzeyir bəyin jurnalist fəaliyyəti arxa plana keçir, belə ki, artıq "Leyli və Məcnun"un uğurundan sonra "Şeyx Sənan", "Ər və arvad", "Rüstəm və Söhrab", "O olmasın, bu olsun", "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" əsərləri tamaşaya qoyulur, təhsil üçün Moskvaya gedir, 1914-cü ildə Peterburq konservatoriyasına qəbul olunur, lakin I dünya savaşı başladığı üçün təhsilini yarımçıq qoyub Bakıya qayıdır. 1915-ci ilin sentyabrın 18-dən Üzeyir bəy "Yeni İqbal" qəzetinin redaktoru, oktyabrın 11-dən 1916-cı ilin fevralın 19-dək onun sahibi və baş redaktoru olur.
"Azərbaycan" qəzeti Üzeyir Hacıbəylinin jurnalistika yaradıcılığının pik nöqtəsi sayılır. Cumhuriyyət qurulduqdan sonra AXC-nin 3 sentyabr tarixli qərarına əsasən sentyabrın 14-də Gəncədə "Azərbaycan" adlı qəzet çap olunur, oktyabrın 3-dən Bakıda fəaliyyətini davam etdirir. Oktyabrın 8-dən, 1919-cu ilin yanvarın 16-na kimi qəzet Ceyhun Hacıbəylinin redaktorluğu ilə çap olunur. Ceyhun Hacıbəyli Paris Sülh Konfransına gedən heyətdə təmsil olunduğuna görə Azərbaycan işğal olunana qədər qəzet Üzeyir bəyin rəhbərliyi ilə çap edilir.
Ümumiyyətlə, Üzeyir bəyin yüz il bundan əvvəl yazdığı məqalələri oxuduqca bu günümüz göz önünə gəlir. Üzeyir bəy Hacıbəylinin "Nə istəyirlər" məqaləsində yazırdı: "Mart hadisatında (1918-ci ilin mart soyqırımı nəzərdə tutulur - S.Q.) bizi, yəni müsəlman burjuyundan tutmuş müsəlman fəqirləri, kasibəsini və baxüsus müsəlman əlsiz-ayaqsızlarını erməni-daşnak soldatlarının süngü, güllə və xəncərlərlə arvad və uşağına kimi qırdıran bolşeviklərə biz nə tövr etibar edə bilərik? Bolşeviklik naminə erməni-müsəlman qırğını salanların hansı "gözəl" sözünə və "insaniyyəti-pərvəranə" sözlərinə inana bilərik? Bolşevikləri dursun, menşeviklərinə nasıl bel bağlaya bilərik? İstiqlalımızı qəbul etmədiklərinə görəmi? Və bu gün hər bir vəsilə ilə olur-olsun" istiqlalımızı əlimizdən almaq yolunda çalışdıqlarına görəmi?" ("Azərbaycan" qəzeti, 7 may 1919-cu il).
"Qara təhlükə" məqaləsində isə jurnalist yazırdı: "İstiqlalımızın bir ilinin bayramını yenicə keçirmişdik ki, üfüqümüzdən qəflətən nümayan olan bir qara əl haman istiqlalımızı qırmaq və bizi murdar pəncəsi altında əzmək xəyalilə şimalımızdan uzanmağa başladı...
Azərbaycan türk və islamları rus qırmızı sollarının ayaqları altında inləyən vətəni ondan ötrü xilas etmədilər ki, sonra onu rusun qara sağlarının əli altında əsir versinlər!.. Biz bu qədər tökülən qanlar, qurban edilən canlar, viran olunan xanimanlar bahasilə istirdad edilmiş olan hüququmuzu əlimizdən istəyənlər, o əl sahiblərinin türklük və islamlığa məxsus və qeyrət və namuslarından, əzm və səbatlarından bixəbər olmalıdırlar ki, bu cürə xam xəyallara düşürlər" ("Azərbaycan" qəzeti, 18 iyun 1919-cu il).
"Qarabağ hadisatı" məqaləsində isə oxuyuruq: "Azərbaycan hökumətinin səbir kasası doldu. Köçəri mövsümünün hüluli isə əhalini dəxi böyük müşkilat qarşısında qoyub orada bir acıq və əsəbiyyət törətməyinə səbəb oldu. Ermənilərin inadlığı və hökumətimizin hövsələsi bu acığı və əsəbiyyəti getdikcə artırıb Qarabağda bu gün-sabah bir qeyz və qəzəb partlanğıcı zühur edəcəyini naçar qoymuşdu" ("Azərbaycan" qəzeti, 24 iyun 1919-cu il). "Azərbaycan" qəzetinin 25 aprel 1920-ci il tarixli sayında Azərbaycan Demokratik Cümhuriyyətinin devrilməsinə iki gün qalmış Üzeyir bəyin sonuncu felyetonu dərc edilmişdi. Üzeyir bəy bu felyetonun sərlövhəsinə "Zurna", sonuna isə "Çi" imzası qoymuşdur. Bu yazıda Leninin və bolşeviklər hökumətinin iç üzü açılaraq ciddi tənqid edilir. Profesor Şirməmməd Hüseynovun araşdırmasına görə, Məmməd Əmin Rəsulzadə hətta Azərbaycan dövlətinin birinci şəxsi olduğu dönəmdə də ağır vəziyyətdə yaşadığdan paralel olaraq "Azərbaycan" qəzetində çalışıb və buna görə məvacib alıb: "Azərbaycan" qəzetinin redaksiya heyətinin bunu sübut edən şəkli də var. Orda redaktor stulunda Məhəmməd Əmin oturub, onun da böyründə Üzeyir bəy əyləşib. 1919-cu ilin yanvarında Üzeyir bəy Hacıbəyli Parisdə olan qardaşı Ceyhun bəyə yazırdı ki, daha mən sənin maaşını göndərə bilməyəcəyəm. Çünki Nəsib bəy Yusifbəyli məni çağırdı, dedi ki, sən indi Ceyhunun əvəzində redaktorsan. Onun məvacibini sən alacaqsan. Sənin məvacibini isə Məhəmməd Əmin Rəsulzadə alacaq".
Üzeyr Hacıbəylinin "Yazıq mühərrirlər" felyetonu müasir dövrü tam əks etdirir: "Rusiyada hürriyyəti-mətbuat qatıq eyməsinin ağzı kimi getdikcə daralır. Qəzet yazıçıları daha bilmirlər ki, nə yazsınlar, yəni nə tövr yazsınlar ki, nə qəzetləri bağlansın, nə iştraf versinlər, nə də ki, gedib qazamatda yatsınlar. Bu binəvlaar gündüz axşama kimi qələm əllərində, qabaqlarında bir parça kağız fikirləri əvvəlcə özləri öz senzorları əlinə verib, bir-bir keçirirlər və bunların hamısını xilafi-senzur bilib, nihadi-qəlbdən dərin bir a çəkməkdən başqa heç bir çarə görmürlər! Yazıq mühərrirlər.
Bu bədbəxt müsəlman mühərrirləri ki, bir deyil, iki, üç, dörd, beş senzor qabağında pasovat eləməyə məcburdular!
Binəva mühərrir qələmi ələ götürüb deyir: "Qoy siyasi bir məsələdən yazım". Bir qədər yazır... sonra yazdığını oxuyub, öz-özünü məzəmmət eləyir ki, nə qayırdığındır, rəhmətliyin oğlu, arvad-uşağından əl çəkməmisən, ha! Götürüb cırır, deyir, nə eləmək, qoy aləmi-islam dövlətlərindən yazım.
Yazır, bir də görür ki, xeyr, sultanı, İran padşahını, hamısını bir-biri ilə qatışdırıbdır ki, sən öləsən, köhnəpərəst müsəlmanlar oxusalar, elə çığırarlar ki, onun səsini Peterburqda da, İstambulda da və hələ desən Tehranda da eşidərlər?
Görür ki, bu məqalə də baş tutmadı, götürür atır kənara.
Deyir canım qoy, öz məişətimizdəncə yazım! Yazır: "İdareyi-ruhaniyyələrimizin pozğunluğu". Dayanır. Görür ki, mətləbin dalısı çox xatalıdır. Bir ah çəkib yazır: "Arvad məsələsi" və haman saat üstündən bir qələm çəkib yazır: "Qoçubazlıq".
Və tez onun da üstündən bir çəikb yazır: "Murdar hərəkətlərimiz". Və tez onun da üstündən bir qələm çəkib dayanır və görür ki, başına özgə fikir girmir. Mühərrir qələmi yerə qoyur və kağızları da zibil səbətinə töküb, durur ayağa və bir-iki dəfə ora-bura gəzişib deyir:
- Bir dəli şeytan deyir, get, sövdagər ol!

Ülviyyə Tahirqızı