“Əgər ATƏT problemin sülh yolu ilə həllinə çalışırsa...” Layihə

“Əgər ATƏT problemin sülh yolu ilə həllinə çalışırsa...”

Arzu Nağıyev:"O zaman deklorativ bəyanatlardan qaçmalıdır"


ATƏT-in Baş katibi Tomas Qreminger Azərbaycana gəlib. Prezident İlham Əliyev Qremingeri qəbul edib və görüş zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Dövlət başçısı probleminin həllinə Ermənistanın maneə yaratdığını bildirib.
Deputat, politoloq Rasim Musabəyov deyib ki, ATƏT-in Baş katibi Tomas Qremingerin Azərbaycana gəlməsi və Prezident İlham Əliyevlə görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində son vəziyyət haqda məlumatlandırılması üçün vacib səfər idi. Azərbaycan Prezidenti İlham Əliyev baş katibin diqqətinə çatdırdı ki, münaqişənin aradan qalxmasına maneə yaradan Ermənistan tərəfidir. Dövlət başçısı görüşdən istifadə edərək açıq mesaj verdi ki, həmsədrlər atəşkəs pozulduğu halda məsuliyyətin sərsəm bəyanatlar verən Nikol Paşinyanın üzərinə düşdüyünü bilməlidir. Onun fikrincə, ATƏT özü-özlüyündə Avropa üçün universal olsa da, zəif təşkilatdır: "Təşkilatın birinci vəzifəsi Avropada sülhün və təhlükəsizliyin qorunmasıdır. Buna təhdid yaradan Ermənistanla bağlı tədbir görülməlidir. Paşinyanın səsləndirdiyi bəyanatlar onun küt məntiqindən irəli gəlir. Azərbaycan prezidenti danışıqların mahiyyəti üzrə və nəticəyə uyğun aparılmalı olduğunu vurğuladı və bildirdi ki, vəziyyət ayrı müstəviyə keçəndə Azərbaycan günahlandırılmasın".
Rasim Musabəyov Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ klanının başçıları ilə təhlükəli davaya başladığını qeyd edib: "Paşinyan bilir ki, Köçəryanla Sərkisyanın böyük vəsaiti, çevrəsi, silahlı tərəfdarları var. Anlayır ki, onları zərərsizləşdirməlidir, fəsadları başa düşür. Qarabağdakı səhra komandirləri tərəfindən öldürüləcəyindən ehtiyat edir. O və müdafiə naziri öz oğlunu əslində Qarabağa hərbi xidmət üçün yox, girov kimi göndərib. Ki, oğlum oradadır, məndən təhlükə gəlməyəcək. Yəni, məndən rahat olun, davam Sərkisyan və Köçəryanladır, Qarabağı onlardan da güclü müdafiə edəcəyəm. Paşinyan haqlı olaraq qorxur, avantürist oyunçudur, düşünür ki, bu xətlə davam edə bilər. Özünün də tanımadığı Qarabağı Ermənistanın tərkib hissəsi sayır. Paşinyanı himayə edən dövlətlər və qüvvələr onu ağıla gətirməlidirlər. Əks halda ağır fəsadlara görə günahı onun boynunda görəsünlər".
Politoloqun sözlərinə görə, Ermənistan baş naziri Moskvadan uğursuz səfərdən qayıdandan sonra daxildə gərginlik daha da artıb: "Yaza kimi kürsüdə salamat qalmayacağından ehtiyat edir deyə növbədənkənar seçkiləri dekabrda keçirmək istəyir. Daxildə müqavimət var, eləcə də xaricdə etimadsızlığı hiss edir".
Politoloq Arzu Nağıyev bildirib ki, ATƏT-in baş katibi Tomas Qremingerin regiona səfəri mühüm addımdır. Çünki hər bir məsələni məhz yerində həll etmək, eyni zamanda, birbaşa rəhbərdən eşitmək daha məqsədəuyğundur.
Prezident İlham Əliyevin ATƏT-in baş katibi T.Qremingerlə görüşünün mühüm əhəmiyyət kəsb etdiyini deyən ekspert bildirib ki, görüş zamanı Azərbaycanın həm daxili, həm də xarici siyasətində ən mühüm problem olan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ölkəmizin yürütdüyü siyasət, Avropanın enerji təhlükəsizliyinin təhdidinin qarşısının alınması ilə bağlı eyni müstəvidə aparılan danışıqlar çox təqdirəlayiq hal kimi qiymətləndirilməlidir: "Görüş zamanı Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin Dağlıq Qarabağla bağlı bəyanatlarını çatdıraraq bu hərəkətlərin yolverilməz olduğunu ATƏT-in Baş katibinin diqqətinə çatdırdı. Dövlət başçısının da söylədiyi kimi ATƏT Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı təhlükəli bəyanat və iddialarına münasibət bildirməlidir".
Onun sözlərinə görə, çox təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız çıxışları və keçirdikləri monitorinqlərlə yadda qalır:
"Təbii ki, son vaxtlar Ermənistan tərəfindən Dağlıq Qarabağın və 7 rayonun onların ərazisi olması, eyni zamanda problemin həlli istiqamətində danışıqlar prosesinin pozulması, bundan başqa yerli parlamentlərə qeyri-qanuni seçkilərin keçirilməsinə ATƏT-in Minsk qrupu və rəhbərliyi tərəfindən cavab verilməlidir. Əgər ATƏT doğrudan da problemin sülh yolu ilə həllinə çalışırsa, o zaman deklorativ bəyanatlardan qaçmalıdır".
Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi son bəyanatlara toxunan siyasi şərhçi söyləyib ki, onun fikirləri kütlə, mitinq qarşısında verdiyi sözlərin guya həyata keçirilməsi ilə məşğul olduğunu göstərmək məqsədi daşıyır:
"Paşinyan Dağlıq Qarabağ klanının hərbi xunta olduğunu sübuta yetirərək, onların korrupsiya ilə məşğul olduqları üçün həbs olunmaları ilə bağlı bəyanatlarla çıxışlar etməsinə baxmayaraq, digər tərəfdən də münaqişənin həllini ön plana çəkə bilmir. Əvvəllər 7 rayonun qayıtması ilə bağlı bəyanatlar verən baş nazir bu məsələyə görə, erməni xalqının satqını kimi yadda qala bildiyini anlayaraq öz "səhv"lərini düzəltməyə çalışır. Onun məqsədi gələcəkdə parlament seçkilərinə hazırlaşmaqdır".
Siyasi ekspert Vüqar Əhmədov vurğulayıb ki, Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşdə haqlı şəkildə bu qurumun fəaliyyətini tənqid edib: "Baxmayaraq ki, ötən 25 ildə münaqişənin həlli ilə bağlı ATƏT ölkələrə etdiyi turistik səfərlərdən başqa əsaslı bir addım atmayıb, üstəlik son aylar ermənistanın baş naziri Paşinyanın sərsəm bəyənatlarına münasibətdə tutarlı mövqe sərgiləməyib". Onun sözlərinə görə, Prezident İlham Əliyevin ATƏT-in baş katibi ilə görüşdə səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, cənab Prezident Dağlıq Qarabağ münaqişəsinin həllinə təhkim olunan ATƏT-i fəaliyyətində daha qətiyyətli və fəal olmağa, nəhayət Ermənistanın tutduğu qeyri-konstruktiv yoldan çəkindirmək üçün əməli addımlar atmağa çalışıb: "Əslində Paşinyanın son dövrlər etdiyi sərsəm bəyənatlar təsadüfi deyildir. Belə ki, Paşinyan anlayır ki, Ermənistanın əvvəlki rəhbərliyinin apardığı yarıtmaz siyasət nəticəsində bu dövlət Azərbaycanla danışıqlarda artıq dalana dirənib. Beynəlxalq hüquq və ictimaiyyət, ən aparıcı beynəlxalq təşkilatlar və dövlətlər Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu və Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxmasını tələb edən bəyənatlar və sənədlər qəbul ediblər. Məhz danışıqlar prosesini bu nöqtədən yayındırmaq, ümumiyyətlə danışıqlar prosesinin ruhuna zidd olaraq prosesi pozmaq və hər şeyin yenidən sıfırdan başlanmasına nail olmaq üçün Paşinyan Dağlıq Qarabağla bağlı sərsəm bəyanatlar verməyə başlayıb. Bütün məsuliyyəti qondarma "Dağlıq Qarabağ" respublikasının rəhbərliyinin üzərinə atmaqla Paşinyan çalışır ki, həm bununla danışıqlardan yayınsın, eyni zamanda da bu siyasi kartdan istifadə edərək Ermənistanın keçmiş siyasi rəhbərliyini və hal-hazırda aparıcı müxalifətin liderlərini zindana atdıraraq rahat hakimiyyətdə qala bilsin. Lakin o bu istəyinə nail ola bilməyəcək. Verdiyi ardıcıl ziddiyyətli və sərsəm bəyənatları ilə o özünü həm Ermənistan ictimaiyyəti qarşısında, eyni zamanda beynəlxalq ictimaiyyət qarşısında gözdən salır. Bütün bunların səbəbləri odur ki, Paşinyan peşəkar siyasətçi deyil, bu səbəbdən belə kobud səflər buraxır. Məhz bu səflər onun ölkəsinin daha da dalana dirənməsinə və Paşinyanın hakimiyyətdən getməsinə səbəb olacaq və onsuzda sosial problemlər içində çabalayan Ermənistanın iqtisadi vəziyyəti daha da ağırlaşacaq. Məhz Ermənistan təhlükəsizlik nazirliyi ilə istintaq idarəsinin son telefon danışıqlarının səs yazısının ictimaiyyətə yayılması da sübut edir ki, Ermənistan hazırki rəhbərliyi bu saat ciddi panika içindədir və davamlı səflər buraxır. Beynəlxalq təşkilatlara, xüsusən münaqişənin həlli ilə məşğul olan ATƏT-ə gəldikdə, bu qurum riyakarcasına Ermənistanın buraxdığı bunca səflərə nəhayət göz yummamalı, qısa zamanda Ermənistanın yeni rəhbərliyinə danışıqlarda məsuliyyətini anlatmalıdır. Hesab edirəm ki, nə qədər ki, silahlar danışmağa başlamayıb, ATƏT-in üzərinə bu mənadə ciddi məsuliyyət düşür ki, diplomatik imkanların tükənməməsini sübuta yetirə bilsin. Əks halda silahlar işə düşəndə artıq bunun heç bir mənası qalmayacaq. Yox əgər Paşinyan müharibə istəyirsə, Azərbaycan silahlı qüvvələri onun cavabını vermək üçün hər zaman tam hazır vəziyyətdədir və hər an Ali Baş Komandan İlham Əliyevin hücum əmrini gözləyir".
Əli