Qarabağ münaqişəsinin həllini gərginləşdirən Rusiyadır Layihə

Qarabağ münaqişəsinin həllini gərginləşdirən Rusiyadır

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər həmsədr ölkələrlə birlikdə qoşunların təmas xəttində gərginliyin azaldılmasının tərəfdarıdır və münaqişə zonasında ATƏT müşahidəçilərinin sayının artırılması istiqamətində tədbirlər görür.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova 31 yanvarda keçirdiyi brifinqdə bildirib.
"Bu mövzu Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə 2016-cı ilin iyununda Sankt-Peterburqda keçirilən görüşündə, Rusiya XİN başçısı Sergey Lavrovun ötən ilin noyabrında Bakı və Yerevana səfərləri zamanı müzakirə olunub. ATƏT çərçivəsində ATƏT müşahidəçilərinin fəaliyyətini reqlament edən sənədin bir neçə variantı hazırlanıb", - deyə o qeyd edib.
M. Zaxarova əlavə edib ki, bu il yanvarın 18-də Polşanın Krakov şəhərində iki ölkənin xarici işlər nazirlərinin görüşündə həmsədr ölkələr tərəfindən yenilənmiş təkliflər verilib:
"Nazirlər vasitəçilər tərəfindən hazırlanan sənədə prinsipal razılıq veriblər. Bir neçə texniki detal qalıb. ATƏT müşahidəçilərinin sayının artırılması mexanizmi işə düşməzdən əvvəl tərəflər bunu razılaşdırmalıdır.
O ki qaldı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının perspektivlərinə, bir daha qeyd etmək istəyirəm ki, yalnız tərəflər özləri siyasi iradə ortaya qoyaraq bu həlli uzanan münaqişəyə son qoyan güzəştli həll yoluna gələ bilərlər. Ötən ilin oktyabrında Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri danışıqlar prosesinin aktivləşdirilməsi barədə razılaşdılar. Bundan sonra iki dəfə nazirlər görüşüb, bəyanat veriblər. Fevralın birinci ongünlüyündə münaqişə tərəflərinin problemli məsələlərlə bağlı mövqeyini dəqiqləşdirmək üçün həmsədrlər regiona səfər etməyi planlaşdırırlar".
Ekspert Mirsamir Məmmədovun fikrincə, Zaxarova ənənəvi olaraq eyni fikirlər səsləndirirb: "Təmas xəttində gərginliyi azaltmaqdansa yaxşı olardı ki, Rusiya işğalçını cəzalandırsın. Rusiyanın məqsədi belə təklflər üzərində planları həyata keçirməklə vaxt uzatmaqdır. Rusiya qoşunların təmas xəttində gərginliyin azalmasında maraqlı deyil. İşğalçı Ermənistanı dəstəkləyən Rusiyanın əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq və bu münaqişədən şəxsi maraqları üçün istifadə etməkdir. Münaqişəni yaradan da, onun həllini əngəlləyən də Kremldir".
Ekspert onu da vurğulayıb ki, ATƏT müşahidəçilərinin sayının artırılması mexanizmi üzərində işin aparılması da heç bir əhəmiyyət kəsb etməyəcək: "ATƏT müşahidəçiləri dəfələrlə münaqişə xəttində olublar, dəfələrlə müşahidələr aparıblar, atəşkəs rejiminin Ermənistan tərəfindən pozulduğunu, ermənilərin işğal altında saxladığı Azərbaycan torpaqlarında apardıqları qanunsuz məskunlaşma prosesini, milli, mədəni, tarixi abidələrimizin dağıdılmasını görüblər və buna göz yumublar. İndi onların sayının artırılması nəyə xidmət göstərəcək, say artımı ilə münaqişənin həllinə təsir göstərmək mümkün deyil".
Ekspert Zaxarovanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində yalnız tərəflərin özlərinin siyasi iradə ortaya qoyaraq bu həlli uzanan münaqişəyə son qoyan güzəştli həll yoluna gələ bilmələri fikrinə də münasibət bildirib: "Rusiya heç bir zaman imkan verməz ki, tərəflər öz aralarında razılıqa gəlsin. Birincisi, Ermənistan Rusiyanın diktəsi və cızdığı plan üzrə hərəkət edir. Kremlin razılığı olmadan işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bir addım belə ata bilmir. İkincisi də, Zaxarova hansı güzəştlərdən danışır. Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan tərəfindən heç bir güzəştdən söhbət gedə bilməz. Azərbaycanın Ermənistana güzəşti müharibəyə başlamamasıdır. Rəsmi Bakı İrəvana şans verib ki, bu məslədə bir daha düşünsün. Yox, əgər yenidən işğalçılıq siyasətini davam etdirəcəksə, sülh danışıqlarından müxtəlif bəhanələrlə boyun qaçıracaqsa və beynəlxalq hüquq normalarını pozacaqsa, o zaman müharibə qaçılmaz olacaq. Bunu dövlətimizin başçısı da bir neçə dəfə vurğulayıb. İkinci Qarabağ savaşı başlarsa, bu Ermənistan və onun müttəfiqləri üçün ağır nəticələnəcək".
Ekspert daha bir məsələyə də toxunub. O, bildirib ki, ermənilər qondarma Dağlıq Qarabağ Respublikasının yaradılmasının 30 illiyini qeyd etməyə hazırlaşırlar. Həmin tədbirə ATƏT-in Minsk qrupuna üzv dövlətin nümayəndələrini dəvət ediblər: "ATƏT-in Minsk Qrupunda 11 ölkə təmsil olunur. Çox güman ki, o qurumda təmsil olunan ermənipərəst dövlətlər bu təklifi dövlət səviyyəsində dəstəkləməsələr də, ora gedənlər tapılacaq. Yaxşı olardı ki, münaqişənin həllində maraqlı olan ATƏT-in Minsk qrupunun üzvləri işğalçı Ermənistana təpki göstərsinlər ki, bu tədbirlərin keçirilməsindən imtina etsin. Belə tədbirlər münaqişənin həllinə mənfi təsir göstərir. Amma mən inanıram ki, o, qondarma tədbirdə həm Rusiya, həm Fransa, həm də ABŞ-ın qeyri-rəsmi qonaqları iştirak edəcəklər və hətta gəlib öz medialarına işıqlandıracaqlar. Bir tərəfdən ATƏT, dünya birlikləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bəyanlayırlar, digər təfədən isə işğalçı Ermənistanın münaqişənin həlli prosesində aparılan danışıqları gərginləşdirdiyinə göz yumurlar. Hər halda Ermənistana havadarlıq edən Rusiya ona münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri xatırlada bilərdi".
Politoloq Məhəmməd Əsədullazadə isə Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın "canfəşanlıq" göstərdiyini ABŞ-ın Kremlə tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqələndirib.
Politoloqun fikrincə, ABŞ-ın Rusiyaya qarşı "Kreml hesabatı" adlanan sankisyalar paketi iki dövlət arasında regional münaqişələrin həllində birgə çalışdığı formatların işinə ciddi mənfi təsir göstərəcək. Ukraynada Donbas və Luqansk, həmçinin Qarabağ münaqişəsi üzrə Minsk formatının bundan sonra fəaliyyətində heç bir müsbət təsir olmayacaq.
Vaşinqtonun Moskvaya qarşı sanksiyaları iki ölkənin siyasi-diplomatik və regional əməşdaşlığının inkişafının qarşısın alacaq və problemləri dərinləşəcək. Hazırda ABŞ və Rusiya Qarabağ münaqişənin nizamlanması üzrə fəaliyyətdə olan ATƏT-in Minsk qrupunun həmsədrləridi. Həmsədr kimi, iki ölkə daimi konfliktin nizamlanması üçün birgə həll variantları irəli sürür, yaxud biri digərinin həll təkliflərini dəstəkləyir. Demək olar ki, üç həmsdr ölkə ümumi konsensusa gəlir və əməşdaşlıq edir: "Vurğulamaq lazımdır ki, Qarabağ münaqişəsi elə bir regional konfliktdir ki, bütün münaqişələrdə əks qütbdə olan ABŞ və Rusiya bu münaqişədə ortaq siyasi iradə nümayiş etdirirlər. Təbii ki, bu təssüf doğurur və ABŞ-ın indiyə qədər siyasəti ilə tərsmütənasib təşkil edir. Vaşinqtonun bu siyasəti, sössüz erməni lobbisindən qaynaqlanır.
Hazırda tarixdə görünmədiyi kimi ABŞ-la Rusiya çox dərin və həlli yaxın perspektivdə mümkün olmayan problemin astanasındadırlar. ABŞ, Cənubi Qafqazda Rusiyanın siyasəti ilə, xüsusi ilə Qarabağ münaqişəsinin nizamlanmasında eyni siyasi mövqe ortaya qoyub əməşdaşlıq edəcəksə, yaxud da əks tərəfdə durub problemə real və ədaləli şəkildə yanaşacaqsa, münaqişədə irəlləyiş ola bilər. Əgər, ABŞ Minsk formatında Rusiya ilə əməşdaşlıq edəcəksə, həqiqətən bu avantüra və Ermənistanı müdafiə etmək olacaq. Mümkün deyil ki, soyuq savaş aparan iki ölkə bir formatda əməşdaşlıq edib, münaqişənin birgə həllinə nail olsunlar".

Politoloq qeyd edib ki, Azərbaycan Minsk formatına ciddi şəkildə yanaşmalı, beynəlxalq siyasi situasiyanın gərginləşməsi və iki həmsədr ölkənin soyuq savaşda olduğu üçün birgə əmədaşlıqlndan müsbət nəticə gözləmədiyini elan edərək, Minsk qrupunun formatını dəyişməyə yaxud münaqişənin həllini BMT-nin mandatına verməyə çalışmalıdır. Bundan sonra, ABŞ və Rusiya Qarabağ konfliktinin həllində birgə çalışa bilməzlər.
Cavid