XVIII yüzilliyin 50-80-ci illərində İrəvan xanlığının siyasi vəziyyəti Layihə

XVIII yüzilliyin 50-80-ci illərində İrəvan xanlığının siyasi vəziyyəti

2-ci yazı

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasında qeyd olunur ki, qalib gələn Azad xan bu hadisədən sonra İrəvanda Mir Mehdi xanı hakimiyyətdən uzaqlaşdıraraq öz nümayəndəsi Xəlil xanı bura hakim təyin etmişdi. Bunu erməni mənbəyi də təsdiq edirdi. Semyon İrəvanlı "Cambr" əsərində bu hadisəni belə şərh etmişdi: "İbrahim şahın ölümündən sonra İran şahlığı süqut etdi və bir neçə il ölkəni Azad xan idarə edir. O, həmçinin katalikoslar Minas və Aleksandrın xahişi ilə "Müqəddəs taxt-tac"ı onların mülkiyyəti elan etmişdi. Azad xan tərəfindən bizim ölkəmizə (İrəvana-E.Q.) təyin olunmuş Xəlil xan da məktubla "Müqəddəs taxt -tac"ın vəqf mülkiyyətinə keçməsini iki dəfə təsdiq etmişdi". İrəvana yürüş edən Azad xan bir müddət burada qaldıqdan sonra yuxarıda göstərildiyi kimi, özbək Xəlil xanı burada hakim saxlamışdı. Xəlil xan 1752-1755-ci illər İrəvanda hakimiyyətdə olmuşdu.
İrəvanda hakimiyyətini möhkəmləndirən Xəlil xan müstəqil siyasət yeridərək Azərbaycanın bəzi xanlarla birlikdə Kartli-Kaxetiya çarlığına qarşı mübarizə aparmışdı. Belə ki, bu dövrdə II İrakli Azərbaycan xanlarının bir-birinə qarşı mübarizəsindən istifadə edərək onları özünə tabe etmək istəyirdi. Xüsusilə o, Şəki xanı Hacı Çələbinin günü-gündən artan şöhrətindən narahat olurdu. Azərbaycanın bəzi xanlan da Hacı Çələbinin güclənməsini istəmirdilər. Bunu görən II İrakli Azərbaycanın narazı xanlarını məşvərət üçün Gəncə yaxınlığına dəvət edir. A.Bakıxanov yazır ki, "Bu zaman Kartli-Kaxetiya valisi II İrakli Hacı Çələbiyə qarşı ittifaq bəhanəsilə gəncəli Şahverdi xanı, qarabağlı Pənahəli xanı, qaradağlı Kazım xanı, irəvanlı Hüseynəli xanı, naxçıvanlı Heydərqulu xanı Gəncə yaxınlığında görüşə dəvət edir. Bura toplaşan Azərbaycan xanları xəyanətkarcasına II İrakli tərəfindən həbs olunur. Bu hadisə 1752-ci il martın 21-də baş vermişdi.
II İraklinin xəyanətindən xəbər tutan Hacı Çələbi onu təqib edərək Qızılqaya adlı yerdə gürcü qoşununu məğlub etmiş və həbs edilən xanlar azad olunmuşdu. Bu hadisədə iştirak etmiş İrəvan hakimi yanlış olaraq Hüseynəli xan göstərilmişdi. Əslində həmin dövrdə İrəvanda hakimiyyət başında Xəlil xan dururdu. "İrəvan xanlığı" əsərinin müəllifləri düzgün olaraq baş vermin hadisədə Xəlil xanın iştirak etdiyi qənaətinə gəlmişlər.
E.Qarayevin araşdırmasında daha sonra bildirilir ki, Xəlil xanın hakimiyyəti illərində İrəvan xanlığı dağıstanlıların güclü hücumuna məruz qalmışdı. 1754-1755-ci illərdə Avar xanı Mürsəl xanın başçılığı altında dağıstan qoşunları Kartli-Kaxetiya ərazisinə yürüş təşkil edərək, oradan İrəvan xanlığı ərazisinə hücum etdilər. Dağıstan qoşunu bu yürüşdə xanlığın sərhəd kəndlərini qarət edilərək dağıtmışdı. Xüsusilə, Göyçə, Dərəçiçək, Qırxbulaq və Abaran mahallarına böyük ziyan dəymişdi.
Dağıstan qoşunlarının bu dağıdıcı yürüşü Xəlil xanın nüfuzunu xalq arasında aşağı salmışdı. Digər tərəfdən Xəlil xanın himayədarı Azad xanın taxt-tac uğrunda Kərim xan Zəndlə apardığı mübarizəsindən istifadə edən irəvanlılar 1755-ci ildə ona qarşı üsyan qaldırdı. Üsyana xalq arasında böyük nüfuza malik Həsənəli xan Qacar başçılıq edirdi. Üsyan nəticəsində Xəlil xan hakimiyyətdən uzaqlaşdırılır, onun yerinə Həsənəli xan Qacar (1755-1759) hakimiyyəti ələ keçirir. Onun hakimiyyətə gəlişi XIX yüzülliyin əvvəllərinə qədər İrəvanda hakimiyyətdə olan yerli Qacarlar sülaləsinin əsasını qoymuşdu. Həsənəli xan çox az müddətdə hakimiyyətdə olmuşdu. Təəssüf ki, onun hakimiyyəti dövründə İrəvan xanlığında baş verən hadisələr barədə məlumat əldə edə bilmədik. Yalnız bir məlumata görə o, xanlıq taxtını ələ keçirərkən kor olmuşdu. Nadir şah tərəfindən gözləri çıxarılmışdı. Çox güman ki, Həsənəli xan hansısa bir günahına görə şahın qəzəbinə gəlmişdi.

İrəvan xanlığı Hüseynəli xanın (1759-1783) dövründə

Dörd ilə qədər hakimiyyətdə olan Həsənəli xan 1759-cu ilin əvvəllərində vəfat etdi. Onun vəfatından sonra qardaşı Hüseynəli xan (1759-¬1783) İrəvanda hakimiyyətə gəlir. Tarixi ədəbiyyatda onun hakimiyyətə gəldiyi il müxtəlif illərdə göstərilmişdir. Bəzi məlumata görə, bu hadisə 1762-cü ildə, digər məlumatda isə 1764-cü ildə olunmuşdur. Lakin erməni mənbələrinə əsasən, Hüseynəli xanın daha əvvəl hakimiyyətə gəldiyinin şahidi oluruq. Məsələn, S.İrəvanlı "Cambr" əsərində yazır ki, "Həsənəli xandan sonra bizim dövrümüzə qədər müstəqil hakim olan qardaşı Hüseynəli xan İrəvanda hakimiyyətə gəldi. Onun dövründə - 1759-cu ildə katolikos taxtını Akop Şamaxılı tutmuşdu". Daha sonra yazır ki, 1759-cu ildə katolikos Akop Şamaxılı Hüseynəli xan İrəvanlıya 14 maddədən ibarət ərizə yazmışdı. Hüseynəli xandan bəhs edən başqa bir erməni mənbəyində belə qeyd olunur: "1759-cu ilin iyununda Hüseynəli xan Pənahəli xanın (Qarabağ xanı - E.Q.) yanına getməyə hazırlaşarkən "Müqəddəs Taxt"dan (Eçmiədzindən - E.Q.) 100 tümən tələb etmişdi. Lakin biz yalvaranda ki, buna gücümüz çatmaz, güzəşt edərək 50 tümən aldı". Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, Hüseynəli xan 1759-cu ilin yayında hakimiyyətə gəlmişdi.
Əgər İrəvan xanlığının yaranması Mir Mehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsində Hüseynəli xanın əvəzsiz xidmətləri olmuşdu. Görkəmli dövlət xadimi olan Hüseynəli xan daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət yetirirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi.
Hüseynəli xanın hakimiyyətinin ilk dövrlərində İrəvan xanlığı xarici təhlükə ilə üzləşmişdi. Belə ki, XVIII əsrin 50-ci illərin axırları - 60-cı illərin əvvəllərində Urmiyalı Fətəli xan Əfşarla, Şiraz hakimi Krim xan Zənd arasında taxt-tac uğrunda mübarizə daha da gücləndı. İlk əvvəl qələbə qazanan Fətəli xan Azərbaycanın cənub xanlarını özünə tabe edərək şimala üz tutur. 1760-cı ilin mayında onun İrəvana yürüş edəcəyi barədə xəbər yayılır. Bu xəbər əhalini bərk təşvişə salmışdı. Hüseynəli xan təhlükənin qarşısını almaq üçün müdafiə tədbirlərinə əl atmağa məcbur oldu. Onun göstərişilə ətraf kəndlərin əhalisi İrəvan qalasına köçürülür. Bir neçə ay irəvanlılar qorxu içərisində yaşayır. Lakin Fətəli xanın İrəvana hücumu baş tutmadı. Fətəli xanın yürüşünə mane olan səbəb Kərim xan Zəndin Azərbaycanın cənubuna hücum etmək xəbəri olmuşdu. Bu hücum baş tutmasa da irvanlılara baha başa gəlmişdi. Onlar bir neçə ay evlərindən və təsərrüfatdan didərgin düşməyə məcbur olmuşdu.
Bu təhlükə yenicə sovuşmuşdu ki, dağıstanlılann İrəvan xanlığı ərazisinə hücum etməsi xəbəri yayılır. 1760-cı ilin avqustunda dağıstan qoşunları İrəvan yaxınlığında yerləşən Kanakir kəndində peyda oldu. Hüseynəli xan onlara qarşı qoşun göndərir və baş vermiş döyüşdə Dağıstan qoşunu məğlub olaraq geri çəkildi. Lakin əlavə kömək alan dağıstanlılar geri qayıdaraq Eçmiədzinə qədər irəliləyirlər. Onlar burada çox qalmayaraq qəflətən Göyçə gölü istiqamətində geri çəkilir və qısa müddətdən sonra yenidən yürüşlərini davam etdirərək Araz çayına qədər gəlib çatırlar. Dağıstan qoşunu çoxlu əsir və qənimət ələ keçirərək geri qayıdır. Onlar geri qayıdarkən Kartli-Kaxetiya qoşunları qəflətən onlara hücum edir. Döyüş nəticəsində dağıstanlılar məğlub olur və nəticədə əsirlər İrəvana qaytarılır.
Bu hadisə Kartli-Kaxetiya çarlığının İrəvan xanlığı üzərində təsirini daha da möhkəmləndirmişdi. Digər tərəfdən, Kərim xan Zəndlə II İraklinin münasibətlərinin normallaşması bu təsiri daha da qüvvətləndirdi. Belə ki, taxt-tac uğrunda Kərim xan Zənd (1759-1779) Fətəli xan Əfşara qalib gəldikdən sonra Azad xanı təqib etməyə başladı. Təqibdən yayınan Azad xan Qazax sultanlığına qaçdı. Burada mövqe tutan Azad xan II İraklidən kömək almaq niyyətində idi. Lakin o, 1760-cı ildə II İrakli tərəfindən ələ keçirilərək Kərim xan Zəndə təhvil verildi. Bu xidmət müqabilində Kərim xan Zənd bir müddət Kartli-Kaxetiyanın İrəvan xanlığından vergi almasına göz yumdu.
İrəvan xanlığının Kartli-Kaxetiyaya tabe olasında erməni əhalisinin xəyanətkarlığı da az rol oynamamışdı. Xanlığın ərazisində yerləşən Eçmiədzin kilsəsinın katolikosları daima II İrakli ilə əlaqə saxlayaraq müxtəlif vasitələrlə onu İrəvana dəvət edirdi. Onlar çarın əli ilə İrəvanda hakimiyyətə gəlmək istəyirdi. Bundan əlavə erməni katolikosları kömək almaq məqsədi ilə gizli surətdə II Yekaterinanın başçılığ etdiyi Rusiya hökumətinə müraciət etmişdilər. Beynəlxalq və daxili vəziyyətin gərgin olduğu bu illərdə İrəvan xanlığı Kartli-Kaxetiyaya 1000-4000 tümən məbləğində vergi verməyə məcbur olmuşdu.
Lakin bu asılılıq çox davam etməmişdi. Hüseynəli xan hakimiyyətini möhkəmləndirən kimi, qarşısına İrəvan xanlığını Kartli-Kaxetiya çarlığının nominal asıllığından qurtarmaq məqsədi qoymuşdu. Ümumiyyətlə, Hüseynəli xanın hakimiyyət illəri Kartli-Kaxetiya çarlığına qarşı mübarizə ilə zəngin olmuşdu. Yuxanda qeyd edildiyi kimi, İrəvan xanlığı hər il Kartli-Kaxetiya çarlığına vergi verirdi. Lakin II İrakli hər dəfə bu verginin miqdarını çoxaltmağa çalışırdı. Hüseynəli xan isə Kartli-Kaxetiya çarının bu istəyinə qarşı açıq etiraz edərək, vergi verməkdən imtina edirdi. Bu da tərəflər arasında düşmənçiliyi daha da gücləndirmişdi.
E.Qarayevin araşdırmasında daha sonra bildirilir ki, Hüseynəli xanın bu hərəkəti İrəvanda nüfuzunu itirmək istəməyən II İraklinin bərk təşvişə salmışdı. Kartli-Kaxetiya çarı 1765-ci ildə çoxsaylı qoşunla İrəvana hücum etdi. Hüseynəli xan çarın çoxsaylı qoşunla yaxınlaşdığını eşidərək müdafiə tədbirləri görməyə başladı. İlk növbədə, o, İrəvan qalasının hərbi gücünü artırmaq üçün ətraf kəndlərin əhalisini buraya toplamış, qalanın ətrafındakı xəndəyi dərinləşdirərək su ilə doldutdurmuşdu. Qalaya sığınmağa imkanı olmayan əhalinin digər hissəsi isə əlçatmaz yerlərdə gizlənmişdi. Lakin öz gücünə inanmayan Hüseynəli xan II İrakli ilə sülh danışıqlarına başlamağa məcbur oldu. Bu məqsədlə xan yaxın adamları ilə birlikdə katolikos Simonu sülh xahişi ilə II İraklinin yanına göndərmişdi. Həmin dövrdə sülh bağlamaq çara da çox vacib idi. Çünki II İrakliyə verilən məlumata görə, şahzadə Paatın başçılığı ilə bir qrup Kartli feodalları ona qarşı qiyam qaldırmışdı. Nəticədə, tərəflər arasında sülh bağlanmış və II İrakli yenidən İrəvana vergi təyin edərək geri qayıtmışdı.

Elçin Qaliboğlu