Milli adət və ənənələr mənəvi dəyərlər sistemində Layihə

Milli adət və ənənələr mənəvi dəyərlər sistemində

Bu məsələ KİV-də hansı səviyyədə təbliğ olunur?

Yaşadığımız XXI əsr kəskin ziddiyyətləri ilə zəngin olan qarışıq, "mədəni dünya"nı özündə təcəssüm etdirməkdədir. Zahirən bəzəkli görünən bu dünya, öz acımasız qanunları ilə maraqlar və iddialar üzərində qurulmaqla yanaşı mənəvi dəyərlərin deqradasiyasına da səhnə olmaqdadır. Mənəvi-mədəni irsə etinasız münasibət təəssüf doğuracaq haldır və bu etinasızlıq xalqı öz tarixi yaddaşını itirməyə sürükləyə bilər.
Nə yazıq ki, bu deqradasiyasının katalizatoru gündəlik həyatımızı bir anlıq olsun belə onsuz təsəvvür etmədiyimiz media - mətbuat, televiziya, radio və internetdir. İnsanın öz dəyərlərini itirərək, gözünü maddiyyata və ambisiyalarına çevirməsində, onun öz daxili aləmini çirkləndirməsində medianın rolu böyükdür. Kütləvi informasiya vasitələrinin necə böyük bir gücə malik olması barədə söhbət açmaq yersiz olardı. KİV bu gün bütünlüklə ayrı bir dünyadır və bu dünya öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz və müqayisəyəgəlməz dərəcədə böyük təsir gücünə malikdir. Çünki onsuz həyatımızın hansı istiqamətdə axın edəcəyini düşünmək qeyri-mümkündür. Bu, günümüzün reallığıdır. Lakin gəlin bir anlıq təsəvvür edək: nəinki gündəlik iş rejimimizə, hətta şüurlarımıza və bilavasitə şəxsiyyət kimi inkişafımıza birbaşa təsir etmək gücünə malik KİV düzgünlük, vətənpərvərlik, demokratiya və insan hüquqlarına hörmət etmək əvəzinə, zorakılığı, diskriminasiyanı, cəmiyyətin bir çox eybərcərliklərini elə eybəcər formada da qabardır və bir növ bu eybəcərliklərin təbliğatçısına çevrilir. O zaman istər cəmiyyətin, istərsə də ayrı-ayrı fərdlərin müsbət yöndə inkişafından danışmağa dəyərmi? Çoxsaylı mətbuatımız, televiziya kanalları, nəhayətsiz internet şəbəkələri, müxtəlif informasiya texnologiyaları təəssüf ki, başlı-başına buraxılıb. Azad sözün yaratdığı imkanlarından, məqamından qeyri-sağlam istifadə olunması, cəmiyyətimizə, mənəviyyatımıza yad təzahürlərlə tuğyan etməsi gənclərin mənəvi dünyasının formalaşdığı məkana, ailələrə, məktəb yaşlı uşaqların düşüncə tərzinə təbii fəlakət kimi soxulması yolverilməz olsa da, təəssüf ki, bugünkü həyatımızın gerçəkliyidir.
Söz azadlığından istifadə edən bəzi mətbuat orqanları xalqımızın iman-etiqad göstərdiyi müqəddəs məkanlara, böyük şəxsiyyətlərimizə yönəlmiş mənfi məna daşıyan yazılardan çəkinməlidirlər. Bu gün ölkə mediasındakı vəziyyəti nəzərdən keçirərkən heç də ürəkaçan mənzərə ilə qarşılaşmırıq. KİV-də gedən materiallarda xalqımızın əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır. Biz elə bir zamanda yaşayırıq ki, gənclərimizin mənəvi - əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Lakin təəssüf ki, elə mətbuat nümunələri var ki, ucuz sensasiya xatirinə, çox vaxt isə milli mentalitetimizə uyğun olmayan yazılarla çıxış edir, gəncliyin mənəviyyatına açıq-aşkar böyük zərbələr vurur. Bazar iqtisadiyyatı dövründə əvəzsiz məfkurə sahəsi olan medianın başlıca məqsədi gəncliyin mənəvi yetkinliyi uğrunda xidmət göstərmək olmalıdır. Təsirli, cəlbedici, məntiqi, reallığa söykənən ibrətli yazılarla mətbuat bu günün problemlərindən söz açmalı, cəmiyyəti maraqlandıran hadisələr barədə tərəfsiz, dəqiq və qərəzsiz informasiya ötürücüsünə çevrilməlidir. Çünki yaradıcılıq üçün ən zəngin mənbə həyatdır, yaşayıb yaradan insanların fəaliyyətidir.
Söhbətlərində, geyim-geçimlərində, xalqının milli-mənəvi dəyərlərinə, tarixinə, adət-ənənələrinə laqeyd qalan gənclərin taleyi, cəmiyyətdə "avropalaşmaq" adı ilə özünə yer tapmağa başlayan mənəvi deqradasiya mediada həyəcan təbili çala bilmir. Əvəzində isə, sensasiya doğuran, qeybət xarakterli bəsit xəbərlər, milli psixologiyamıza qətiyyən uyuşmayan, yüz ildə bir dəfə təsadüfən baş vermiş bayağı nəsnələr, incəsənət ulduzlarının şəxsi həyatında baş vermiş mənasız, cəmiyyət üçün heç bir əhəmiyyəti olmayan hadisələr, abırsız şəkillər, kollajlar mediada istənilən qədərdir. Bəzi mətbuat orqanları tarixi ənənələrimizdən uzaq düşür, öz kökümüzə balta vurur, satira əvəzinə söyüş, tənqid əvəzinə təhqir yazırlar.
Bu tək mənim deyil, digər həmkarlarımın da fikridir.
Anar Tağıyev ("Gündəlik Bakı"): "Kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərimizin qorunması məni qane etmir. Çünki bəzi istisnalar nəzərə alınmaqla bu, çox pis vəziyyətdədir. Əksinə, mətbuat Azərbaycan xalqının milli mentalitetinə, adət-ənənələrinə zidd və yad olan elemetləri ictimai şüura daşıyır. Hesab edirəm bu da həm subyektiv, həm də obyektiv səbəblərlə əlaqədardır. Mətbuatda jurnalist peşəkarlığının aşağı olması, habelə bəzi media kapitanlarının maddi maraqları bu zərurəti üstələyir və son nəticədə milli-mənəvi dəyərlərimizin qorunması arxa plana keçir".
Arzu Laçın Zeynallı (müstəqil jurnalist): "KİV-də milli mənəvi dəyərlərin təbliği sanki dondurulub. Daha çox gəncləri yüngüllüyə, bəsitliyə aparan yazı və verlişlərə yer ayrılıb. Mənə elə gəlir ki, bir azdan "milli mənəvi" sözlərinin özü unudulacaq, nəinki dəyərlərimiz. Məni qane edən təbliğat yoxdur".
Bəxtiyar Məmmədli ("Gündəlik Teleqraf"): "Mediada milli mənəvi dəyərlərin təbliği ilə bağlı materiallara çox az rast gəlinir. Hesab edirəm ki, bu da xüsusən internet media üçün, sosial sifarişdən irəli gəlir. Çünki bu günkü Azərbaycan insanı daha çox kriminal və şou məzmunlu, intriqa yaradan yazılara üstünlük verir. Bir jurnalist kimi nəinki milli mənəvi dəyərlərlə bağlı, bütövlükdə ciddi yazıların mediada çox az yer alması narahat edir. Bu səbəbdən də yaxşı olar ki, KİV rəhbərləri bir araya gəlib bu kimi, xüsusən mövzu ilə bağlı problemləri müzakirə etməlidirlər. Əgər media rəhbərləri özləri öz aralarında bir razılığa gəlməsə, nəinki milli mənəvi dəyərlərin qorunması məsələsi, bütövlükdə cəmiyyətin savadlanması məsələsi yaxın gələcəkdə tamamilə medianın gündəmindən çıxacaq".
Aydın Xan Əbilov (yazıçı-kulturoloq): "Azərbaycan KİV-nidə milli-mənəvi dəyərlərlə bağlı müxtəlif layihələr hazırlanıb gerçəkləşdirilsə də, son illər sarı mətbuat, bulvarlaşma və tv-radio kanallardakı şou-biznes "şitləşmə"ləri cəmiyyətimizin inkişafında artıq böyük maneələrə çevrilməkdədir. Milli mental dəyərlər əvəzinə meşşanlıq, süni kübarlıq, pul, var-dövlət hərisliyi, asan qazanc dalınca qaçmağın təşviqi xüsusən də yeni nəslin mənəvi-əxlaqi inkişafına mənfi təsirlər buraxır. Məncə, həssas intellektual-estetik səviyyəyə malik toplumumuzda müxtəlif xarici təsirlərə, eləcə də yad həmlələrə qarşı xüsusi ideoloji konsepsiya işlənməlidir, yoxsa durum daha da pis olacaq".
Tural Tağıyev ("Palitra"): "Bu sahədə görülməli işlər çoxdur. Xüsusən TV-lərdə, KİV-də gənclərin milli dəyərlər əsasında tərbiyəsi, mənəvi-əxlaqi saflaşması zəruridir. Hazırkı duruma nəzər saldıqda isə KİV-də milli mənəvi dəyərləri təbliğ edən az sayda yazılara rast gəlirik. KİV-də ictimai müzakirələr keçirilməli və televiziya proqramları hazırlanmalıdır. Əvvəllər milli mənəvi dəyərləri təbliğ edən bir neçə veriliş var idisə bu gün onların sayı çox azdır".
Məhərrəm Ağalaroğlu ("Oxucu.info"): "Məni qane etməyən əsas məsələ ondan ibarətdir ki, xəbərlərini oxutmaq üçün bir sıra mətbu orqanlar kriminala və ya açıq-saçıq informasiyalara üstünlük verirlər. Bu da ondan qaynaqlanır ki, gənclərin üstünlük təşkil etdiyi ölkəmizdə bu tip xəbərlər daha çox oxunur".
Tahirə Qafarlı ("Üç nöqtə"): "Böyük güclərin "dünyaya ağalıq" etmək ehtirası, hər bir kəsdən milli maraqların müdafiəçisi rolunda çıxış etməyi tələb edir. Belə bir zamanda Azərbaycan KİV-i daha çox diqqətli olmalı və milli-mənəvi dəyərlərimizin qorunması, təbliğini "Dağlıq Qarabağ münaqişəsi" mövzusu ilə paralel qoymalıdır. KİV təmsilçisi olaraq bunun yetərli olmadığını düşünür və təəssüf edirəm. Qəzetlərdə bu mövzuya az da olsa toxunulur. Amma hesab edirəm ki, bu işdə böyük auditoriyası olan televiziyalar böyük rol oynaya bilərlər. Amma televiziyaların "başı reklam toplamağa" elə qarışıb ki, milli-mənəvi dəyərləri əhatə edən verilişlər yaddan çıxıb. Müharibə gedən ölkənin KİV-i üçün bu bağışlanmazdır".
Azərbaycanın Avropaya inteqrasiya olunması, onun müasir Qərb sivilizasiyasının dəyərlərini qəbul etməsi heç də Azərbaycanın öz milli dəyərlərindən imtina etməsi demək deyil. Əxlaqi-mənəvi mədəniyyət praktik mənəviyyatı şərtləndirir. Mənəvi mədəniyyət cəmiyyətin, hər hansı sosial qrupun qazandığı mənəvi inkişaf ölçüsüdür. Bu ölçü mənimsənilmiş və insan fəaliyyətində realizə olunan mənəvi sərvətlərlə xarakterizə olunur. Mənəviyyat kimi mənəvi mədəniyyət də mənəvi şüuru, əxlaqi münasibətləri və mənəvi fəaliyyəti əhatə edir. Hüquqi dövlətdə əxlaqi-mənəvi mədəniyyət məsələləri vacibdən vacib məsələlərdir. Azərbaycan dövləti də bu kimi məsələlərdə, milli-mənəvi dəyərlərimizin təbliğatında KİV-ə yardım edir. Belə ki, 2002-ci ildə Milli Televiziya və Radio Şurası, 2003-cü ildə Mətbuat Şurası, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dəstək Fondu yaradılıb. Bu qurumlar yazılı və elektron mediada digər sahələrlə yanaşı milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı ictimaiyyət arasında maariflənmə işinin aparılmasında onlara böyük dəstək olur. QHT-lərə Dövlət Dəstəyi Şurası milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi üçün hər il 30-dan çox QHT-yə maliyyə dəstəyi göstərir. KİV-ə Dəstək Fondu isə ildə 2 dəfə 30-40 yerli mediaya maliyyə dəstəyi göstərir. Bir çox mətbuat orqanı daha çox mənəvi dəyərlərimizin qorunması, xalqın adət-ənənlərinin yaşadılması mövzusuyla bu fonda müraciət edir.
Amma əfsuslar olsun ki, dövlət tərəfindən müəyyən proqramlara uyğun maliyyə dəstəyi almayan bir çox müstəqil və müxalifət medianın yadına milli-mənəvi dəyərlərin qorunması məsələsi yada düşmür. İnternet portal və tv-lərdə ümumiyyətlə bu məsələlərə yer ayrılmır. Dövlət tərəfindən qrant ayrılırsa bu məsələ qəzet səhifələrində aktuallaşır, ayrılmırsa unudulur. Xalqın adət-ənənəsinin qorunması, milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsi təkcə Azərbaycan hakimiyyətinin prioritet məsələsi olmamalıdır. Hər bir media orqanı bu mövzunu gündəmdə saxlamalıdır. Bu gün milli-mənəvi dəyərlərimizə də təcavüz etmək təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Tarixi qürur duyduğumuz meyarların, nailiyyətlərimizin üstündən belə asanlıqla xətt çəkmək, onu aşağılamaq istəyinin bəzən baş qaldırması bizi çox qayğılandırır. İlk növbədə hər bir ziyalı əsrlər boyu cilalanmış, zamanın keşməkeşli sınaqlarından çıxmış, ələnmiş, saflaşmış, bugünümüzün həyati təlabatına çevrilmiş, xalqımızın özünəməxsus milli mentalitetinə, meyarlarına çevrilmiş mənəvi dəyərlər xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, duz-çörək qədər hamımıza əzizdir.

Cavid Şahverdiyev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illik günü ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim edilir