“Sən də yatmış duyğularını oyat, hüriyyətə doğru addım at...” Layihə

“Sən də yatmış duyğularını oyat, hüriyyətə doğru addım at...”

Mirzəbala Məmmədzadənin publisistikasında daha çox diqqəti cəlb edən mövzu milli məsələ və istiqlalımızın qorunmasıdır

1933-cü il, 27 aprel. Berlində nəşr olunan "İstiqlal" qəzetində çap edilən məqalədə Azərbaycan istiqlalını məhv edib ona "proletar inqilabı" rəngini verənlər kəskin tənqid edilirdi: "Azərbaycanın istila tarixinə nə rəng verirlərsə-versinlər, həqiqət, həqiqət olaraq qalacaqdır. Azərbaycan istila edilmişdir. Azərbaycan rus istilası altındadır".
Yazının müəllifi Azərbaycan mühacir mətbuatının ən fəal yazarlarından biri Mirzəbala Məmmədzadədir. 1898-ci il avqustun 13-də Bakının yaxınlığındakı Zirə kəndində, balıqçı ailəsində doğulub. Ailələri dolanışıq dalınca Bakıya köçəndən sonra şəhərin Çəmbərəkənd adlanan məhəlləsində yaşayıb. Cəfər Cabbarlı da bu məhəllədə yaşayıb.
1911-ci ildə Yeddinci Rus Tatar məktəbini bitirərək ünlü maarifçi Həbib bəy Mahmudbəyovun açdığı şəxsi məktəbə daxil olub. Dünyagörüşünün formalaşmasında, milli şüurda böyüməsində, ərəb və fars dillərini öyrənməsində bu təhsil müəssisəsinin rolu böyükdür. Mirzəbala yeniyetməliyindən bədii yaradıcılıqla məşğul olub.
1914-cü ildə Bakı Politexnik Texnikumunun İnşaat Memarlıq şöbəsində təhsil alan Mirzəbala həmin il atasını itirib. Ailə başçısının vaxtsız dünyasını dəyişməsi ailəni çətin duruma salsa da oğul ruhdan düşməyib. Məktəbdə oxuya-oxuya xırda ticarətlə məşğul olub. Bununla yanaşı o dövrün qaynar Bakısının müxtəlif fikir cəryanlarının təşkil etdiyi toplantılarda fəal iştirak edib. Cəfər Cabbarlı ilə yeniyetməlik illərindən başlanan tanışlıqları sonradan sıx əqidə və məslək dostluğuna çevrilib.
İctimai-siyasi işlərə böyük maraq göstərən gəncin bir jurnalist və siyasi xadim kimi yetişməsində "Açıq söz" qəzetinin və onun yaradıcısı M.Ə.Rəsulzadənin çox böyük rolu olur. Hətta burada ilk dəfə görüşüb tanış olduğu M.Ə.Rəsulzadə ilə aralarında olan əqidə və məslək dostluğuna ömrünün sonuna kimi sadiq qalır. İlk dəfə "Açıq söz" qəzeti ilə sıx əməkdaşlığa başlayan Mirzəbalanın jurnalistlik və publisistik fəaliyyətində əsas yeri tutan da siyasi mövzuda yazdığı məqalə və əsərləridir. İstiqlal, müstəqillik mövzusunda mütəmadi yazan müəlliflərdən biri kimi püxtələşir. Fikirlərini əsaslandırmaq üçün tutarlı, dolğun faktlardan, mənbələrdən məharətlə istifadə edir. Oxucusunun qəlbində istiqlala, azadlığa qarşı sevgi hissi yaratmağa çalışaraq onu bu yolda mübarizəyə səsləyərək: "Ey gənc türklər! Bu gün Kəbeyi-müqəddəsiniz olan vətəninizi azad ediniz. Əgər milli ədəbiyyat istəyirsiniz, yenə onu qurtarmalısınız. Əgər milli məktəb istəyirsiniz, yenə onu qurtarmalısınız. Əgər elmi-fənn arzulayırsınız yenə onu xilas etməlisiniz. Hər bir fikriniz, hər bir düşüncəniz, hər bir əməl və diləyiniz onun içərisində təmin olunmalıdır. Sizi bir insan olaraq vətən yaşadır. Sizi bir millət olaraq vətən yaşadır. Sizin dininiz, irz və namusunuz yenə vətəniniz içində səlamət qala bilər. Sən də yatmış duyğularını oyat, hüriyyətə doğru addım at, hüriyyət yolunda qan tökməyə, can verməyə hazır olduğunu bildir. Hüriyyəti və vətəni yolunda can verməyən bir millət, muxtariyyəti, istiqlaliyyəti yolunda varından keçməyən bir millət yaşamaq istəmir deməkdir". Bütün varlığı ilə istiqlala, azadlığa can atan müəllif az vaxtda ziyalılar, xüsusən də gənclər arasında böyük nüfuz qazaraq "Açıq söz"ün aparıcı mühərrirlərindən birinə çevrildi.
Mirzəbala Məmməmmədzadə jurnalistikasının və publisistikasının səciyyəvi xüsusiyyəti istiqlala, onun qələbəsinə inam hissi idi. Qələm və əqidə yoldaşı M.Ə.Rəsulzadə kimi, Mirzəbala Məmməmmədzadə də Azərbaycanın Azərbaycanın istiqlala qovuşacağına, imperiyanın çökəcəyinə inanırdı. Bu həqiqəti mətbuat vasitəsilə də təbliğ edirdi.
Bu idi Mirzə Balanın publisistikasının əsas qayəsi.
Mirzəbala Məmmədzadəyə görə XX əsrin əvvəllərində Azərbaycanda üç ictimai-siyasi cərəyan mövcud olub; mürtəce mühafizəkarlar, millətçi liberallar və inqilabçı millətçilər. Birincilər çarizmi himayə və təşviş edirdi. İkincilər isə rus liberalları ilə əməkdaşlıq edirdilər. Üçüncülər isə rus inqilabçı qüvvələri ilə birlikdə hərəkət edərək çarizmi devirməyə çalışırdılar. Müəllifin fikrincə, bu üç siyasi cərəyan ümumi şəkildə Azərbaycanda gedən ictimai-siyasi hərəkatın istiqamətini müəyyənləşdirirdi.
Dövrün bütün ziyalıları kimi Mirzəbala da bu problemlərin aradan qaldırılması üçün milli birliyin vacib olduğunu dönə-dönə vurğulayırdı. Çünki milli birliyin qorunub saxlanması gənc demokratik respublikanı, onun ideyalarını qorumaq və yaşatmaq demək idi. Onu da qeyd edək ki, bütövlükdə millətin mənafeyini, istək və arzularını ifadə edən ideyalar sistemi kimi milli ideologiyanın yaranması obyektiv tarixi hadisə kimi ilk növbədə milli azadlıq hərəkatı ilə bağlıdır. Milli ideologiyanın yaranması uzun müddətli təbii-tarixi prosesin məntiqi nəticəsi və ifadəsidir. Milli ideologiyanın yaranması, formalaşması və milli ideoloji konsepsiyanın hazırlanmasında milli mətbuatın rolu böyükdür və danılmazdır. Çünki "danışdığı lisanda" ilk mətbuata malik cəmiyyət bir milliyyət ikən millət olmağa başlamış deməkdir.
Ümumiyyətlə Mirzəbala Məmmədzadə məqalələrinin əksəriyyətində bir sıra tarixi məqamlara toxunaraq milli kimliyimizi dönə-dönə qeyd edərək "türk" olmasını şərəflə qeyd edirdi. Lakin uzun illər milli kimlik, milli şüurun formalaşmadığı bir millətə millət anlayışının aşlanması gərək idi. Çünki məlum səbəblərdən millət özünün mövcudluğunu bir müsəlman olaraq, bir "müsəlman milləti" olaraq qavrayırdı. Lakin "Millətpərəstliyin və milli diriliyin nə olduğunu yaxşıca bilmək üçün əvvəlcə millətin nə olduğunu öyrənmək və onu öyrənmək üçün nə kimi vasitələrə rica etmək lazım olduğunu anlamaq gərəkdir". Məhz bu məqsədlə müəllif hər iki anlayışın mahiyyətini açmağa, arasındakı fərqləri göstərməyə çalışırdı. Uzun müddət öz kök soyundan və tarixindən, milli şüurundan ayrılaraq "manqurt"laşan, millət kimliyini bir "müsəlman", "tatar" kimi qavrayan millətə öncə "milliyyət, millət" kəlmələrinin mənasını anlatmaq lazım idi. Müəllif məqalələrində bir daha bu məsələyə toxunurdu.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan mətbuatında milli şüurun inkişafı, milli tərəqqi məsəlləri diqqət mərkəzində idi. Azərbaycanın görkəmli jurnalist və publisistləri bu məsələlərin mahiyyətini açmaq üçün incə mətləblərə toxunub, bir çox məqamları aydınlaşdırmağa çalışırlar.
Mirzəbala Məmmədzadə "Açıq söz"lə yanaşı 1914-cü ildən fəaliyyətdə olan "Bəsirət" qəzeti ilə də sıx əməkdaşlıq edərək qəzetin bir neçə saylarına baş redaktorluq da etmişdi. 1917-ci ildə Bakıda tələbələrin yayım orqanı olan "Gənclər sədası" və "İttifaqı mütəllim" qəzetlərinin redaktoru olan Mirzə Bala bir il sonra 1918-ci ilin sonlarında Tiflisdə "İttifaqi-mütəllim" adlı təşkilat yaradaraq "Gənclər yurdu" jurnalının türk və rus dillərində nəşrinə başlayır.
1922-ci ildə isə Bakıda "Azərbaycan türk mətbuatı" adlı iri həcmli tədqiqat əsərini nəşr etdirir. Onu da qeyd edək ki, bu əsər Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatı haqqında ilk sanbalı əsər kimi diqqəti cəlb edir. Müəllif bu əsərində 1905-1917-ci illər arasında Azərbaycanda mətbuat, maarif, ədəbiyyat, teatr, ruhani və qadın məsələlərini işıqlandırır.
Ümumiyyətlə, Mirzəbala Məmmədzadə publisistikasında daha çox diqqəti cəlb edən mövzu milli məsələ və istiqlalımızın qorunmasıdır. Onun "İstiqlalımız və istiqbalımız", "Cəbhə və arxa qüvvələr", "Azərbaycan və İran", "Əhd ediyorum", "Haqq təşkilatları", "Siyasi əhval", "Torpaq islahatı", "Ermənilər və biz", "Bizdə sinif mübarizəsi" və onlarla belə məqalələrini qeyd etmək olar. Müəllif yazılarını əsasən "Mirzə Bala", "Nuhoğlu", "M.B.Daşdəmir", "Əli Qutluq", "Əl Qut" imzaları ilə çap etdirib. Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq edənlərdən olan Mövsüm Əliyevin yazdığına görə, 2 mindən çox müxtəlif mövzulu məqalənin müəllifidir. Bu yazıların əksəriyyəti milli məsələlərə həsr edilən publisistik məqalələrdir.
Mirzəbala Məmmədzadə azərbaycanlıların Avropada nəşr etdikləri mühüm mətbu orqanlarından olan "Qurtuluş" jurnalının ən fəal yazarlarından biri idi. Azərbaycan Milli Qurtuluş Hərəkatının məcmuəsi Berlində, Çarlottenburq-2 ünvanında çap olunurdu. Burda yazılan məqalələr əsasən Məmməd Əmin Rəsulzadə və Mirzəbala Məmmədzadə tərəfindən yazılırdı. Ayda bir dəfə nəşr olunan məcmuə sovet imperiyası əsarətində əzilən Azərbaycanın həyatını əks etdirirdi. Məcmuənin məqsəd, məramını "Yazı Heyəti tərəfindən" adlı yazıda daha aydın görmək olar: "Kimə xitab etdiyimiz bəllidir". Hər şeydən əvvəl Azərbaycanlılara, Azərbaycanlı mühərrirlərə, yəni yabançı istilası altında əzilən əsir bir millətə və bu istila üzündən Vətən ayrısı insanlara xitab edirik.
Bu mühətəplərə siz qurtuluşdan söhbət açın! Bu, onların gecə-gündüz gözlədikləri şeydir. Qızıl Rus istilasından xilas olmaq üçün can atanlara qurtuluşdan bəhs etmək, istiqlaldan bəhs etməkdir. Çünki bir millət yalnız müstəqil olduğu zamandır ki, özünü qurtulmuş sayar. İkinci sırada Türkcə oxuyan qardaş və qonşu mühitlərə xitab edirik. Bu mühətəplərdən bir qismi bizim kimi qurtuluş davası aparır, eyni düşmənə qarşı bizimlə çiyin-çiyinə vuruşur".
Mirzəbala Məmmədzadə 1954-cü ildə "Amerika Komitəsi"nin Münhen şəhərində açdığı "Sovet Birliyini öyrənən institut"da direktor və direktor müavini vəzifəsində çalışır. Burada "Dərgi" məcmuəsində çıxış edir. "Yeni Qafqaziyyə", "Azəri türk", "İstiqlal", "Azərbaycan yurd bilgisi", "Milliyyət", "Kommunizmlə mücadilə", "Sabah" və s. mühacirətdə çıxan onlarla qəzet və jurnallarda külli miqdarda publisistik məqalələr çap edir.
Mirzəbala Məmmədzadə 1959-cu il martın 8-də İstanbulda qəflətən ürək xəstəliyindən vəfat etmiş, Qaraca Əhməd məzarlığında dəfn olunmuşdur.

Ülviyyə Tahirqızı