Sarkisyan yenə sərsəmlədi Layihə

Sarkisyan yenə sərsəmlədi

Putinlə görüşdən öncə Qarabağın müstəqilliyini tanıyacağını bəyanladı

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyada rusiyalı hamkarı Vladimir Putinlə görüşüb. Görüşün əsas müzakirə mövzularından biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar olub.
Vladimir Putin Ermənistan prezidenti Sarkisyanla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib ki, Ermənistan prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayırdıq.
"Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində, eləcə də Bakı və Yerevanla birbaşa təmaslarda Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı qəbul olunan həll yolunu tapmağa kömək etməyə davam edir", - deyə Putin qeyd edib.
Serj Sarkisyan isə münaqişənin sülh yolunda həllində göstərdiyi səylərə görə Rusiyaya, eləcə də digər həmsədr ölkələrə təşəkkürünü bildirib: "Görüşdə 1994-95-ci illərdə imzalanan atəşkəs sazişinə əməl edilməsinin vacibliyi qeyd olundu. Eyni zamanda, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların reallaşdırılmasının zəruriliyi vurğulandı. Biz münaqişənin həllində hədə və güc yolunun tətbiqinin qəbul edilməzəliyi, bunun sülh prosesinə zərbə vurması ilə bağlı həmfikirik".
Politoloq Arzu Nağıyevin sözlərinə görə, Sarkisyanın əlavə etdirmək istədiyi "Hər bir millətin öz müqəddəratını təyin etmə hüququ var" müddəa Azərbaycanın fikirlərinin əleyhinədir.
"Orada problemsiz əsas məsələ Dağlıq Qarabağ münaqişəsi nəzərdə tutulurdu. Yəni biz əgər suverenliyimizi bərpa etmək istəyiriksə, Azərbaycanın BMT tərəfindən təyin olunmuş sərhədləri varsa, bu müddəa ora daxil edilə bilməz. Ona görə də, ermənilər referendum keçirib, qondarma Arçax respublikası yaratmaq istədilər. Ümumiyyətlə, tərəfdaşlıq müqaviləsinin imzalanması Rusiyanın prinsiplərinə ziddir. Avropadan Ermənistana belə bir mesaj gəlib ki, bunu Rusiyanın əlindən qoparmağa çalışır", - deyə A.Nağıyev bildirib.
Politoloq deyir ki, səfərin ikinci məqsədi isə, Dağlıq Qarabağ məsələsinn həlli istiqamətində Fransada və digər görüşlərdə Sarkisyanın apardığı danışıqların araşdırılması və təlimatların verilməsidir:"Aprel ayının 2-dəki parlament seçkilərində Sarkisyana Rusiya tərəfindən etibar itirilib. Onun əvəzinə Karen Karapetyanın gələcəkdə prezident olması nəzərdə tutulur. Ona görə də, Sarkisyan gələcək halı ilə bağlı zəmanət almaq istəyir. Təbii ki, seçkilərdə əsas Dağlıq Qarabağ məsələsi kart olacaq. Bu mövzular görüşdə əsas müzakirə obyekti olub. Rusiya çalışır ki, Ermənistan Avropaya meyillənməsin. Əgər bu baş verərəsə, o zaman Rusiyanın oradakı bazalarının taleyi məlum olmayacaq. Düşünürəm Rusiya tam şəkildə imkan verə bilməz ki, Ermənistan Avropa birliklərinə qoşulsun".
Onu da qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh danışıqlarında iştirakdan nümayişkaranə imtinasını növbəti dəfə izah etməyə çalışıb və Azərbaycanın ünvanına yeni ultimativ bəyanatla çıxış edib. Məlum olduğu kimi, Azərbaycandan fərqli olaraq, Ermənistan rəhbərliyi sülh danışıqlarını əvvəlki formatlarda və əvvəlki gündəliklə davam etməkdən imtina edir.
"Ermənistan heç vaxt Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlardan imtina etmir və Yerevan yüksək səviyyədə yeni görüş imkanını müzakirə etməyə hazırdır, əgər Bakı rəvvəlki görüşlərində nail olunmuş razılığı yerinə yetirəcəksə". Ermənistan prezidenti Serj Sarkisyan bunu ispan agentliyi EFE-yə müsahibəsində Azərbaycanla münasibətlərin normallaşdırılması perspektivinə toxunarkən deyib.
S.Sarkisyanın sözlərinə görə, Ermənistan danışıqlar masasına yalnız atəşin dayandırılması rejiminin pozulması hadisələrinin araşdırılması üçün mexanizmin yaradılması halında qayıdacaq. Məlum olduğu kimi, Azərbaycan öz işğal edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərində belə mexanizmin yaradılmasından prinsipial olaraq imtina edir və tələb irəli sürür ki, işğalçı Ermənistan qoşunlarını özünün beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinə çəksin.
S.Sarkisyan, həmçinin Yerevanın qondarma "DQR"in müstəqilliyini tanıyacağını da istisna etməyib: "Təsəvvür edin ki, bugünkü şəraitdə Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyır. Bu, danışıqlara son qoyacaq. Və məlum olduğu kimi, danışıqlara alternativ müharibədir".
Ancaq o əlavə edib ki, hər şey konkret vəziyyətdən asılıdır. Ermənistan öz mövqeyini dəyişə bilər. "Mən dəfələrlə demişəm: əgər Azərbaycan Dağlıq Qarabağda genişmiqyaslı hərbi hərəkətləri yeniləyəcəksə, biz müstəqilliyi dərhal tanıyacağıq", - deyə Sarkisyan vurğulayıb.
Sarkisyan onu da bildirib ki, yaxın gələcəkdə irimiqyaslı döyüş hərəkətləri çətin baş versin, ancaq onlara həmişə hazır olmaq lazımdır.
Ermənistan prezidenti Serj Sarkisyanın İspaniyanın Efe agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi bəyanatlarına Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cavab verib.
H.Hacıyev EFE agentliyinə "Bakı hesab edir ki, Qarabağ danışıqlarına hər hansı qeyd-şərtin qoyulması şantajdır" adı altında müsahibə verib.
EFE agentliyi vasitəsilə müsahibə İspaniya və Latın Amerikasının aparıcı mətbuat orqanlarında, o cümlədən "Lavanguardia", "Elconfidencial", "Eldiario" və digərlərdə dərc olunub.
Müsahibədə H.Hacıyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlara başlamağa Ermənistan tərəfindən dövlət başçısı səviyyəsində qeyd-şərtin qoyulması Ermənistan tərəfindən qəsdən danışıqların pozulması, boykot və şantaj edilməsidir. O bildirib: "Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir və ümumiyyətlə, münaqişənin həlli üzrə bütün baza sənədlərinin mahiyyətinə və ruhuna ziddir. Artıq 2016-cı ilin iyun ayından Ermənistan bütün görüşlərdən qaçır. Ermənistan xarici işlər naziri açıq şəkildə Hamburq və Münxendə öz iştirakını yalnız ATƏT-in Minsk qrupunun həmsədrlərinn iki ölkənin xarici işlər naziri üçün təşkil etdiyi şam yeməyi ilə məhdudlaşdırdı".
Müsahibə əsnasında H.Hacıyev bildirib ki, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində müzakirə olunan məsələlərin mahiyyəti ondan ibarətdir ki, insidentlərin araşdırılması mexanizmi, humanitar məsələlər və münaqişəsinin həlli üzrə substantiv danışırlar paralel və sinxron şəkildə aparılmalıdır. XİN rəsmisi deyib: "Ermənistanın substantiv danışıqlardan imtina etməsi davamlı şəkildə siyasi-hərbi təxribatlar və hərbi avantüra, Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibə çağırışlı ictimai açıqlamaları, seçkiqabağı daxili siyasi mühitin manipulyasiya edilməsi, işğal olunmuş ərazilərdə öz hərbi imkanlarının artırılması, hərbi təlimlərin keçirilməsi və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi ilə müşayiət olunur".

Bütün bunların Ermənistanın açıq şəkildə Azərbaycan ərazilərinin ilhaqı (anneksiya) siyasəti yürütməsinin göstəricisi olduğunu deyən H.Hacıyev Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqlara hazır olduğunu qeyd edib.
Azərbaycan Sosialist Partiyasının sədir Elşən Həsənov Ermənistan prezidenti Serj Sarkisyanın ispan agentliyi EFE-yə müsahibəsində söylədiyi fikirlərə münasibətində bildirib ki, Sarkisyanın bu fikri heç də yenilik deyil. Bundan qabaq da, istər Ermənistan rəsmilərinin, istərsə də parlament səviyyəsində bu tip fikirlərin söylənməsinin əvvələr də şahidi olmuşuq: "Əvvəla, onu qeyd etmək istərdim ki, bu cür sərsəmləmələr, əsasən daxili auditoriyaya hesablanır. Bundan da məqsəd ictimai rəyi azdırmaq və daxili problemlərdən diqqəti yayındırmaq məqsədi ilə istifadə edilir. Yadınızdadırsa, hələ bir müddət bundan əvvəl belə fikri E.Nalbandyan da səsləndirmişdi. Hələ üstəlik fikrinin təsir qüvvəsini artırmaqdan ötrü Dağlıq Qarabağın müstəqilliyininm Uruqvay və Argentina tərəfindən də tanına biləcəyini qeyd etmişdi. Görürsünüzmü, belə açıqlamalar ilə çıxış edən rəsmilər, hətta beynəlxalq avantüraya səbəb ola biləcək çıxışlar etməkdən belə çəkinmirlər. Əslində məsələ necədir". E.Həsənovun fikrincə, Dağlıq Qarabağ və ətrafındakı işğal altında olan rayonlar, bütün beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən birmənalı şəkildə Azərbaycan Respublikasının ayrılmaz hissəsi olaraq tanınılır. Bu nöqteyi nəzərdən çıxış etsək, özünə hörmət edən heç bir təşkilat və dövlət beynəlxaq qanun və prinsiplərin əleyhinə gedərək, bu addımı atmayacaqdır. Bu, birmənalı şəkildə belədir. İkinci tərəfdən, dünyada buna bənzər ərazi iddiaları mənşəli münaqişələr var ki, bu da sonradan, nəticəsi bəlli olmayan presidentlərə gətirib çıxara bilər. Azərbaycan müstəqil dövlət olaraq, işğal olunmuş torpaqlarını azad etmək hüququna malikdir. İndiki halda Ermənistan prezidentinin söylədikləri isə, boş sözdən savayı bir şey deyildir. Ermənistan tərəfi gözəl başa düşür ki, belə bir addımın atılacağı təqdirdə danışıqlar dərhal dayandırılacaq. Danışıqların isə alternativi müharibədir. O müharibə ki, Ermənistan ondan böyük məğlubiyyətlə çıxacaq.
Politoloq Vasif Əfəndinin fikrincə isə, Ermənistan Qarabağın müstəqilliyini tanısa danışıqların formatı dəyişəcək. Minsk qrupu avtomatik olaraq kənarda qalacaq. Bu zaman ya yeni format meydana gələ bilər, ya da danışıqlara Minsk qrupunda təmsil olunmayan dövlətlər də qoşula bilər. Məsələn, Almaniya və Türkiyənin yeni formatda təmsil olunması mümkündür. Amma Ermənistanın belə bir addım atmasına inanmıram. Bu addım Ermənistanın tam ziyanına işləyəcək: "Onu da qeyd edim ki, Sarkisyan Rusiyanın razılığı olmadan heç bir qərar vermək ixtiytarında deyil. Bu gün isə Rusiya bir neçə cəbhədə aktiv hərbi əməliyyatlarda iştirak edir. Qafqazda müharibənin alovlanması Rusiaynın maraqlarrına ziddir".
Cavid