Ekoloji terror və Sərsəng su anbarı Layihə

Ekoloji terror və Sərsəng su anbarı

Ekologiya elmində mövcud anlayışlardan biri də ekoloji terrordur. Ekoloji terror – konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə, bilərəkdən vurulan ziyandır. Artıq neçə illərdir ki, ölkəmiz mənfur qonşularımızın törətdiyi ekoloji terrordan əziyyət çəkir. Hazırda Ermənistanın Azərbaycana qarşı apardığı terror müharibəsi, aktiv silahlı mübarizə formasından "soyuq terror müharibəsi" fazasına transformasiya olunaraq, müxtəlif üsullarla həyata keçirilir.
Bu dəfə ermənilərin işağlı altında olan Sərsəng su anbarının harayından bəhs edəcəyik.
Sərsəng su anbarı 1965-1976-cı illərdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Ağdərə rayonunun ərazisində, Tərtər çayının üzərində, dəniz səviyyəsindən 726 metr hündürlükdə inşa edilib. Bu su anbarı hündürlüyü 125 metr olan bənddən, həcmi 560 milyon kubmetr, sukeçirmə qabiliyyəti saniyədə 900 kubmetr olan hidrotexniki qurğudan ibarətdir. Anbarda gücü 50 min kilovat olan su elektrik stansiyası da mövcuddur.
Bütövlükdə respublikamızın 150 min hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulan bu su anbarı bir vaxtlar Azərbaycan SSR-in iqtisadi inkişafında, xalqın rifahının yaxşılaşmasında böyük rol oynayıb. Su anbarı respublikanın 7 rayonunun (Ağdam, Ağdərə, Ağcabədi, Bərdə, Tərtər, Yevlax, Goranboy) 100 min hektardan çox əkin sahəsini suvarma suyu ilə təmin edirdi. Məhz bu anbarın istismarından sonra həm dağlıq, həm də aran Qarabağın kənd təsərrüfatı (pambıqçılıq, taxılçılıq, tütünçülük, baramaçılıq, üzümçülük, heyvandarlıq) və sənayenin bir çox sahəsi (çit istehsalı, ipəkçilik, ət və süd məhsulları, şərabçılıq) sürətlə inkişaf edib.
Təəssüf ki, respublikamız üçün böyük həyati əhəmiyyətə malik olan bu əvəzsiz su anbarı 1992-ci ildən erməni işğalçılarının nəzarəti altındadır və suya möhtac min hektarlarla əkin sahələri onun imkanlarından bəhrələnə bilmir.
1976-cı ildə inşa edilən Sərsəng su anbarının Ermənistanın işğalı altında olduğu 26 ildən artıq müddətdə texniki qurğuları və avadanlıqları baxımsızlıqla üzləşib, onlara xidmət göstərilməməsi səbəbindən qəza vəziyyətinə düşüb. Odur ki, su anbarının təbii fəlakət və sair səbəblər üzündən dağılma ehtimalı böyükdür. Baş verə biləcək qəza işğal olunmuş ərazilərlə yanaşı, qonşu rayonlarda da ekoloji fəlakətə səbəb ola bilər. Bu isə insanların həyatına, səhhətinə, əmlakına zərər vurulmasına və başqa hüquqlarının pozulmasına, habelə regionda olan digər canlıların məhvinə gətirib çıxara bilər.
Bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır. Hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza nəticəsində ekoloji böhran və bioloji müxtəlifliyin sıradan çıxması ilə yanaşı, Azərbaycanın işğal edilməmiş ətraf düzənlik rayonlarında məskunlaşmış 400 min mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür.
İşğal olunmuş ərazilərin hazırki ekoloji durumu haqqında heç bir informasiyanın olmaması çox böyük çətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir və ona görə həmin vəziyyət haqqında yalnız ümumi mülahizələr söyləmək mümkündür. Məlumdur ki, ərazinin təbii elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olurlar və onun bir elementində baş verən dəyişiklik zəncirvari şəkildə digərlərinə verilir.
AMEA-nın əməkdaşı Zaur Əliyevin sözlərinə görə, terrorist ermənilər atəşkəsi pozmaqla yanaşı, Sərsəng su anbarından da öz çirkin əməllərini həyata keçirmək ücün istifadə edirlər. Belə ki, yaz və payız aylarında anbardan suyu açıb çox buraxırlar ki, çay boyu yerləşən kəndləri və əkin sahələrini su bassın, əhaliyə ziyan dəysin. Bununla kifayətlənməyən ermənilər hətta, su vasitəsi ilə minaları axıdırlar ki, Azərbaycan ərazisində partlasın və əhaliyə ziyan vursun.
Bu barədə "armyanskaya-pravda.ru" saytında Arsen Ambarsumyan adlı müəllifin məqaləsində bildirilir ki, Ermənistan mənbəyini bu ölkənin ərazisindən götürən çayların qarşısını kəsməklə Azərbaycanda ciddi su qıtlığı yarada bilər. Müəllif hesab edir ki, Azərbaycan və Türkiyənin Ermənistanı blokadaya aldığı bir vaxtda ermənilərin indiyədək bu üsula əl atmaması təəccüblüdür.
Ermənistanda nəşr olunan "Lragir" qəzeti isə yazır ki, qarabağlı jurnalist Armine Narinyan tərəfindən "Facebook" sosial şəbəkəsində Sərsəng su anbarında balıqların kütləvi ölməsi barədə xəbər yayılıb.
Qeyd edək ki, Sərsəng su anbarı problemi AVCİYA-nın prezidenti, millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov tərəfindən beynəlxalq arenaya çıxarılıb. Elxan Süleymanov tərəfindən AŞPA-ya təqdim edilmiş qətnamə təklifi əsasında, 23 noyabr 2015-ci ildə AŞPA Sosial Komitəsində məruzəçi Miliça Markoviçin hazırladığı "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı qətnamə qəbul edilib. Qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsinin dayandırılması tələb edilir.
Xatırladaq ki, AVCİYA "Sərsəng harayı" layihəsinin icrasına 25 may 2013-cü ildə başlayıb. Layihənin əsas məqsədi beynəlxalq ictimaiyyət, nüfuzlu beynəlxalq qurumlar tərəfindən Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozmaqla qeyri-qanuni blokada etməsinin kəskin şəkildə pislənilməsinə, Ermənistanın su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur edilməsinə nail olmaq idi.
E.Süleymanov bildirib ki, 25 ildən artıq bir müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yuman dünya birliyi belə bir növbəti faciə baş verərsə, onu Allahın və təbiətin üzərinə atacaq: "Çox təəssüf ki, dünya birliyi, beynəlxalq təşkilatlar hələ də Ermənistanın təcavüzkarlığına göz görə-görə göz yumurlar. Onlar işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyurlar. Bu 25 ildən artıq müddət ərzində işğala məruz qalan və təcavüzə uğrayan Azərbaycan xalqında, Azərbaycan cəmiyyətinə böyük narazılıq və təəssüf hissi doğurur. Bu gün dünyada beynəlxalq hüququn əsas prinsipi ərazi bütövlüyünün təmin edilməsidir. Biz də Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında ədalətli həllini istəyirik və gözləyirik".
Sərsəng su anbarındakı mövcud probləmlə bağlı Milli Məclisin insan hüquqları komitəsinin üzvü Fazil Mustafa da narahatlığını ifadə edib və bildirib ki, beynəlxalq müstəvidə tərəflərin iştirakı ilə müzakirələr aparılmalıdır: "Həmin ərazilərdə hərbi xidmətdə olduğuma görə onun təhlükəsini daha çox bilirəm. Suyu bir qədər çox buraxanda daşqınların yaranmasına səbəb olur. Belə olan halda bölgənin təsərrüfatına böyük zərbə vurur. Bu, əhalinin yaşayışı üçün təhlükədir. Bu təhlükə başqa təhlükələrə bənzəməz, su axını böyük fələkətlər yaşada bilər. Ona görə də bu məsələ üzərində qaldırılan həyəcan siqnalı hamını düşündürməlidir. Çünki insanlar yeni bir faciə qarşısında qala bilər".
Ermənilərin Xocalıda törətdiyi qətliamdan sonra bu cür addımlar atması hər an gözlənilən olduğunu bildirən millət vəkili qeyd edib ki, fəlakət baş verərsə, təbii ki, bu, ermənilərin özlərinə də zərər vuracaq, çünki həmin ərazilərin bir hissəsində ermənilər yaşayır: "Bütün hallarda istər dinc erməni əhalisi, istərsə də Azərbaycan əhalisi fəlakətlə üzləşəcək. Humanitar fəlakətə gətirib çıxaran məsələyə dünya ictimaiyyəti kəskin reaksiya verməli və həssaslıq göstərməlidir ki, bunun təhlükəsi önlənsin. Buna görə də Ermənistana diplomatik və siyasi təsirlər artırılmalıdır. Bunlar da beynəlxalq müstəvidə tərəflərin iştirakı ilə müzakirə olunmalıdır ki, belə bir qərarın verilməsinə imkan verilməsin. Ermənilər anbarı partladacaqları dediklərini reallaşdıra bilərlər. Bu istiqaəmtdə daha çox millət vəkili Elxan Süleymanov məsələ qaldırır. Biz də onu dəstəkləyirik. Dəfələrlə Avropa Şurası səviyyəsində məsələ qaldırılıb. Hesab edirəm ki, hər kəs dəstək verməli və aktual mövzunun gündəmdə saxlanması üçün çalışmalıdır ki, təhlükənin qarşısını almaq mümkün olsun".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan bu günədək erməni işğalçıları xalqımıza və ərazimizə qarşı terrorun hər növündən istifadə ediblər. Təbiətimizə vurulan zərərləri isə haqlı olaraq ekoloji terror adlandırmaq olar. Bütün bunlar Sərsəng su anbarı ilə bağlı real təhlükənin yalnız görünən tərəfləridir.
Təəssüf ki, 560 milyon kubmetr su tutumu olan bu həyat mənbəyi 6 rayonun 400 mindən çox mülki əhali üçün əsl təhlükə mənbəyidir və bu təhlükə zaman keçdikcə daha da çoxalmaqdadır. Ermənistanın işğalı altında qalan su anbarı 26 ildən artıqdır ki, baxımsızlıq və xidmət göstərilməməsi səbəbindən qəza vəziyyətinə düşmüşdür. Məhz erməni xislətinə xas olan təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza bölgədə yaşayan mülki əhalinin kütləvi məhvinə, humanitar fəlakətə, ekoloji və bioloji böhrana səbəb ola bilər.
İnanırıq ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Sərsəng harayına biganə qalmayacaq, insanlığa qarşı yaranmış təhlükənin qarşısı vaxtında alınacaqdır. Dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində haqq-ədalət zəfər çalacaq, Ermənistanın işğalı altında olan bütün torpaqlarımız azad ediləcək, başqa sərvətlərimiz və dəyərlərimiz kimi, Sərsəng su anbarı da öz qanuni sahibinə qaytarılacaq.

Habil Hüseynov
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir