Ermənistanda böhranın əsas səbəbi... Layihə

Ermənistanda böhranın əsas səbəbi...

Dağlıq Qarabağ konfliktinin həll edilməməsidir

ABŞ prezidenti Donald Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri təkcə tanışlıq xarakteri daşımayıb. Bəzi politoloqların sözlərinə görə, söhbət həm də Vaşinqtonun Rusiya ilə bağlı olaraq Cənubi Qafqaz ölkələri ilə münasibətlərini daha da fəallaşdırmaq istəyilə əlaqədardır.
C.Boltonun ölkəmizə səfəri, Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü konstruktiv keçib. Səfər və görüşdən sonra yayılan rəsmi məlumatda bu səfərin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açdığı, əlaqələrin gələcəkdə daha da dərinləşməsinə şərait yaratdığı qeyd edilib.
İndi siyasi xaosun yaşandığı Ermənistanla bağlı məsələ isə tam fərqlidir. Ölkə növbədənkənar parlament seçkisi ərəfəsindədir. Trampın müşaviri ilə danışıqlarda Ermənistan hakimiyyəti təbii ki, əsas məsələyə - Qarabağ problemi və Amerikanın maliyyə yardımı məsəsləsinə diqqət çəkmək istəyib. Amma Con Bolton Amerika silahının açıq rekamı ilə başlayıb. O, iddia edib ki, bu silahlar Rusiya istehsalı olanlardan dəfələrlə yaxşıdır. Daha sonra o bildirib ki, ABŞ silah satışına maneə yaradan 907-ci düzəlişi ləğv edə bilər.
Əslində Bolton bu məsələni elə-belə qaldırmayıb. Axı hamıya yaxşı bəlidir ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra iki ölkə arasında fikir ayrılıqları meydana gəlib. Ancaq baş nazir vəzifələrini icra edən şəxsin özü bunu hec cür etiraf etmir.
Qarabağ münaqişəsinə gəldikdə isə müşavir bildirib ki, bura hansısa həll qərarı ilə gəlməyib və tərəflər özləri razılaşmalıdırlar. Bu erməniləri əlbətdə ki, məyus edib.
Azərbaycanla danışıqları pozduğu üçün Ermənistnı tənqid edən ABŞ-ın İrəvandakı keçmiş səfirindən sonra Bolton da bu məsələdə ermənilərə köməkdən yayınıb. Bundan başqa pula çox ehtiyacı olan Ermənistana maliyyə köməyi haqqında da konkret heç nə deyilməyib. Bunun üçün də bir çox erməni ekspertlər silah məsələsinə birmənalı yanaşmayıblar. "Biz bu silahları nə ilə alaq?"
Boltonun səfəri ürəklərincə olmayan erməni rəsmilər onun görüşləri ilə bağlı rəsmi məlumat verməkdən də yayındılar. Paşinyanın ABŞ prezidenti ilə görüşmək niyyəti isə təmiz arxa plana keçdi. İndi bu barədə heç nə danışmamağa çalışırlar.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanda baş verən sisusi böhran və hakimiyyət daxili çəkişmələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə münasibətində bildirib ki, hazırkı siyasi proseslərin gələcək seçkilər fonunda da davam edəcəyi gözlənilir. Söhbət Qarabağ klanı ilə hakimiyyətə yeni gələn qüvvələr arasındakı siyasi mübarizədən gedir. Getdikcə kəskin hal alan bu siyasi mübarizə parlament seçkilərində də öz əksini tapacaq.
Onun sözlərinə görə, hər halda Qarabağ klanı və yeni iqtidar bir-birinə qarşı müxtəlif sahələrdə ittihamlar səsləndirir: "Əsas sahə isə təbii ki, Qarabağ mövzusudur. Nəzərə almaq lazımdır ki, Tramp Administrasiyasının ən vacib fiqurlarından sayılan Boltonun regiona səfəri də bu ittihamlara hansısa əsaslar verir. Səfər öncəsi və səfər ərəfəsində belə fikirlər səslənirdi ki, Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində hansısa ciddi addımlar atmalı, heç olmasa, ilkin mərhələdə işğal olunmuş torpaqların bir qismini geri qaytarmalıdır. Təbii ki, Ermənistanda seçki zamanı da bu amilə əl atacaqlar. Hamıya bəllidir ki, Ermənistanda böhranın əsas səbəbi Dağlıq Qarabağ konfliktinin həll edilməməsidir. İstər köhnə iqtidar, istərsə də yeni iqtidar Qarabağ problemini həll etmədən Ermənistanı böhrandan çıxara bilməyəcək. Bu baxımdan da Bolton Ermənistanda nəinki ABŞ-ın, həm də Qərbin ümumi çağırışını səsləndirdi. Təbii ki, bu çağırışlar daxili siyasi məsələlərdə hər iki qrup tərəfindən ciddi şəkildə istifadə olunacaq. İndi əsas məsələ konfliktin həllində əhəmiyyətli irəliləyişlərin əldə olunmasıdır. Bu irəliləyişlər isə torpaqlar azad olunmadan mümkün deyil".
Diplomat Ermənistanda seçkidən sonra Qarabağ ətrafında ciddi proseslərin baş verə biləcək ehtimalına da toxunub. Bildirib ki, hakimiyyətə gələn yeni qüvvələr Ermənistanın inkişafı yolundakı ən əsas maneəni aradan götürmək istəsələr, onda Azərbaycan danışıqlara başlayacaq. Əks təqdirdə, Ermənistanda köhnə vəziyyət davam edəcək və bu fonda müharibə qaçılmaz olacaq. Bu baxımdan da müzakirələri məhz seçkilərdən sonrakı xətt formalaşdıracaq.
O da qeyd olunub ki, Ermənistan Prezidenti Armen Sərkisyanın xüsusilə də Moskva səfərindən sonra siyasi aktivliyi nəzərdən qaçmır: "Belə kontaktları təbliğ edən Ermənistan tərəfi və ya elə Armen Sərkisyan da ola bilər. Sərkisyan hazırda öz imkanları daxilində Moskvada olan görüşlərin üstünü açır. Belə ki, danışıqları kim aparacaqsa, o, daha böyük səlahiyyətlərə malik olacaq. Bunu da daxili siyasi məsələlərdə istifadə etmək üçün bir amilə çevirmək lazımdır. Bu fonda Ermənistanda bir növ bölünmə gedəcək. Yəni Paşinyanı qərbyönümlü siyasətin, Sərkisyanı isə Rusiyanın koordinatoru kimi göstərəcəklər. Bu isə o deməkdir ki, danışıqlar Sərkisyana həvalə oluna bilər. Ümumiyyətlə, Ermənistanın siyasəti başdan-ayağa problemlərdən ibarətdir. Ən əsas problemi isə Ermənistana investisiya qoyulması və bu ölkənin inkişaf etməsi ilə bağlıdır. Ermənistanda bu investisiyaların mənbəyi kimi Qərbi görürlər. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalını davam etdirmək üçün təhlükəsizlik zəmanəti baxımından Rusiyanı da itirmək istəmirlər. Ancaq bu ikili siyasət gec-tez böhrana gətirib çıxaracaq və Ermənistanın siyasətinə ən böyük zərbə məhz bu istiqamətdən dəyəcək. Nəticədə Ermənistan siyasəti iki hissəyə bölünəcək. Sərkisyanın guya konfliktin həlli ilə məşğul olmaq meyli da məhz bundan irəli gəlir".
O, həmsədrlərin regiona səfəri barədə fikirlər də söyləyib. Bildirib ki, ABŞ-ın regionda aktivləşməsi Minsk Qrupunda olan praktikaya da təsir edəcək. Belə ki, Rusiya uzun müddətdən sonra aktivliyini ABŞ-a verməyə hazır olacaq və passiv mövqeyə keçəcək: "Çünki indiki mərhələdə ABŞ-ın Ermənistana təsiri daha böyükdür. Bu fonda həmsədrlərin regiona səfərinin digərlərindən fərqlənəcəyini istisna etmirəm".
Diplomatın fikrincə, Ermənistan cəmiyyətinə və hakimiyyətinə açıq şəkildə seçim etmək üçün siqnal verilib. Yəni Ermənistanın mövcud vəziyyətinə və inkişaf etməməsinə səbəb Dağlıq Qarabağ konfliktinin həll edilməsi göstərilir: "Buna görə də ABŞ və Qərb Ermənistana seçim şansı verir. Yəni ilkin mərhələdə işğal olunmuş torpaqların bir qisminin Azərbaycana geri qaytarılması müqabilində Ermənistan üçün inkişaf yolları açılacaq. İrəvan verilən bu bəlli siqnalı qəbul edib, qərar verməlidir. Əks təqdirdə Ermənistan Qərbin investisiyalarından ömürlük məhrum olacaq. Hesab edirəm ki, bu, Ermənistanda seçki zamanı siyasi diskussiyaların əsas müzakirə mövzusu olacaq".
Onun sözlərinə görə, Ermənistanın qonşuları ilə olan siyasəti təftiş olunmalıdır: "Əvvəllər Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini istəyirdilər, indi isə açıq-aşkar Azərbaycan torpaqlarının anneksiyasını davam etdirirlər. Məhz bu siyasətin nəticəsində də Ermənistan dərin böhran içərisindədir, ölkədə depopulyasiya baş verir. Hətta bu gün Ermənistan tamamilə dağılma təhlükəsi ilə üz-üzədir. Çünki əhalisi olmayan ölkə öz mövcudluğunu sürdürə bilməz. Ölkənin bütün iqtisadiyyatı Rusiyanın əlindədir, əvəzində isə nə investisiya, nə inkişaf, nə də iş yerləri var. Ümumiyyətlə, Ermənistanda bazar belə qalmayıb. Bu baxımdan da İrəvan çox ciddi seçim qarşısındadır və başa düşür ki, Rusiyadan silahdan başqa heç nə əldə edə bilməyəcək. Əgər Ermənistan ona verilən şansı düzgün dəyərləndirsə, müstəqilliyini qoruya biləcək".
T.Zülfüqarov Türkiyənin bu proseslərin hansı mərhələsində yer ala biləcəyinə də toxunub. Qeyd edib ki, Türkiyə son 15 ildə çox mühüm bir yol keçib, iqtisadi və siyasi baxımdan böyük uğurlara imza atıb. Türkiyə bu nailiyyətləri əldə etməklə artıq inkişaf etmiş ölkələrin iyirmiliyinə daxil olub. Türkiyənin regional məsələlərdə rolunun yüksəlməsi və bunun nəticəsində də Rusiya və digər regional mərkəzlərlə daha fəal siyasət aparması çox normal və təbii bir hadisədir. Artıq Rusiya Türkiyəni həm Cənubi Qafqazda, həm Suriyada, həm də digər məsələlərdə qəbul edir və bu ölkə ilə əməkdaşlıq etmək istəyir. Türkiyənin Rusiya ilə yaxınlaşması heç də ABŞ və Qərbdən uzaqlaşması demək deyil. Sadəcə olaraq Türkiyənin siyasəti indi korreksiya olunur. Bəzi böhranlar ola bilər, ancaq ümumi götürdükdə qardaş ölkənin həm ABŞ, həm də Avropa İttifaqı ilə əməkdaşlıq etməsi çox vacibdir. İstanbul sammiti fonunda Avropadakı ən əsas oyunçuların Türkiyədə toplanması da mühüm mətləblərdən xəbər verir. Bu işdə Türkiyəyə uğurlar arzu edirəm, çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan üçün də bir o qədər əlverişli şərait yaranar".

Cavid