İrəvan qalasının işğalı Layihə

İrəvan qalasının işğalı

11-ci yazı

İrəvan xanı Hüseynqulu xan şah qoşunu geri çəkildikdən sonra bir dəstə atlı qoşunla ailəsi ilə birlikdə Araz çayını keçərək Maku qalasına sığınmışdı. Lakin o, İrəvan qalasının işğalını eşitdikdən sonra Təbrizə getmişdi. Sərdarabad kimi qalanın süqutu İrəvan qalası müdafiəçilərinə böyük təsir göstərmiş və onları ruhdan salmışdı. Lakin xanın qardaşı Həsən xanın qalaya daxil olması müəyyən qədər onları ruhlandırmışdı. Hətta onun göstərişi ilə sentyabrın 24-də qala müdafiəçiləri toplardan rus qoşununa atəş açmağa başladı. Lakin bu atəşlər rus qoşununa heç bir təsir göstərməmişdi.
Qalanın ətrafında mühasirə işləri görən rus qoşunu müxtəlif yerlərdə toplar yerləşdirməyə başladı. Sentyabrın 25-i şəhərin şərq tərəfində yerləşən "Müxənnət təpəsi"ndə top yerləşdirən rus qoşunu qalaya bir neçə bomba atdı. Beləliklə, qalanın bombardıman edilməsi başladı. Səhəri günü qalanın şərq hissəsində yerləşən şəhər ətrafında qala divarlarından 300 sajen aralıda yerləşən təpədə yeni 6 top və 4 mortir (qısalüləli top-E.Q.) quraşdırıldı.
Sentyabrın 26-sı səhər qala həmin toplardan güclü atəşə tutulur. Qala müdafiəçiləri də toplardan rus qoşununa cavab verirdi. Lakin təcrübəli topçuların olmaması üzündən onların atdığı mərmilər rus qoşununu bir o qədər də narahat etmirdi. Digər tərəfdən, topçuların bəzisi ermənilər olduğundan, onlar xəyanət edərək topu rus qoşununa tərəf deyil, boş yerlərə atırdılar. Qalaya sığınmış ermənilərin xəyanəti bununla bitmirdi. Ermənilər gizli surətdə qalada baş verən hadisələri, qala müdafiəçilərinin sıx yerləşdiyi yerləri rus komandanlığına çatdırırdı. Buna görə də, rusların atdığı mərmilər hədəfə dəyirdi. Həmin gün atılan mərmilər qala daxilində baş məscidə, sərdarın sarayını zədələdi. Bütün gecə bombardıman davam etdirildi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, Qala müdafiəçilərinin inadkarlığını görən rus qoşunu hər gün qalanın müxtəlif yerlərində mühasirə toplarının sayını artırırdı. Sentyabrın 27-si gecə birinci batareyaya paralel sağ tərəfdə yeni 12, sol tərəfdə isə 6 top yerləşdirildi. Həmin gün qala 18 topdan güclü atəşə tutuldu. Atılan top mərmiləri qala divarlarını zədələdi. Lakin irəvanlılar dağılmış yeri vaxtında hörə bildi. Səhəri günü həmin toplardan qalanın bombardımanı davam etdirildi. Top mərmiləri qala daxilində böyük dağıntı törətmişdi. Bombardıman nəticəsində qalanın divarına, qüllə və tikililərə böyük ziyan dəymiş, mazğallar tələf olmuş, ruslara əks cavab verən bir neçə top sıradan çıxmışdı. Bombardıman qalaya sığınmış dinc əhaliyə elə təsir göstərdi ki, onlar Həsən xanı və qarnizonu məzəmmət edərək təslim olmağa tələb etməyə başladılar. Lakin Həsən xan bir bəhanə ilə rus qoşununun geriyə cəkiləcəyi və Abbas Mirzədən əlavə kömək gələcəyini bildirərək onları sakitləşdirməyə çalışırdı. Öz növbəsində xanın adamları sentyabrın 28-də gecə və gündüz rus qoşununu tüfənglərdən güclü atəşə tutmaqda davam edirdi. Lakin sentyabrın 29-da rus qoşunu qalanın qarşısında yeni toplar quraşdırdı. Onlardan atılan mərmilər qalanın cənub şərq hissəsindəki qülləni, ona bitişik səddi və bir neçə mazğalı dağıdır. Həmin gün Paskeviç qalanı könüllü təslim etmək üçün Həsən xanın yanına elçi göndərdi. O, qalanın könüllü təslim olunacağı təqdirdə, qarnizona azad surətdə istədiyi yerə geri çəkilməsinə söz verirdi. Düşünmək üçün Həsən xana 6 saat vaxt verildi. Lakin xandan heç bir cavab gəlmədi.
Sentyabrın 30-da qalanın bombardımanı davam etdirildi. Əhalinin təzyiqinə məruz qalan Həsən xan vaxt qazanmaq üçün rus komandanlığı ilə danışıqlara başlamağa məcbur oldu və həmin günü günorta Paskeviçin yanına elçi göndərdi. O, baş komandana xanın adından yazılmış məktub gətirmişdi. Məktubda Həsən xan Abbas Mirzənin fikirini öyrəndikdən sonra qalanı təslim edə biləcəyini bildirmişdi. Lakin Paskeviç şahzadənin vasitəçiliyi olmadan, şərtsiz tabe olunmasını tələb etdi. Əks təqdirdə o, xanı rus qoşununun gücü ilə qorxudurdu. Elçi bu cavabla da geri qayıtdı.
Lakin Həsən xan təslim olmaq fikirində deyildi. Onun inadkarlığını görən bir dəstə qiyam qaldırdı. Qiyam yatırılır və onun bir neçə təşkilatçısı Həsən xanın əli ilə öldürülür. Xandan heç bir cavab almayan rus qoşunu bombardmanı davam etdirir. Oktyabrın 1-i bütün gecə 40 topdan qala fasiləsiz olaraq atəşə tutuldu. Qalaya mindən çox mərmi atıldı. Qala daxilində çoxlu tikinti dağıntıya məruz qalmışdı.
Oktyabrın 1-də səhər saat 8-də qalanın şərq tərəfində yerləşən qüllədən bir neçə nəfər ağ bayraq qaldıraraq təslim olmaq istədiklərini bildirdi. Lakin təslim məsələsində qalada iki qruplaşma var idi. Qala müdafiəçilərinin bir hissəsi təslim olmaq istəsə də, digər hissəsi Həsən xanın başçılığı ilə müqavimət göstərmək fikirində idi. Çünki ağ bayraq qaldırılsa da, qalanın bəzi yerlərində müqavimət davam edirdi. Xüsusilə, qalanın cənub tərəfində irəvanlılar silahlardan rus qoşununu güclü atəşə tutmuşdu. Hətta Həsən xan qarnizonu düzərək şəxsən özü ruslara qarşı döyüşə aparmaq istəyirdi. Lakin yaxın adamları onu bu fikirndən döndərə bildi.
Vəziyyətin çıxılmaz olduğunu görən piyada və süvarilərdən ibarət bir dəstə qalanın şimal tərəfindən çıxaraq Zəngi çayını keçməyə cəhd etdi. Lakin rus qoşunu onları geri qaytarmağa müəffəq oldu. Şəhər ağsaqqallarının təslim tələbi ilə təzyiqə məruz qalan Həsən xan yüksək rütbəli 60 nəfər məmurlarla birlikdə qaladan qaçmaq istəsə də, kazakların atəşi nəticəsində geri qayıtmağa məcbur oldu.
Qaladan hər cür qaçışın qarşısını almaq üçün rus komandanlığı butün çıxışları nəzarətə götürməyi qərara almışdı. Qalanın şimal qapısı tərəfdə Zəngi çayı üzərində bir ulan (nizəli süvari əsgər-E.Q.) diviziya və 100 kazak dəstəsi yerləşdirilmişdi. İki bölük yeqer dəstəsi isə qərb tərəfdə qaladan çıxışı nəzarətə götürmüşdü. Bundan əlavə, rus qoşunu qalanın çöl qapısının qarşısında olan xəndəyi təmizləyərək içəridə olan qapıya yaxınlaşmışdı. Burada irəvanlıları təslim olmağa çağıran Belov şəxsən Həsən xan tərəfindən güllələnmişdi.
İrəvanlıların təslim olmayacağını yəqin edən rus qoşunu qalanın bombardmanını daha da gücləndirdi. Bombardıman nəticəsində qalanın qapısı sıradan çıxır və rus qoşunu qalaya daxil ola bilir. İrəvan qalasının alınması ilə bağlı general adyutant Paskeviçin oktyabrın 3-də general adyutant Sipyaqinə yazdığı məktubda hadisəni belə təsvir edirdi: "Mühasirə işləri zamanı divarın altına qədər lağım atılmış, artilleriya son dərəcə gözəl müvəffəqiyyətlə dağıdıcı hərəkət edirdi. İrəvanı işğal etməkdən əvvəl axırıncı gecə düşmən qalanın tutulacağından qorxaraq güclü top atəşi açdı, lakin bizim artilleriyanın müvəffəqiyyətli atəşi qalanın divarını dağıtdı, qarnizon xeyli itki verdi. O biri günü şəhərdə qarışıqlıq başlayır, səhər çağı divarın üstündə təslim olmaq üçün papaqla əl edən adamlar göründü. Bunu görən bizim qoşun dağılmış divardan qalaya daxil oldu. Xilas olmaq yolunu görməyən qarnizonun bir hissəsi silahlarını ataraq aman istəyir, digər hissəsi isə müdafiə olunmaq istəyirdi. Lakin bir neçə dəqiqədən sonra qala qapısı dağıdılraraq müqavimətsiz ələ keçirildi".
Qalaya daxil olan rus qoşunu qırğına başlayır. Azğınlaşmış rus qoşunu hətta xanın hərəmlərinə belə aman vermədi. Hərəmxananın pəncərəsindən saraya daxil olan ruslar xanın hərəmlərini süngülərin ucunda bir neçə sajen hündürlükdən Zəngi çayının daşlı sahilinə ataraq öldürdü. Bu qırğında onlara qoşulan ermənilər daha fəal idi. Ermənilər xan sarayına daxil olaraq burada olan qiymətli əşyaları çapıb talamışdılar. Lakin Paskeviçin səyi nəticəsində qarət dayandırıldı. Qalanın lazımi yerlərində keşikçi dəstələri yerləşdirildi. Üç minlik qarnizon təslim oldu. Lakin xan sarayının yaxınlığında yerləşən məsciddə 200 nəfərlə gizlənmiş Həsən xan müqavimət göstərmək qərarına gəlmişdi. Qraf Suxtelenin başçılığı ilə məscidi mühasirəyə almış bir dəstə onun qapısını sındırmağa müəffəq oldu. Məcburiyyət qarşısında qalan xan təslim olmağa qərara aldı. Həsən xanla bərabər digər 6 nəfər xan da əsir götürüldü. Bunlar qala rəisi, xanın kürəkəni Sübhanqulu xan, Abbas Mirzənin ən yaxşı qvardiyasının başçısı Qasım xan, Mərəndli Cəfərqulu xan, Əlmərdan xan Təbrizli, Aslan xan və Fətəli xan idi. Rus qoşunu İrəvan qalasında 4 bayraq, 37 top, 2 qaubiç, 9 mortir, 50-ə qədər falkonet, çoxlu top mərmisi, 14.000 çetvert buğda və beş aylıq ərzaq ehtiyatı qənimət ələ keçimiş, 3000-dən çox adam əsir götürmüşdü. İrəvanın mühasirəsi zamanı rus qoşunlarından 1 zabit, 8 əsgər ölmüş, 2 zabit və 44 əsgər isə yaralanmışdı.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, İrəvan qalasının süqutunun siyasi cəhətdən Rusiya üçün böyük əhəmiyyəti vardı. Paskeviç oktyabrın 3-də çara yazdığı məlumatda İrəvan qalasının bölgə üçün əhəmiyyətini belə qiymətləndirmişdi: "İndi ləzgilər, dağıstanlılar və Qafqaz dağlarının bütün qiyamçıları daimi sığındığı, pulla, silahla və bütün məkrlikləri ilə İran siyasətinə kömək etdikləri bu şəhərin (qalanın-E.Q.) süqutuna dözməlidirlər. Onun şöhrəti Türkiyə və İranda hədsizdir...". İrəvan kimi möhtəşəm qalanın işğalının Rusiya üçün əhəmiyyətini sübut edən hadisələrdən biri, çar I Nikolayın bu hadisə ilə bağlı Sankt-Peterburqda təntənəli mərasim keçirməsidir. Çar bu münasibətlə Qış Sarayının kilsəsində ibadət etmiş, İrəvan qalasının açarları və qənimət götürülmüş 4 bayraq təntənəli surətdə xalqın alqışları altında paytaxt küçələrində gəzdirilmişdi. Bu qələbə münasibətilə bir çox zabit heyəti çar tərəfindən medallarla təltif edilmişdi. Baş komandan general-adyutant Paskeviç oktyabrın 29-da 1 mln. rubl pul mükafatına, qraf titulu və 2-ci dərəcəli Müqəddəs Yenilməz Georgi xaçına layiq görülmüşdü.

Elçin Qaliboğlu